NATO ilə Rusiya arasında Suriya gərginliyi

nato2«Yaxın Şərqi xaosa sürükləmisiz!»

Rusiya NATO-nu şüursuz siyasət yürütməkdə ittiham etdi

Rusiya ilə NATO arasında növbəti dəfə gərginlik yaşanıb. Buna NATO baş katibi Yens Stoltenberqin rəsmi Moskvaya ünvanladığı ittihamlar və qarşı tərəfin buna verdiyi sərt reaksiya səbəb olub.

“Rusiya suriyalılarda inam yaratdı ki…”

NATO baş katibi bildirib ki, Rusiyanın Suriyada hərbi iştirakı bölgədə gərginliyin artmasına şərait yaradır. Onun sözlərinə görə, Rusiyanın aviazərbələri əsasən terrorçulara yox, suriyalı müxaliflərə yönəlib: “Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar bölgədə gərginliyi artırır. Bu, eyni zamanda Türkiyənin hava məkanının pozulması ilə də nəticələnir”.

Ittihamlara münasibət bildirən Rusiya Müdafiə Nazirliyinin rəsmisi Iqor Konaşenkov Moskvanın Yaxın Şərqdə gərginlik yaratması barədə ittihamı rədd edib: “Rusiyanın hərbi əməliyyatları suriyalılarda inam yaratdı ki, ölkədə terroru məhv etmək mümkündür. O ki qaldı cənab Stoltenberqin Rusiyanın bölgədə gərginliyi yaratması ilə bağlı dediklərinə, bunlar boş fikirdir”.

“Qərbin fikrindəki “Liviya ssenarisidir”

Konaşenkov bildirib ki, NATO üzvlərinin şüursuz addımları Yaxın Şərq ölkələrini xaosa sürükləyib: “Bu müddət ərzində Qərbdə heç kim Suriya danışıqları barədə düşünməyib. Onların düşündükləri ölkənin Liviya ssenarisi üzrə çöküşü olub. Söhbət o ölkədən gedir ki, orada NATO üzvləri “demokratiya”nı bərqərar ediblər”.

Növbəti ittiham ABŞ dövlət Katibi Con Kerridən gəlib. Kerri Rusiyanı Suriyada uşaq və qadınların kütləvi qətlində günahlandırıb. Vaşinqtonda jurnalistlər qarşısında çıxış edən dövlət katibi bəyan edib ki, Rusiya Suriyada idarəolunmayan bombalardan istifadə edir və onlar dinc əhalinin üzərinə düşür.

“Rusiya dinc insanları öldürür”

“Bunun qarşısı alınmalıdır”, – deyə Kerri vurğulayıb. ABŞ rəsmisinin sözlərinə görə, Rusiya aviasiyasının hücumları nəticəsində əsasən dinc insanlar qətlə yetirilir.

Ötən həftə Britaniyanın xarici işlər naziri Filip Hemmond da rəsmi Moskvanın ünvanına irad səsləndirmişdi. Hemmond bildirmişdi ki, Rusiyanın Suriya ilə bağlı niyyəti bu ölkədə sülhün nail olunması deyil. Kreml sadəcə olaraq bu ölkənin şimal-qərbində ələvi dövləti qurmağa çalışır.

Bir neçə gün əvvəl isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Rusiya Suriyada hərbi əməliyyatlara son vermədən bu ölkədə sülh danışıqlarından söhbət gedə bilməz. Bunun ardınca Səudiyyə Ərəbistanı bəyan etdi ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın tərkibində quru əməliyyatlarında iştirak etmək üçün Suriyaya qoşun göndərməyə hazırdır.

150 minlik qoşun…

“CNN Arabic” telekanalı isə məlumat yayıb ki, Səudiyyə Ərəbistanı Suriyaya girmək üçün 150 min əsgərə təlim keçir.

Iddialara görə, əsasən səudiyyəli əsgərlərdən ibarət olacaq qoşunun arasında ÿMisir, Sudan və Iordaniyadan da xeyli sayda hərbiçi yer alacaq. Xəbərdə həmçininÿ Mərakeş, Türkiyə, Qətər, Küveyt, Bəhreyn və BƏƏ-nin də təlimlərdən sonra ÿəməliyyata qatılmaq üçün Səudiyyə Ərəbistanına hərbi birliklər göndərdikləri qeyd olunur.

Səudiyyə və Türkiyə hərbi səlahiyyətlilərinin Suriyaya yönəlik əməliyyatlara rəhbərlik etmək üçünÿ ortaq komandanlıq qurduğu da iddia olunur. Asiya ölkələrindənÿ Malayziya, Indoneziya və Bruneyÿdə əməliyyata qatılacaq. Bu üç ölkənin xüsusi qərargah yaradacağı gözlənilir.

Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) də Suriyaya quru qoşunları göndərməyə hazır olduğunu deyib. Xarici işlər naziri Ənvər Qaraqaş isə “Reuters” agentliyinə müsahibəsində bildirib ki, IŞID-ə qarşı mübarizənin gücləndirilməsi əmirliyin həmişəki mövqeyi olub:ÿ “Bu, bizim çoxdankı mövqeyimizdir.ÿIŞID-ə qarşı real mübarizə quruda da hərbi əməliyyatları nəzərdə tutmalıdır”.

Nazir onu da qeyd edib ki, BƏƏ-nin bu məsələdə qərar verməsini müəyyənləşdirən əsas amil koalisiya lideri ABŞ-ın mövqeyi olacaq.

“Evlərinə tabutda qayıdacaqlar”

Bəşər Əsəd rejimi isə dərhal ultimatum verdi ki, Dəməşqin razılığı olmadan Suriyada quru əməliyyatlarında iştirak edənlər evlərinə tabutda qayıdacaqlar.

Qeyd edək ki, Suriya danışıqları ilə bağlı Cenevrədə keçirilməsi nəzərdə tutulan danışıqlar dondurulub.

BMT-nin Suriya münaqişəsi üzrə xüsusi məruzəçisi Staffan de Mistura danışıqların fevralın 25-nə qədər dondurulduğu barədə qərar verildiyini bildirib: “Suriyada vətəndaş müharibəsinə son qoyulması məqsədilə Isveçrənin Cenevrə şəhərində keçirilən danışıqlar müvəqqəti olaraq dayandırılıb. Danışıqlar fevralın 25-dək təxirə salınıb. Danışıqların dayandırılması onların iflasa uğraması anlamına gəlməməlidir. Lakin konfransı təşkil edən tərəflər arasında irəliləyişə nail olmaq üçün açıq sualların müzakirəsi üçün görüşlər keçirilməlidir”.

Yanvarın 29-dan başlayan danışıqlar prosesində hələlik tutarlı nəticələrin əldə olunmadığına işarə edən S.Mistura danışıqlar naminə danışıqlar aparmayacağını və tərəflərin münaqişənin həlli üçün ciddi addımlar atmalı olduğunu bildirib. O, hökumət və müxalifət qrupları arasında birbaşa danışıqlara başlamaq üçün hələ görüləsi işlərin çox olduğunu qeyd edib.

Gültəkin