Qazancı 22 dəfə azalıb

expresbankHər iki devalvasiyadan sonra Manatda kredit verməyi davam etdirməsilə diqqəti çəkən “ExpressBank” ASC 2015-ci ili 653 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2014-cü ili 48,75 milyon manat cəmi gəlir və 14 milyon 801 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, 2014-cü illə müqayisədə “ExpressBank”ın xalis mənfəəti 22,6 dəfə azalıb.

“Marja” Banka istinadən xəbər verir ki, ötən il Bankın cəmi gəlirləri 56,3  milyon manat, faiz gəlirləri 44,2 milyon manat, qeyri-faiz gəlirləri 12,1 milyon manat təşkil edib.

“ExpressBank” qeyri-faiz gəlirlərinin 6,7 milyon manatını məzənnə dəyişməsi (devalvasiya) nəticəsində əldə edib. Bankın gəlirlərinin artmasına devalvasiya da təsir edib. Dollarda olan aktivlər yeni məzənnə ilə hesablandığından artım yaranır.

Bankın xalis əməliyyat mənfəəti 21,74 milyon manat olub və bu məbləğin 20,6 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılıb. Vergidən əvvəlki 1 milyon 148 min manat mənfəətdən 494 min manat mənfəət vergisi ödənilib.

31 Dekabr 2015-ci il tarixinə Bankın cəmi aktivləri 321 milyon 721 min manat, müştərilərə verilmiş kreditlər 275 milyon 229 min manat təşkil edib. Bankın aktivlərinin 36%-i və ya 116,5 milyon manatı, verilmiş kreditlərin isə 38,7%-i və ya 106,5 milyon manatı xarici valyutada olub.

Bankın kredit portfelinin 8.4 milyon manat manatının və ya 3%-nin ödəmə vaxtı keçib.

Bankın depozit portfeli 85 milyon 431 min manat,  o cümlədən əhalinin əmanətləri 69 milyon 759 min manat təşkil edib.

Ötən ilin sonuna “ExpressBank”ın cəmi kapitalı 141 milyon 552 milyon manat olmuşdur ki, bu da Azərbaycan bankları arasında yüksək kapitallardan biridir.