İlk dəfə Naxçıvanda…

rovshenRövşən Hacıbəyli

Dünən Naxçıvan Muxtar Respublikasının yaranmasının 92-ci ili tamam olub. AzTV “Səhər” proqramını bütünlüklə bu günə həsr edib. Proqram boyunca Naxçıvandan olan ziyalılar bu günlə, Naxçıvanla bağlı xeyli bəy tərifi deyiblər, əslən naxçıvanlı müğənnilər bu yurdun şəninə mahnılar oxuyublar. Mənim qismətimə Naxçıvandan deputat təyin olunmuş iki nəfərin – Siyavuş Novruzovla Eldar Ibrahimovun çıxışına baxmaq düşdü. Etiraf edim ki, xüsusi zövq aldım. Həm də biliklərimi zənginləşdirdim. Bu iki deputat Naxçıvanın bir çox ilklərə imza atmasından danışdı. Onlardan bəziləriylə sizi də tanış edim ki, “Səhər” proqramına baxmayanlar fürsəti qaçırdıqlarına təəssüflənməsinlər. Beləliklə,

– Üçrəngli bayraq ilk dəfə Naxçıvanda rəsmi səviyyədə qaldırılıb;

– Dünya Azərbaycanlılarının Həmrəylik günü ilk dəfə Naxçıvanda keçirilib;

– “Sovet Sosialist” sözləri ilk dəfə Naxçıvanda götürülüb;

– Təkallahlıq ilk dəfə Naxçıvanda qəbul edilib;

– Nuh peyğəmbər dünya tufanından sonra ilk dəfə Naxçıvanda ayağını torpağa basıb;

– Ən böyük tarixi qərarlar ilk dəfə Naxçıvanda verilib,

– Torpaq islahatı ilk dəfə Naxçıvanda keçirilib;

– Referenduma getmək qərarı ilk dəfə Naxçıvanda verilib;

– Manatın devalvasiyası zamanı ilk dəfə Naxçıvanda qərar verildi ki, dollarla götürülmüş kreditlər köhnə kursla qaytarılsın.

Bundan başqa, Naxçıvan sənaye, kənd təsərrüfatı məhsulları ilə özünü təmin edən, həm də bu məhsulları ixrac regiondur.

– Naxçıvandakı nizam-intizam, qayda-qanun başqa yerlərdə yoxdur.

– “Ulu öndər”in ətrafında sıx birləşən naxçıvanlılar müdrik olduqlarını bir daha göstərib Ermənistanın işğalçılıq siyasətinə qarşı çıxıblar və Azərbaycanın mərkəzi hakimiyyətinə etirazlarını bildiriblər.

Bütün bunlarsa “möhtərəm prezidentin diqqət və qayğısının nəticəsidir”.

Hörmətli deputatların ilklərlə bağlı mövzusunu davam etdirməyi gərəkli sayır, bu əziz günə öz töhfəmizi vermək istəyirik.

– Ilk dəfə Naxçıvanda təndirdə çörək bişirmək qadağan edilib.

– Ilk dəfə Naxçıvanda balkondan paltar asmaq qadağan edilib;

– Ilk dəfə Naxçıvanda tələbələrə ali məktəblərə saqqala və uzun saçla gəlmək qadağan edilib;

– Büdcə təşkilatlarında çalışanlara işə qısaqol köynəkdə gəlmək ilk dəfə Naxçıvanda qadağan edilib;

– Ilk dəfə Naxçıvanda küçələrdə cüt-cüt gəzmək qadağan olunub;

– Ilk dəfə Naxçıvanda un satmaq qadağan edilib;

– Ilk dəfə Naxçıvanda ev satmaq qadağan edilib;

– Ilk dəfə Naxçıvanda “Azadlıq” qəzetini ictimaiyyət arasında oxumaq qadağan edilib;

– Ilk dəfə Naxçıvanda “Motosiklet” sürmək qadağan edilib;

– Ilk dəfə Naxçıvanda hərbçilərin şəxsi maşınlarını sürməsi qadağan edilib;

– Ilk dəfə Naxçıvanda yas yerlərində ictimai-siyasi söhbətlər qadağan edilib;

– Ilk dəfə Naxçıvanda çayxanalara toplaşıb söhbətləşmək qadağan edilib;

– Ilk dəfə Naxçıvanda “Nazlifan”dan başqa maşınlarla taksi fəaliyyəti göstərmək qadağan edilib;

– Ilk dəfə Naxçıvanda ehsan vermək qadağan edilib;

– Ilk dəfə Naxçıvanda bir kənddə – Bənənyarda Daxili Qoşunlar amansız əməliyyat keçirib.

Ilklərin sayını müxalif düşüncəli insanlara, jurnalistlərə işgəncə verilməsi, onların döyülməsi, öldürülməsi ilə davam etdirmək olar, ancaq yuxarıdakı ilklərlə aşağıdakılar arasında balansın pozulması kimlərəsə qərəzli görünə bilər, o üzdən dayanaq…

Sonda bu qədim TÜRK yurdunun sakinlərini Naxçıvanımızın 92 illiyi ilə bağlı qutlayır, gözəl günlər arzulayırıq!