DTX-də yeni təyinatlar

dtxMədət Quliyev və Bəylər Əyyubova yaxın şəxslər qurumda rəhbər vəzifələrə gətirildi

Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasının rəisi işdən çıxarılıb. Lent.az-ın məlumatına görə, təcridxananın rəisi, mayor Zaur Məmmədov ötən həftə tutduğu vəzifədən azad edilib. Onun yerinə dünən təyinat olub.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasına yeni rəisi Fəqan Yaqubovdur. Fəqan Yaqubov buna qədər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləyib.

Görünür, DTX-nin rəisi Mədət Quliyev quruma özünə yaxın şəxslərin gətirilməsində maraqlıdır. Məlumat üçün deyək ki, Mədət Quliyev DTX-nin rəisi təyin olunmamışdan əvvəl Penitensiar Xidmətin rəisi vəzifəsində işləyib.

Dünən Mədət Quliyev daha bir təyinatla əmr imzalayıb. Aznews.az-ın məlumatına görə, Ilqar Musayev DTX-nin Əməliyyat-Texniki Idarəsinə rəis təyin edilib.

Ilqar Musayev bu təyinata qədər Xüsusi Dövlət Mühafizə Xidmətində şöbə rəisi müavini vəzivəsində çalışıb. Onun prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun kadrı olduğu bildilir.

Məlumat üçün bildirək ki, ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Əməliyyat-Texniki Idarəsinin rəisi general-mayor Natəvan Mürvətova olub.

Qeyd edək ki, ötən ilin sonlarında Milli Təhlükəsizlik Nazirliyinin bir sıra yüksək rütbəli şəxsləri həbs edilmiş, daha sonra isə nazirlik ləğv edilərək əvəzində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmışdı.

Mədət Quliyev DTX-nin, Orxan Sultanov isə XKX-nin rəisi təyin edilib.