I Pyotr da “əbədi… əbədi…” deyərək yaşayırdı

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Əbədi hakimiyyət axtaranlar və yaxud ona ümid edənlər mənə həmişəəbədi mühərrik” axtaranları xatırladıb. Azacıq elm və texnika tarixinə, ya da sivilizasiyalar xronikasına bələd olanlar xəbərsiz deyil. “Əbədi mühərrik” (Perpetuum Mobile) qurmaq kimi çarəsiz bir arzuya can atmaq tarix boyu xeyli sayda adamı bədbəxt etmişdir. Primitiv dildə ifadə etsək, öz-özünə işləyib səni yemləyəcək bir qurğu – “mənbə” axtarışı çoxlarını ümidsiz qoyub.

Hansı dönəmdəsə bu axtarışlar o qədər yayğın idi ki, təkcə elm həvəskarları deyil, adi kasıb fəhlələrdən tutmuş böyük imperatorlara qədər ən müxtəlif statusda olanlar “əbədi mühərrik” əldə etməyə can atırdı. “Əbədi mühərrik” əbədi güc, əbədi sərvət, əbədi hakimiyyət kimi görünürdü.

I Pyotrun əbədi hakimiyyət iddiası öz zamanı üçün əcaib deyildi, amma görünür, bu da kənardan baxanlara üçün belə imiş. O da əbədi hakimiyyətini möhkəm özüllər üzərində qurmaq üçün hər cür fövqəlimkana ümid bağlayır vəəbədi mühərrik” arzusu ilə yaşayırdı. Onun vəsiyyətləri kimi yayılan sənədi çoxları oxuyub, hər kəsə bəllidir ki, çarın çox fərqli və iddialı arzuları, həm də bəd arzuları olub. Onun “Əbədi mühərrik” əldə etmək arzusu da bir mülahizə deyil, tarixi sənədlərlə sübut olunmuş faktdır.

18-ci əsrin əvvəllərində alman mühəndisi kimi təqdim edilən Orfireus adlı bir nəfərin düzəltdiyi “əbədi mühərrik” böyük şöhrət qazanmışdı. Pyotra qədər başqa hökmdarlar da ona maraq göstərmişdi. Bazarlarda, şəhər meydanlarında öz qurğusunu nümayiş etdirib ad-san qazanan Orfireusla Polşa kralı, sonra Hessen-Kassel landqrafı maraqlanmağa başladı. Mühəndis öz icadına landqrafı inandıra bildi. Qurğunu onun içində çox ustalıqla gizlədilmiş insan tərəfindən hərəkətə gətirildiyi faş olana kimi ixtiraçı şöhrət zirvəsindən düşmədi.

Elə bu dövrdə I Pyotr müxtəlif alimlər və diplomatlarla danışıqlar aparıb bu hiyləgər mühəndisdən “əbədi mühərrik” almaq istəyirdi. Ortada böyük məbləğin ödənişi söhbəti də vardı, hətta rus çarı Almaniyaya səfər edib bu qurğunu öz gözləri ilə görmək istəyirdi. Bir çox bilim adamları çara deyirdi ki, alman və fransız alimləri belə bir qurğunun elmə zidd olduğunu deyir və ona inanmamağı məsləhət görür. Pyotr isə fikrindən daşınmırdı. Amma çar adamlarını nə qədər tələsdirsə də, məqsədinə çata bilmədi – onun ölümü bu arzusunu gözündə qoydu.

Sonradan Orfireusun sirini bilən öz yaxınları qurğunun hiyləsini açıb göstərdilər. Çarəsiz arzuya düşənlərini növbəti nəsli uğursuzluq yaşadı.

Əbədi hakimiyyət qurmaq da bu cür çarəsiz arzulara düşməkdir. Belələri həm özlərini, həm də çox sayda başqalarını bədbəxt edirlər. Biz artıq bir xalq olaraq bunun ağrılarını yaşayır, əbədi hakimiyyət istəyən qüvvənin zillətini çəkirik. Ən pisi odur ki, bütöv bir xalqın ciddi bir hissəsi inandı ki, bunların “əbədi mühərriki” də var. Bu dəfə əbədi mühərrik rolunda nefti görürdülər. Düşünürdülər ki, hakim rejim belə bir sərvətlə təkcə daxili yanma mühərriklərini deyil, tarixi də daim hərəkət etdirməyi bacaracaq.

Təkcə sadə adamlar yox, üzdə olan əksər elm və sənət adamlarının da bu cür düşünməsi, neftə biət etməsi, haqsızlığın tərəfinə keçməsi əsl tarixi biabırçılıq idi. Müstəqillik uğrunda hərəkatda yer almış nə qədər adam da öz keçmişinə xəyanət edib, xain və satqın yolu tutub, “əbədi mühərrik”ə tərəf keçdilər.

Amma artıq tarix onların bel bağladığı “əbədi mühərrik”i söndürüb. Sifətlərdə başqa cizgilər görünür! Sifətlərdə çarəsizlik və çaşqınlıq izləri var!