Hakimiyyət ciddi pul axtarışında

talibli-mehemmedİndi də ümidlərini Avropa Bankına və iri əmlakların satılmasına bağlayıblar

Məhəmməd Talıblı: «Yeni götürülən kreditlər də əvvəlkilər kimi səmərəsiz və nəticəsiz ola bilər»

Maliyyə problemləri ilə üzləşən Azərbaycan hakimiyyəti çıxış yolunu beynəlxalq maliyyə institutlarına müraciətdə gördü. Amma aparılan danışıqlar bir nəticə vermədi. Azərbaycan hökumətinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunadan istədiyi 4 milyardlıq kredit razılığı əldə olunmadı. Amma danışıqlar bu nəticəni verən kimi hakimiyyət belə bir danışıqların olduğunu ümumiyyətlə inkar etdi. Amma cərəyan edən proseslər reallığın tam başqa cür olduğunu deməyə əsas verir.

Iqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniyaya səfər zamanı Avropa Yenidənqurma və Inkişaf Bankının (AYIB) prezidenti Suma Çakrabarti ilə görüşüb. Ş.Mustafayev banka 2017-2020-ci illər üçün makroiqtisadi çərçivənin hazırlanmasında əməkdaşlıq təklif edib. Görüşdə bəyan olunub ki, bu ilin iyun ayında bankın geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Hökumətin vəziyyətdən çıxış yolu üçün digər maliyyə institutları ilə də danışıqlar apardığını Gömrük Komitəsinin rəsmisinin açıqlaması da sübut edir.

Ölkə üzrə geniş özəlləşdirmə proqramının hazırlandığını deyən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov bildirib ki, bu sahəyə investisiyaların cəlb edilməsi barədə tapşırıqlar verilib: “Artıq bu istiqamətdə tədbirlər görülməsinə başlanılmışdır – yeni sahələrin özəlləşməyə açılması ilə bağlı iqtisadi təhlillər aparılır və təkliflər hazırlanır.ÿHəmçinin özəlləşdiriləcək müəssisələrin fəaliyyətinin yenidən qurulması, iş yerlərinin açılması, daxili tələbatın təmin edilməsi və ixrac qabiliyyətli malların istehsalı da əsas prioritetdir. Bununla bağlı xarici təcrübə də nəzərdən keçirilir. Artıq beynəlxalq məsləhətçi şirkətlər və ekspertlərin cəlb edilməsi üçün danışıqlara başlanılmışdır. Eyni zamanda özəlləşdirməyə xarici investorların cəlb edilməsi məqsədi ilə iri maliyyə institutları və fondları, strateji investorlarla danışıqların aparılması istiqamətində işlər aparılır”.

Amma beynəlxalq maliyyə institutlarından maliyyənin cəlbi o qədər də asan deyil. Bunun üçün tələb olunan bir sıra islahatların reallaşması vacibdir. Iqtisadiyyatın şaxələndirilməsi, məhkəmə sisteminin yaradılması bu tələblər sırasındadır. Amma ötən müddət ərzində heç bir addım atmayan hakimiyyəti aparılan danışıqlarda nə gözləyir?

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, hökumət ölkəni düşdüyü maliyyə böhranından çıxarmaq üçün dövriyyəyə yeni vəsaitlər daxil etməlidir ki, vəziyyəti dəyişsin. Beynəlxalq maliyyə institutları ilə kreditlərin alınması üçün danışıqların aparıldığını deyən M.Talıblı vurğuladı ki, bütün bunlar isə onu deməyə əsas verir ki, əgər kreditlər ayrılacaqsa, onların istifadəsi tam şəffaf, səmərəli formada həyata keçirilməlidir. M.Talıblı onu da qeyd etdi ki, Azərbaycan hökumətinin indiyə qədər götürdüyü borclardan necə istifadə etdiyi ilə tanışıq. Bütün bunlar onu deməyə əsas verir ki, yeni götürülən kreditlər də əvvəlkilər kimi səmərəsiz və nəticəsiz ola bilər: “Yeni götürülən kreditlərdən səmərəli istifadə olunmaması ölkənin xarici borcunun artmasına və böhrandan çıxış yolunun tapılmamasına səbəb ola bilər. Bütün bunlar onu deməyə əsas verir ki, narahat doğuran məqam xarici borcların durmadan artmasıdır. Ölkəyə gələn neft pulları yanlış istifadə üzündən ölkəni böhranlı duruma salmasından sonra, xarici borcalmanın bu böhrandan çıxış yolu olacağına inanmıram”.

Xəyal