Azərbaycan – oğurlanmış ölkə

xaliq-bahadirXaliq Bahadır

Gürcüstanda aylıqlar da, pensyalar da formal olaraq Azərbaycandakından aşağıdır, ancaq faktiki olaraq onlarda aylıqlar da, pensiyalar da bizdəkindən qat-qat yüksəkdir. Nəyə görə? Ölkədəki qanunçuluğa, qanunçuluqdan yaranan ucuzluğa görə! Bu yöndə çoxlu fakt göstərmək olar, mən çox saya bir fakt göstərəcəm:

başlanğıcı 10, 12 fevral saylarımızda

Azərbaycanda kimlik kartı (hökumət dilində, “şəxsiyət vəsiqəsi”) almaq üçün 25 manat verməlisən. Gürcüstanda, inanmazsız, kimlik kartı pulsuz verilir. Üstəlik, Gürcüstanda dövlət rüsumları Azərbaycandakından qat-qat aşağıdır. Azərbaycanda DÖVLƏT SIYASƏTI bütün parametrlər üzrə xalqı soyub-yağmalamağa, hər baxımdan yoxsullaşdırmağa yönəlikdir. Bu total soyğunçuluq siyasətinin başlıca nədənini “Nyu-York Tayms” qəzeti göstərir: “Ölkənin (Azərbaycanın – X.B.) yarımfeodal yönətim sisteminin başında cinayətkarlar, oğrular, vulqar nuvorişlər sinfi dayanır”. Son 23 ilin Azərbaycan gerçəyini yansıtma baxımından bundan daha dolğununu, daha tutarlısını demək çətindir.

Qonşu dövlətdə yalandan adlandırıldığı kimi, Gürcüstanda kimsə Gürcüstanı regionun lider dövləti adlandırmır, ancaq demokratiya alanında olduğu təki bir sıra başqa alanlarda da Gürcüstan gerçəkdən regionun – bütün Qafqazın lider dövlətinə çevrilib, Hər bir çağdaş dövlət üçün çox önəmli faktorlardan biri olan sənaye Gürcüstanda fundamental olaraq gəlişməkdə, böyük inamla qalxınmaqdadır. Bu gün Gürcüstan dünya bazarına uğurla helikopterlər, getdikcə çoxlu alıcı qazanan ağır-yüngül ordu texnikası çıxarır. Milyardlarla dəyərində doğal resursların mənimsəndiyi, göyə sovrulduğu Azərbaycan bu gün Gürcüstanın başlıca sursat, qumbaraatan alıcılarındandır. Ikinci Dünya Savaşı illərində SSRI-nin başlıca yaraq-sursat zavodlarından birinə çevrilmiş Səttərxan zavodunu söküb-dağıdıb yerində Heydər Əliyev mərkəzi tikən hökumət belə olmalı, öz ölkəsində işsizlik yaradıb, başqa ölkələrdə iş yerlərinin genişləndirilməsini stimullaşdırmaqla yanaşı, dövlət büdcəsinə toplanan az-çox pulu da, hər şeyi qıraqdan almaqla, başqalarının qazancına çevirməlidir. 23 illik ANTIMILLI, ANTIDEMOKRATIK rejim Azərbaycanı bu günə qoydu!

Bizdə əski çağlardan Gürcüstana Açıqbaş deyiblər, niyəsini bilmirəm, ancaq burasını bilirəm: demokratyanın yaratdığı Özgürlük, Qanunçuluq baxımından bu gün Gürcüstan gerçəkdən AÇIQBAŞ ölkədir, diktatura bataqlığına batırılmış Azərbaycansa yalnız başıbağlı deyil, eləcə də əli-qolu zəncirlənməklə oğurlanıb ələ keçirilmiş ölkədir.

Açıqbaşın özgə özəllikləri

Tiflisdəki dostların köməyilə Tiflislə, Tiflisin gündəlik yaşamıyla, demək olar, yaxından tanış ola bildim. Gördüklərimdən məni ən çox duyğulandıran bu oldu: bağlarda, parklarda ən xırda əyləncə araçlarından tutmuş, bizdəki uşaqlar üçün az qala əlçatmaz olan bahalı attraksionlaradək nə varsa, hamısı pulsuzdur!

Daha çox gürcülərin necə yaşadıqlarını öyrənmək üçün çoxlu kafeyə, restorana getdim. Günün ayrı-ayrı çağlarında – daha çox günortalar, axşamlar – getdiyim kafelər, restoranlar gürcülərlə dolu olurdu. Istər Tiflisin ucqarında, istərsə də ortasında. Gənc – yaşlı, qız – oğlan, qadın – kişi, gürcülər, Avropada olduğu kimi, günortalar, axşamlar yeyib-içib əylənmək üçün kafelərə, restoranlara üz tuturlar. Bunun başlıca nədəni budur: kafelərdə, restoranlarda yüksək təmizliklə yanaşı çox ucuzluqdur.

Tiflisdəki bir sıra kafelər, restoranlar axşamlar daha könülaçan olur: üzlərindən-gözlərindən yaşam yüngüllüyü yağan gürcülər gərəyincə yeyib-içəndən sonra hamılıqla, bütün restoran boyu birgə (XORla) oxumağa başlayırlar. Jurnalist dostumuz Rey Kərimoğlu məni Tiflisin ucqarında, dediyinə görə, çoxdan tanıdığı bir restorana aparmışdı. Içəri girdiyimizdə restoranda bircə boş stol vardı, onu da biz tutduq. Bizə yaxın stolun arxasında oğlanlı-qızlı səkkiz gürcü gənci oturmuşdu. Onlar özləriylə gətirdikləri 20 litrlik qırmızı çaxırdan içə-içə gülüb-əylənirdilər. Özü də bizdəki kimi, çığır-bağır salıb başqalarının kefini pozmadan. Rey bəyin dediyinə görə, bir azdan xorla oxuma başlayacaqdı – keçmişin dərinliklərindən qopub gələn, yüz illərin, bəlkə də, min illərin gürcü duyğusunu, gürcü düşüncəsini, gürcü diləyini özündə yaşadan GÜRCÜ XORU!

Burasını ayrıca vurğulamaq gərəkir: ötən yüzilin 70-ci illərində bir ara Tiflisdə olmuşam. O çağlar gürcülər istər kafelərdəki, restoranlardakı, istərsə də küçə-bayırdakı kobud davranış baxımdan bizdən qat-qat ötə getmişdilər. Bircə Saakaşvilinin gətirdiyi demokratik gəlişmə gürcülərdə estetik davranış normaları formalaşdırmağa başlayıb. Adam indi özünü Tiflisdə Avropadakı kimi sezməyə başlayır. Rus jurnalist Saakaşvilidən Gürcüstanı indiki yola necə çıxardığını soruşanda dostumuz Mişa ayıtmışdı: “Özüm rüşvət almadım”. Bu, başçı-lider örnəyi deməkdir: başçı-lider demokratiya-qanunçuluq örnəyinə çevriləndə bütöv bir ölkəni yeni, çağdaş gəlişmə yoluna yönəldə bilir. Ancaq başçı-lider özü rüşvət-korrupsiya kimi neqativ görsənilərin başında duranda onun yalnız bu deyil, bütün neqativlərlə apardığı “mübarizə” illərlə çəkir, elə illərlə də yalançı xarakter daşıyır…

Gürcüstan bu gün Azərbaycan oliqarxiyası üçün başlıca biznes-tikinti ölkələrindən birinə çevrilib. Onlar uşaqları ilə birlikdə dünyanın bahalı ölkələrində gəzib-dolanmağa, kef çəkməyə üstünlük versələr də, asan biznes ölkəsi olaraq Gürcüstana üstünlük verirlər. Azərbaycanın orta məmur qatına, bu qatı oluşduranların uşaqlarına gəlincə, onların başlıca kef çəkmə, əyləncə yeri Gürcüstandır: onlar Azərbaycan xalqından, dövlət büdcəsindən əldə etdikləri oğurluq pullarla Gürcüstanda gen-bol kef çəkə, əylənə bilirlər. Tiflisdən Batumadək Gürcüstandakı bütün restoranlar, kazinolar, striptiz klublar il boyu onlara geniş qucaq açır, böyük istəklə “gəl-gəl” deyir. Gürcüstan üçün onlar “qudurğan məmurlar”, “qudurğan məmur uşaqları” deyil, dövlət büdcəsinə sanballı “pay” verən çoxlu pul qaynaqlarıdır.

Yeniyetməlik çağlarımda oxuduğum bir kitabdan yadımda qalan Şeytanbazar. Bir çağlar daha çox azərbaycanlıların yaşadığı bu yörələr indi Meydan adlanır. Deyilənə görə, indi burada çox az azərbaycanlı qalıb. Meydan da qabaqkı meydan deyil; yeni-yeni ortaya çıxan tikililər onu getdikcə daraldıb balaca bir meydançaya çevirib, ancaq buralar elə yenə də Meydan adlanır. Yaxınlıqda bizə doğma görünəcək bir hotel də var – “Meydan” hoteli.

Axşam üstü Meydanın baş ucundakı kafenin qarşısında dayanıb dostları gözləyirdim. Məndən bir az aralıda, sol yanda, Azərbaycandan gəldikləri görünən gənclər yığışırdı. Məmur uşaqları olduqları harın baxışlarından, saymazyana davranışlarından bilinirdi. Onların bu çağ bura nə üçün yığışdıqlarını az aralıda, iki küçənin kəsişməsindəki binanın qapısı üzərində parıldayan yazıdan bilmək olardı: “Striptiz klub”.

Ayrıca Azərbaycan görəcəkləri

Noyabrda Tiflis qatarına bileti 33 manata almışdım, qayıdanbaş (Tiflisdən) 4 manat ucuzuna aldım. Gedəndə də, qayıdanda da vaqonları boş gördüm. Niyəsini bələdçilərdən soruşanda “Bilet baha olduğuna görə”, dedilər. Tiflisə gedib-gələn bütün qatarlar Azərbaycanındır. Bu üzdən də qiymət siyasətinə Bakı baxır. Qiymət baha, vaqonlar boş, qatarlarsa gedib-gəlməkdə. Bu bilməcəyə aydınlıq gətirmək üçün vağzal rəisiylə görüşüb danışmaq istədim. Bizdə indilər geniş yayılmış görsəniş: rəis yerində yox idi. Bu üzdən onun yardımçısı ilə danışmalı oldum. Otaqda ondan başqa qadınlı-kişili beş-altı vağzal işçisi vardı. Mənim dönə-dönə “siz” dediyim bu adam mənə dönə-dönə “sən” deyir, konkret suala konkret cavab verməyi bacarmırdı. Rəis yardımçısı bizdə biletin baha olması faktına belə aydınlıq gətirdi: “Bayram qabağı biletləri baha satırıq”. Ona bileti bayram qabağı almadığımı bildirincə, sözünü dəyişib belə dedi: “Biletə qiyməti biz qoymuruq, Tarif şurası qoyur”. Mənim: “Tarif şurası sizin verdiyiniz bilgilərə, eləcə də sosial duruma uyğun qiymət siyasəti yürütməlidir”, deməyim yardımçını çaşbaş qoydu. Onun köməyinə gənc dəmiryolçu çatdı: “Bilirsiz, qiymət işinə biz baxmırıq, prezident baxır”. Mən: “Prezident baxırsa, daha pis, dedim, demək, prezident özü xalqı düşünmür”. Nə oldusa, oğlan bükülərək otaqdan çıxdı. Yaşlı qadınlardan biri onun ardınca getdi. Bir azdan otağa qabarmış aslan sayağı qayıdan gənc dəmiryolçu səsini qaldıraraq bildirdi: “Bilirsiz nə var: mən prezidentimi sevirəm, prezidentim ayda mənə 200 manat maaş verir”. Görünür, ona “siyasi yanlışa” yol verdiyi anlatılmışdı.

Sözü gedən bilet söhbətindən də rejimin antixalq xarakteri ortaya çıxır: xalqın sosial durumunu sosiumla işləyən qurumun (burada Dəmiryolu idarəsi) dəyərləndirməsini saya salan yoxdur; yuxarıdan göstəriş verilir, Tarif şurası göstərişə uyğun qiymət siyasəti yürüdür.

Dekabrın 21-dəki devalvasiyadan sonra dəmiryolunda qiymətlər daha da bahalaşdırıldığından avtobusla gedib-gəlmək gərəyi yarandı. Dekabrın sonlarında mən gömrükdən keçib gələndə bizim gömrük Gürcüstan gömrüyü kimi qanunçuluq axarında işləyirdi. Onda devalvasiya yenicə baş vermiş, xalq yenicə zərbə almışdı; buna görə də I.Əliyevin “Gömrükdə soyğunçuluğa son qoyulsun!” göstərişi yetərincə yerinə yetirilirdi. Bir ay sonra, yanvarın sonunda, mən gömrükdən keçəndə yenə əski görsənişlər idi: kəskin devalvasiyanın acıqlandırıb qızışdırdığı xalqı beş-on günlük qanunçuluqla aldadıb soyutmuş, beləliklə, arxayınlaşmışdılar…

Burada bir acınacaqlı görsənişi ayrıca vurğulamaq gərəkir: hər yol Tiflisdən qayıdıb bizim gömrüyü keçəndə elə bil çağ dəyişir, birdən-birə qayıdıb ötən yüzilin 70-80-ci illərinə düşürsən. Düşürsən, özü də, demək olar, bütünlüklə. O çağlar olduğu kimi, yenə də yoxsulluq içində olan yazıq azərbaycanlılar Gürcüstandan dolanırlar: ət, yağ, soğan, kartof, daha nələr, nələr… Ağır yük altında beli bükülmüş, çağından çox-çox tez qocalmış azərbaycanlı kişilər, qadınlar, onlarla birgə ağır yük altında sürünən azərbaycanlı gənclər, qızlar. Mən gürcü gömrükçülərinin onlara, – o belədən-belə sürünən yoxsul-yiyəsiz, konslagerdən çıxanlara bənzəyən azərbaycanlı axınına,- uzaqdan-uzağa necə göz qoyduqlarına baxırdım. Görəsən, onlar dünyanın ən varlı “dövlət adamlarının” – bir ovuc oğrunun!-  ağalığı altında yiyəsiz yığına, yetim-yesirə çevrilmiş bu kütləyə acıyırdılarmı? Bilmirəm, bilmək də istəmirəm. Bildiyim bu idi: yazıqdan-yazıq günə salınmış bu adamları Gürcüstan gömrüyündəki qanunçu davranış yerinə… Azərbaycan gömrüyündə soyğunçu davranış gözləyirdi!

Bakıya qayıdandan sonra günün ayrı-ayrı çağlarında Yasamaldakı kafelərə, restoranlara baş çəkdim. Hamısında boşluq idi. Axşam üstü pivə içmək adıyla bir kafedə oturdum. O boyda kafedə məndən başqa vur-tut üç adam vardı. Kafeni işlədən adamdan niyə belə olduğunu soruşdum. Özünü yerə vurmamaq üçün: “Bu gün belədir”, dedi. Ona yaxında yaşadığımı, buralardan çox keçib getdiyimi deyincə, qardaşın dərdi açıldı: “Adamlarda pul yoxdu, bizdəsə bahalıqdı, boşluq buna görədir”. Ona: “Ucuzluq yaradın, adamlar gəlsin”, deyirəm. “Ucuzluq yaradarıq, deyir, bizi soymasalar”. Bilə-bilə soruşuram: “Sizi kim soyur?” Bir-bir barmağını qatlayır: “Polis, fövqəladə, sanepdemstansiya, vergi, birisi də yeni çıxıb”. “O nədir?” – soruşuram. “Ağsaqqallar şurası”, deyir. “Bunu bilmirdim”, deyirəm. “Hə, deyir, bu da yeni hoqqa, yeni soyğunçuluqdu”. Yuxarıda demişdim, bir daha demək gərəkir: bizdə soyğunçuluq dövlət siyasətidir. Tiflisdə günlərlə gəzirsən, bir polislə qarşılaşmırsan, bizdə addımbaşı polislə qarşılaşırsan – ölkə bütün polisdir. Ölkədə sosial, siyasi, ekonomik durum dərinləşib kəskinləşdikcə… polisin sayı artırılır. Bir yandan elə hey polisin sayı artırılır, o biri yandan ardıcıl olaraq polisə verilən aylıq (maaş) artırılır. Polisin sayı, aylığı artdıqca xalqın soyulması da artır. Beləcə, bir yandan dövlət büdcəsi boşaldılır, o biri yandan kriminallaşma genişlənir. Azərbaycan bu gün bütünlüklə hərbi-polis rejimi altındadır.

Hərbi-polis rejiminin gücünə yoxsulluq, yolsuzluq axarında əzib diz çökdürdükləri xalqdan arxayın olduqları üçün Rövnəq Abdullayev azacıq da olsa çəkinmədən bütün dünyada ucuzlaşan yanacağın Azərbaycanda ucuzlaşmayacağını bildirir. Özlərinə gəlir gətirən hər şeyin qiymətini qat-qat, ayrıca olaraq dərmanın qiymətini 300 (üç yüz!) faiz qaldırırkən yanacağı yoxsul günə qoyduqları xalqa Amerikadakından, Avropadakından baha qiymətə satırlar.

Yolunu tapsaydılar, indiki rejimdə ən ucuz yanacaq Azərbaycan xalqının qanı olardı. Deyəsən, yolu çoxdan tapılıb…