Döyülərək öldürülən jurnalistin izahatı iş materiallarında niyə yoxdur?
Döyülərək öldürülən jurnalist Rasim Əliyevin ölümündən əvvəl Kliniki Tibbi Mərkəzdə Səbail rayonu 8-ci polis bölməsinin əməkdaşlarına verdiyi izahat iş materialları arasında yoxdur. Məhkəmə həmin izahatı almaq üçün 8-ci bölməyə sorğu göndərəcək. Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar Ismayılovun sədrlik etdiyi hakimlər kollegiyası mərhum curnalistin ailəsinin nümayəndəsi Fariz Namazlının vəsatəti əsasında bu barədə qərar qəbul edib.
Fariz Namazlı digər vəsatətində Rasim Əliyevin ölümündən əvvəl xəstəxanada verdiyi video-müsahibənin iş materiallarına əlavə olunub tədqiq edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib. Vəkilin təqdim etdiyi diskə növbəti iclasda baxış keçirilməsinə qərar verilib.
Məhkəmə iclasında həmçinin iş üzrə rəy vermiş ekspertlərdən ikisi – Alim Hüseynov və Ziyafəddin Məmmədov şahid qismində dindirilib.
Alim Hüseynov meyiti müayinə edərək rəy verib, Ziyafəddin Məmmədov isə istintaqın ona təqdim etdiyi iş materialları, tibbi sənədlər əsasında gəldiyi nəticəni açıqlayıb.
“Müvafiq müayinə və müalicələr, cərrahiyyə əməliyyatı səhiyyə sistemində mövcud olan təlimata uyğun aparılıb”, – deyə Məmmədov rəydə yazıb.
Vəkillərdən Rəsul Yusifbəyli məhz bu rəy əsasında Rasim Əliyevin ölümündə günahı olan həkimlərin məsuliyyətdən kənarda qaldığını vurğulayıb: “Sizin rəyiniz əsasında onlar məsuliyyətdən kənarda qalıb”.
Mərhum jurnalistin anası Teyfurə Əliyeva isə bu ekspertlərin əvəzinə həkimlərin dindirilməli olduğunu bildirib:
“Bu adam Rasimi öləndən sonra görüb. Bunun yerində burada həkimlər olmalıydı. Mənim onlara suallarım var. Vaxtında baxmadılar”.
Vəkil Şəmsəddin Quliyev ekspertin əsaslanaraq rəy verdiyi tibbi sənədlərin çoxunun işin içində olmadığını bildirib.
Digər vəkil Fəxrəddin Səfərov isə həm Rasim Əliyevdən xəstəxanada izahat almış təhqiqatçının, həm də işi aparmış müstəntiqin dindirilməsi barədə vəsatət qaldırıb: “Gəlsin görək ki, hansı zərurətdən gecə saat 2-də dindirib bu adamları? Beş nəfəri bir saatın içində necə dindirib? Hər dindirmə də beş vərəqdir”.
Vəsatət təmin olunmayıb.
Məhkəmə fevralın 23-də davam edəcək.
Xatırladaq ki, Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyüldükdən sonra avqustun 9-da səhərə yaxın 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bununla əlaqədar altı nəfər həbs olunub ki, onların arasında “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov da var. Amma iş üzrə ibtidai istintaqın sonunda futbolçunun barəsində iş digər beş nəfərdən ayrılıb. Hazırda işinə baxılan beş nəfər CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Cavid Hüseynova isə cinayəti bilib xəbər verməməyə görə ittiham elan olunub.
Aytən