Ünsürlər

kerimKərim Şükürov

Yadıma nədənsə, prezidentin işlətdiyi “ünsürlər” sözü düşdü. Bu sözün prezidentin aid etdiyi  insanların və ya siyasilərin  ona layiq olub-olmadığını müəyyən etməzdən öncə həmin sözün mənasını və mənşəyini anlatmaq istəyirəm.

Ərz edim ki, arxaik və saxta yaradılmış bir sözdür. Mənası cəmiyyət üçün yad, yararsız olan deməkdir. Bu söz zatən sovetlər birliyi dönəmində  yaradılmış sözdür. Sözün alternativi də vardı – antipod. Sovet iqtisadiyyatının, idarə-üsulunun yetişdirdiyi, rüşvətə, oğurluğa, xalq malına göz dikənlər və sovet idarə maşınının qayda-qanunlarına dözməyənlər indiki kimi həbs edilir, adını da “ünsür”, “antipod” qoyurdular.

Yadımdadır, Heydər Əliyevin sovet dönəmində   katib olduğu vaxt prokuror Qambay Məmmədov ölkə başçısının əleyhinə getdiyi üçün  Ali Sovetin iclasında 100 nəfər deputatdan 60-ı  ona qarşı çıxış etmişdilər. Qambay Məmmədovu ünsür, antixalq adlandırmışdılır. Birinin cəsarəti çatıb onu müdafiə etməmişdi.

Indi kimlər ünsür adlanır? Xalqın içindən çıxan, onun mənafeyini müdafiə edən, istismar edilməsinə qarşı mübarizə aparan, bu yolda canını, ömrünü fəda edən insanlar belə adlandırılır. Xalqın bütün milli sərvətini talayıb,  daşı-daş üstünə qoymayan, neftdən bir damla da xalqa qıymayan bu recimə qarşı  sözünü açıq deyənlər ünsür adlandırılır. Rejimi ifşa edib xalqın gözünü açan, bunun müqabilində şərlənərək həbsxanalarda çürüdülənlərə belə deyirlər. Amma buna baxmayaraq, əyilməyən, sınmayan insanlar – Fuad Qəhrəmanlı, Intiqam Əliyev, Tofiq Yaqublu, Ilqar Məmmədov, Asif Yusifli, Elvin Abdullayev,  Xədicə Ismayılova, əldən düşmüş vəziyyətdə həbsdən buraxılan Leyla Yunus, Mövsüm Səmədov, Tale Bağırzadə və adını çəkmədiyim onlarla vicdan məhbusunun azad edilməsini beynəlxalq təşkilatlar israrla tələb edir.

Sovet dövrünün ünsürləriylə bizim dövrün ünsürləri xeyli fərqlənir.  O dövrün ünsürləri içində heç olmasa, bu ada layiq olanlar vardı. Hərçənd, onları da recim yetişdirmişdi. Sözdə kapitalizm, reallıqda isə  sovet dönəmindən fərqlənməyən bugünkü Azərbaycanda isə recimin öz  balaları cinayət üstündə yaxalananda belə, ünsür adlandırılmır.  Hətta çox halda cinayətləri ört-basdır edilir.  Ortada Eldar Mahmudov, Gülər Əhmədova nümunəsi var.  Onlar ünsür adlanmır,  qərargahı əlindən alınanlar, pasportdan məhrum edilən partiya liderləri ünsür adlanır. Az qala, hər məhəllədə özlərinin partiya qərargahları var, amma AXCP-nin bu boyda paytaxtda bir qərargahı da yoxdur. Kimdir ünsür? Bu boyda partiyanı qərargahdan məhrum edənlər, yoxsa onlar özü? Atalar məsəli var: “Adımı sənə qoyum,  səni yana-yana qoyum”.

Bütöv bir xalqı zəlil günə salan Ramiz Mehdiyev, Əli Əhmədov, Əli Həsənov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov və digər recim  ideoloq və idarəçiləridir ünsür, yoxsa onlara qarşı mübarizə aparanlar?

Ünsürlük bütün dünyanı özünə qarşı, dövlətinə qarşı qoymaqdır. Ünsürlük Dağlıq Qarabağ münaqişəsinin xeyrimizə olmadan aparılan daxili və xarici  siyasətdir. Xalqına, onun övladlarına zülm edənlər ünsürlərdir.

Ünsür sözü arxaik təfəkkürün məhsuludur.  Xalqını sevən və xalqın sevdiyi insanların  haqqında  bu sözü deyənlərin  tarix arxivinin qara səhifəsinə göndəriləcəyi gün uzaqda deyil.