Vazadakı almanı götürmək

saadet-cahangir-koseSəadət Cahangir

Ölkə insanı ehtiyacdan qan ağlayır. Bahalıq və işsizlik əhalini bataqlığın dərin yerinə salıb. Daha ölkədə yoxsulluq həddi gündəlik çörək almağa imkanı çatmayanların sayı ilə ölçülə bilər. Yaxın günlərdə bir qrup işsiz gəncin məktublarını oxudum. İnsanda ürək olsa da, dayansa… Gənclərdən biri həmin axşam evlərində yeyəcək heç nə olmadığından, ac yatdığını yazmışdı. O biri əsgərlik vaxtı çatdığından, xəstə anasını kirayədə kimsəsiz qoyub getməyin üzüntüsündə boğulduğunu… Başqa biri borcdan və yoxsulluqdan intihar etmək istədiyini… Bu, 23 illik hökumətin ölkə insanına bəxş etdiyi yaşayış “stimulu”dur. Bu, 100 milyardları həzm-rabedən keçirib insanını acqarına yatırdan 23 illik hakimiyyətin talan siyasətinin acı sonucudur. Bu, yediyini acgözlüklə yeyib, yemədiyini havaya sovuran kiçik azlığın çoxluğu qul yerinə qoymaq harınlığıdır. Bu harınlığın və doyumsuzluğun həddi-hüdudu bilinməz oldu artıq. Amma bir acı gerçək də var axı. Axı insanlarımız özləri bu yerə qədər sındırıb əzdirib özünü. Biz zamanında “ey insanlar, haqqınızı istəyin” deyə-deyə baş-gözümüzə buna görə döyürdük axı. Nədir insanları bu köləlik zəncirinə vurub arxasınca sürüyən sehrli güc, bilən varmı? Nədən əlinizi çəkib o zəncirdən azad olmaq istəmirsiniz ki? Axı siz istəmədikcə o azadlıq hardan gələcək, necə gələcək, kim hədiyyə edəcək onu sizə, düşündünüzmü heç?..

Bir gün məşhur Çin filosofu Konfutsi sinifə əlində dar uzun bir vaza ilə gəldi. Bütün şagirdlərin görə biləcəyi şəkildə vazanı havada tutdu. O biri əlində də bir alma vardı. Almanı vazanın içində qoyub, sonra onu yerə buraxdı və dedi: “ Almanı vazadan çıxarmağı bacaran şagird onu götürə bilər.” Şagirdlərdən biri çıxıb əlini vazanın dar ağzından içəri saldı. Almanı tutdu, çıxarmağa çalışdıqca alma əlindən sürüşdü. Bir də əlini vazaya sıxışdırdı, qışqırmağa başladı: “Əlimi çıxara bilmirəm!”  Konfutsi: “Almanı möhkəm-möhkəm tutmaqdan əl çəkməsən, əlini çıxara bilməzsən.” Şagird bir az da çalışdı, almanı əlindən buraxmaq istəmirdi. Amma sonda məcburən buraxaraq, əlini vazadan çıxardı. O, Konfutsidən soruşdu: “Almanı vazadan çıxarmağın bir yolu varmı?” Konfutsi “necə çıxaracağını göstərimmi” dedi və vazanı tərsinə çevirdi. Alma öz-özünə vazanın içindən diyirlənib çıxdı. Şagirdlər həll yolunun bu qədər sadə olduğunu görüncə gülməyə başladılar. Konfutsi almanı göstərərək dedi: “Göründüyü kimi sadə deyil, bəzən əlindəkini buraxa bilmək daha çətindir. Əgər bir şeyi zorla tutduğunuzda, onun istəyinizə əngəl yaratdığını görürsünüzsə, o zaman onu azad buraxmalısınız.

Bizim ölkə insanının həyatı da bir az bu hekayədəki kimi deyilmi? 23 ildir tutduğunu buraxmayan insanlarımızın düşüncəsi də Konfutsinin şagirdinin düşüncəsinə bənzəmirmi? Əgər əlinizi dar ağızlıqdan içəri salıb almanı götürə bilmirsinizsə, onu çıxarmağın başqa bir yolu ola biləcəyini düşündünüzmü heç? Çatmaq istədiyiniz hədəflərə doğru yolda bir düyünə ilişib qalmısınızsa, formanı, üsulu, taktikanı dəyişmək doğru olmazmı? Yaşadığınız ölkədəki durum da eyni ilə buna bənzəməzmi? 23 illik bir hökumət sizin həyatınızda müsbətə doğru heç bir şey dəyişə bilməyibsə, onun özünü dəyişmək zamanı gəlməyibmi? “Bunlar yeyib doyublar” deyirdiniz, “əmin-amanlıqdır” deyirdiniz, “yavaş-yavaş düzələcək” deyirdiniz. Amma onlar doymadı, heç bir əmin-amanlıq olmadı, heç nə düzəlmədi. İndi bir az da əziyyət çəkib öz həyatınızı dəyişmək haqqında düşünün. Düşünün ki, dəyişimə də bir ümid qığılcımı yansın içinizdə…