Zirvədəki Tahir Salahov

tahir salahovCəmil Həsənlinin “Günəş zirvədə” adlı sərgidən düşüncələri

Milli Şura sədri, tarixçi alim Cəmil Həsənli görkəmli Azərbaycan rəssamı Tahir Salahovun Moskvada Tretyakov qalereyasındakı sərgisində olub, o, sərgi və böyük fırça ustası barədə düşüncələrini “Facebook” səhifəsində paylaşıb. Cəmil müəllimin həmin statusunun oxucularımız üçün də maraqlı olacağı qənaətindəyik.

Bu günlərdə Moskvada Tretyakov qalereyasında böyük sənətkar, zəmanəmizin möhtəşəm fırça ustası Tahir Salahovun “Günəş zirvədə” adlı sərgisində oldum. Sərgidə rəssamın ilk boyakarlıq nümunələrindən tutmuş son illərdə yaratdığı təkrarsız sənət nümunələrinə qədər əsərləri nümayiş etdirilir.
Bu əsərləri seyr etdikcə sözün tam mənasında rəssamın rənglər dünyasına, bu rənglərdə ifadə olunan fəlsəfi düşüncələrin sehrinə düşürsən. Ədəbiyyatın dil, musiqinin səs imkanlarından fərqli olaraq boyakarıq nümunələrinin, kiçik bir çərçivəyə sığışdırılmış tabloların böyük sənət nümunələri kimi qəbul edilməsi, öz qiymətini alması üçün bəzən əsrlərlə zamanın keçməsinə ehtiyac olur. Ancaq əminliklə demək olar, Tahir Salahov bu məsafəni qısalda bildi. Onun fırça möcüzələri, boyakarlıq nümunələri, Abşeron peyzacları, təkrarsız natürmortları özlərini yarandıqları zəmanədə təqdim edə bildilər, müəllifinə böyük şöhrət gətirdilər, dünyanı rənglərinin cazibəsinə sala bildilər. Bu baxımdan sərginin adı gözəl seçilib. Həm yaradıcılıq uğurları, həm də yaş etibarı ilə doğrudan da “Günəş zirvədə”dir. Elə bir sənət zirvəsində ki, onun qürubu təsəvvür edilmir, bu tablolar, böyakarlıq əsərləri, qrafika nümunələri özləri ilə bərabər müəllifini də rənglər dünyasının zirvəsində saxlamağa qadirdir, çünki Tahir Salahovun fırçası kətan üzərində kamilləşdi, həyatın hər rəngini görə-görə özü də rənglər dünyasında müdrikləşdi.

Sərgi Tahir Salahovun bir az tutqun, bir az da solğun, ancaq nəzərləri gələcəyə dikilmiş bir gənclik fotosu ilə açılır. Sonralar bu fotonun daha dolğunlaşmış cizgilərini biz Toğrul Nərimanbəyovun “Tahirin portreti”ndə duya bilirik. Bu foto tək üfüqdə çətinliklə sezilən uğurlu gələcəyi deyil, sıxıntılı keçmişi də özündə yaşadır. Bir neçə il öncə Moskvada, Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivində işləyərkən 1937-ci ilin repressiyalarının Stalin siyahıları ilə rastlaşdım. Azərbaycan SSR üzrə Stalin, Jdanov və Molotovun imzaladığı yalnız bir siyahıda 315 nəfərin adı keçirdi. Kimlər yox idi bu siyahıda – Mikayıl Müşfiq, Sadıxzadə Seyid Hüseyn, Şahbazi Tağı, Ülvi Rəcəb və digərləri. Həmin siyahıda ölümünə ən yüksək səviyyədə fərman verilən 245-ci adam Laçın rayon partiya komitəsinin birinci katibi Teymur Salahov idi. Bu fərman imzalananda Tahirin 9 yaşı var idi. Teymur Salahovun bəraət alması üçün 1956-cı ilə qədər gözləmək lazım gəldi və bu müddət ərzində “xalq düşməni”nin oğlu kimi Tahir Salahov bu fərmanın bütün ağırlığını öz həyatında yaşadı. Hətta, 1950-ci ildə qəbul imtahanlarını uğurla verməsinə baxmayaraq Repin adına Dövlət Rəssamlıq Akademiyasındakı şəxsi işində atasının “xalq düşməni” olması haqqında cümlənin aşağısından qırmızı xətt çəkib sənədlərini özünə qaytardılar.
Sərgidəki əsərləri seyr etdikcə xronoloji baxımdan ötən əsrin 50-cı illərində Tahir Salahovun yaradıcılığında sərt rənglərin ilıq rənglərlə müqayisədə üstünlük təşkil etməsi, qəhrəmanların qara neftlə qızarmış torpaq fonunda verilməsi, dənizin zəhmli dalğaları qoynunda qaraqabaq “Təmirçilər”in qayğılı cöhrəsi bəlkə də şəxsi işindəki həmin qırmızı xəttin nəticəsi idi. Sərgidə Tahir Salahovun ilk işlərinin böyük əksəriyyəti neft mövzusundan alınıb. O, əslində böyük sənətə dəniz neftçilərinin həyatından, əmək növbəsindən, “Neftçi” tablosundan gəldi. Çoxları bunu sosialist həyat tərzinin təzahürü kimi anlasa da, bir dəfə Tahir müəllim çox sərrastcasına dedi ki, “Mənim qəhrəmanlarımın alnında partiya bileti əks olunmamışdır”. Bu tablolardakı təmirçiləri, neftçiləri, əmək növbəsində dayanan narahat insanları gördükcə xəyalən 60 il sonraya səyahət edib Salahovun ciddi görkəmli narahat qəhrəmanlarının 2015-ci ilin dekabrında baş vermiş fırtına zamanı təhlükəyə düşmüş neftçiləri, təmirçiləri xilas etmək üçün uzun bir yol gəldiklərini düşünürsən.
Sərgidə bəstəkar Qara Qarayevin portreti onun böyük müəllimi Dmitri Şostakoviçin portreti ilə qarşı-qarşıyadır və yan tərəfdən damağındakı qırmızı müştükdən başqa qara fonda fikrə dalmış “Fəhlə portreti” asılmışdır. Qara Qarayev sanki əbədi düşüncəyə dalmış və ilk baxışda sakit görünən otruşu, əslində dramatik bir gərginliyi özündə ifadə edir. Sakit görünən Qarayevlə müqayisədə onunla yanaşı qoyulan və qırmızı müştüyə taxdığı papirosun “axırına” çıxan “Fəhlə portreti” daha müsaid, daha sakitdir, daha qayğısızdır. Qara Qarayevin portreti sənət hadisəsi kimi böyük bəstəkarın ölməz musiqisi ilə vəhdət təşkil edir. 1960-cı ildə bu portret çəkiləndə Üçüncü simfoniyanın ərsəyə gəlməsinə hələ beş il qalırdı. Portretdə Qarayevin dərin fikirlərə dalması, dramatik bir narahatlığı, axtarışa köklənmiş düşüncələri Üçüncü simfoniyanın konturlarını özündə əks etdirir.
Sərgidə heç kəsin qarşısından sakit ötüb keçə bilmədiyi “Bəstəkar Dmitri Şostakoviçin portreti” də dərin dramatizm üzərində qurulub. Bu portret üçün seçilən rənglərin insanın daxili əhvalını, duruşunu, üzüntüsünü, yorğunluğunu necə tamamladığına heyrət etməyə bilmirsən. Rəssam bütün rəng seçimi, kompozisiya, sifət cizgiləri, gözlərindəki yorğunluqla sanki zamanın bütün yükünü zəmanəsində xoşbəxt hesab edilən Şostakoviçin faciəvi duruşunun çiyinlərinə qoymuşdur. Zəmanəsindən qabağa getmiş bu dahi sənətkar rəhbər partiya orqanlarında sovet musiqisində kosmopolitizmin əsas ideya müəllifi kimi damğalanırdı. Qara royal, qırmızı kətil fonunda rəssam böyük bəstəkarın bütün əzablarını, ağrı-acısını portretdə əks etdirə bilib. Sərgidə adamların müxtəlif tərəflərdən bu portretə baxıb nə isə axtardıqları diqqətdən yayınmır.
Əslində, sərgi Tahir Salahovun “Abşeron qadınları” ilə açılır. Onlar sosializm quran, sovet quruculuğunda iştirak edən, çadraya qarşı mübarizə aparan qadınlar deyillər. Bu tabloda təsvir edilən qadınların yalnız ürkək duruşları, nigaran baxışları, dərdli simaları deyil, ayaqlarındakı başmaqdan tutmuş başlarındakı örpəyə qədər hər şey hərəkətdə olan lal bir kədər içindədir. Onlar kimisə gözləyirlər, nəyisə axtarırlar, bütün əsər dramatik bir nigarançılıq üzərində qurulub, bu nigarançılıq isə gələcəyə deyil, keçmişə hədəflənib. “Abşeron qadınları”nın nigarançılıq xofu həmin salonda Nardaran peyzacları silsiləsindən bir neçə əsərə də təsirsiz ötüşməyib. Daha çox ağ və qara rənglərin üstün sintezində verilən Nardaran peyzacları ilk baxışda yoxsul görünsə də, burada hər daş, hər ağac aydın səma altında tənha həyatını yaşayır.
Sərgidə Abşeron bağları fonunda müxtəlif tərəflərdən çəkilmiş üç həzin əsər xüsusilə diqqəti cəlb edir. Bu, rəssamın anası Sona xanımın portretləridir. Qəribədir, yaradıcılığı üçün səciyyəvi olan kədər motivlərinə Salahov anasının portretində də sadiq qalıb. Ötən əsrin 80-ci illərində o, artıq dünya şöhrətli bir fırça ustası olsa da, ana portretindəki qadın, onu əhatə edən mühit kədər içindədir. Görünür, Tahir Salahovun sənətdəki böyük zəfəri belə, Sona xanıma Teymur Salahovun 37-dəki faciəsini unutdura bilməyib. Bu portretlərdə hansı tərəfə baxmasından asılı olmayaraq Sona xanımın gözləri yol çəkir, yorğunluq bütün vücuduna hopub, “Xalq düşməni”nin həyat yoldaşı kimi əzablı bir həyatın bütün ağrıları hələ onun çöhrəsindən getməyib. Çünki bu əsər tək Sona xanımın obrazı deyil, Tahir Salahovun uşaqlıq yaddaşının, ailə faciəsinin kətana köçürülmüş görüntüsüdür.
Və nəhayət sərginin kulminasiya nöqtəsi kimi təqdim edilən “Mstislav Rostropoviçin portreti” seyrçiləri heyrətə salır. Bu heyrətin mənbəyi insanın özünü bu qədər musiqiyə təslim etməsidir. Böyük sənətkar orkestr fonunda təsvir edilsə də əsərdə Rostropoviç sinəsinə sıxdığı musiqi aləti ilə hər şeyi kölgədə qoyur. Bu əsərlərə baxdıqca istər-istəməz düşünürsən ki, Tahir Salahov “Günəş zirvədə” adlı sərgisi və sərgidə nümayiş etdirilən belə ölməz əsərləri ilə zamanın fövqünə yüksəlib. Özü demişkən “bu əsərlərdə, bəlkə də, həyatın özü cəmləşmişdir – orada ağrı-acı da, əzab-əziyyət də vardır. Bunlarda həyatın özünün gücü, mənim yaddaşım var. Elə şeylər var ki, onları izah etmək mümkün deyildir. Bu əsərlərdə, lap istəsəniz insanların taleyi vasitəsilə dünyaya baxış da vardır. Bilmirəm, yaradıcılıq ağrı, əzab və əziyyətdir”.
Sərgidən aldığımız təəssürat qısaca olaraq bax bundan ibarətdir. Martın 20-nə qədər sərgi hələ davam edəcək, günəş isə həmişə zirvədə olacaq.