Ərzaq qiymətləri 8,7 faiz bahalaşıb?

erzaq dukan

Ekspertlər Statistika Komitəsinin açıqladığı rəqəmləri real saymır

Bu ilin yanvar ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 8,7%, qeyri-ərzaq məhsullarının 5,6%, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 2,1% bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumilikdə istehlak məhsullarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri əvvəlki ayla müqayisədə 5,8% bahalaşıb.

Ay ərzində düyünün, unun, çörəyin, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, yumurtanın, kərə və bitki yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin almanın, armudun, bananın, heyvanın, narın, xurmanın, şabalıdın, xiyarın, pomidorun, kələmin, badımcanın, bibərin, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, göyərtinin, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Yanvarda qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, məişət cihazlarının, məlumatın işlənməsi üçün avadanlıqların, səsin və təsvirin qəbulu, yazılması, əks etdirilməsi üçün qurğuların, telefon və fotoaparatların, kiçik elektrik cihazlarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, yuyucu vasitələrin, dərmanların, minik avtomobilləri və onların ehtiyyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən hava və dəmiryolu ilə beynəlxalq sərnişindaşıma nəqliyyatında qiymətlər ucuzlaşmış, tibbi xidmətlərin, avtobusla beynəlxalq sərnişindaşıma nəqliyyatı, avtomobillərin, məişət cihazlarının, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri, paltarların təmizlənməsi, təmiri və kirayəsi, restoranlar və kafelər tərəfindən yeməklə təmin edilmə, otel, mehmanxana tərəfindən gecələmə xidmətlərinin qiymətləri isə bahalaşıb. Digər pullu xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. (APA)

Amma rəsmi rəqəmlərin reallıqla əlaqəli olduğu az inandırıcıdır. Statistika Komitəsi yanvarda ərzaq məhsullarının qiymətinin 8.7 faiz artdığını iddia edir. Amma bu rəqəmin ən azı iki dəfə artıq olduğu bəlli məsələdir. Ötən ilin dekabrında baş verən devalvasiyadan sonra bəzi məhsulların qiyməti hətta iki dəfə artıb.

Nemət Əliyev: “Statistika Komitəsinin açıqladığı rəqəm ilə real gerçəklik arasında əlaqə yoxdur”

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev hesab edir ki, əgər Statistika Komitəsi bu ilin yanvar ayı üçün elan etdiyi qiymət artımını keçən ilin müvafiq dövrü ilə müqayisə edibsə, o zaman çox kobud səhvə yol verib. Yox əgər qiymət artımı keçən ilin son ayı ilə müqayisə edilibsə, o zaman elan edilən faizlər tam doğru olmasa da, reallığa nisbətən yaxın saymaq olar: “Amma bir qayda olaraq müqayisələr bir əvvəlki dövrlə aparılır. Sonuncu devalvasiya qərarırının təsiri ilə Azərbaycanda ərzaq məhsullarının qiymətləri istisnasız olaraq 40-50 faiz arasında dəyişib. Statistika Komitəsi əslində bu cür rəqəm elan etməklə onun anonsunu verib ki, il boyu elan edilən saxtakarlıq davam edəcək. Ona görə də Statistika Komitəsinin açıqladığı rəqəm ilə real gerçəklik arasında əlaqə yoxdur”.

Vahid Məhərrəmov: “Qiymət artımı orta hesabla yanvar ayı üzrə 18-20 faiz arasındadır”

vahid-meherremov1

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun fikrincə, hökumət 2016-cı ildə 10-12 faiz inflyasiyanın olduğunu elan etməyi planlaşdırır. Yaxın zamanlarda manatın yenidən devalvasiyasının baş verəcəyini istisna etməyən V.Məhərəmmov vurğuladı ki, bu zaman ərzaq mallarının və digər məhsulların qiymətində çox ciddi artım olacaq: “Bu dəfəki artım daha nəzərə çarpacaq olacaq. Ona görə də bunlar süni olaraq bəri başdan infyasiyanın səviyyəsini aşağı salırlar. Bunun üçünsə rəqəmləri bu cür aşağı göstərirlər. Biz bazarda kifayət qədər monitorinq aparmışıq. Son aylarda ərzaq məhsullarının, kənd təsərrüfatı məhsullarının qiymətinin nə qədər artdığını biz bilirik. Qiymət artmı orta hesabla yanvar ayı üzrə 18-20 faiz arasındadır. Alıcılığın aşağı düşdüyü halda belə qiymətlər çox sürətlə artıb”.

Xəyal