ABŞ-ın Xarici Siyasət Araşdırmalar İnstitutu ölkədəki vəziyyəti təhlil edərək, böhranın dərinləşəcəyi nəticəsinə gəlib
«Azərbaycan hökuməti artıq Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan kömək istəyib»
ABŞ-ın Xarici Siyasət Araşdırmalar Institutu Azərbaycanda 2015-ci ildə baş verənləri, həmçinin ölkədə yaranmış maliyyə böhranı ilə bağlı vəziyyəti təhlil edib. Təhlilin nəticələri “2015-ci ildə Azərbaycanın ən yaxşı və ən pis anları: Avropa Oyunları, saxta britaniyalı turistlər, milli valyutanın devalvasiyası və bir çox başqa məsələlər…” başlığıyla yayımlanıb. Təhlinin tərcüməsini təqdim edirik:
Avropa Oyunlarına 8 milyard dollar xərcləndi
Avropa Oyunları ilə bağlı şou və parıltıya baxmayaraq, 2015-ci il Azərbaycan xalqı üçün məyusluq və əziyyətlə yadda qalan ağır illərdən biri oldu. Jurnalistlərin həbsi, vətəndaş cəmiyyətinin susdurulması ilə müşayiət olunan 2014-cü ili geridə qoyanda bir çoxları 2015-ci ilə ümidlə baxırdı, güman olunurdu ki, qarşıdan gələn Avropa Oyunları ilə əlaqədar insan haqları, ifadə azadlığı kimi sahələrdə vəziyyət nisbətən yaxşılaşacaq. Amma hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı repressiyaları artırması, dünya bazarında neftin qiymətinin kəskin ucazlaşması nəticəsində 2015 Azərbaycanın müasir tarixində ən ağır illərdən biri kimi başa çatdı.
2015-ci ildə Azərbaycanda jurnalist Seymur Həzinin “xuliqanlıq” ittihamı ilə 5 il azadlıqdan məhrum edilməsilə başladı. Fevralda isə uzun müddət neft gəlirləri hesabına dollar qarşısında güclü göstərilən manatın devalvasiyasının şahidi olduq. Bir gecənin içində manat dollara nisbətdə 33 faiz dəyərdən düşdü. Əlbəttə ki, bu da əmanətlər və kreditlərin ödənişi baxımından adamlarda narahatlıq yaratdı. Üstəlik, ölkədə ərzağın bahalaşması xalqın məyusluğunu bir qədər də artırdı. Amma prezident Ilham Əliyev özünü sakit və rəvan aparırdı, hətta o, həmin vaxt ictimaiyyət qarşısında dedi ki, manat heç vaxt olmadığı qədər güclüdür.
Manatın dəyərdən düşməsinə baxmayaraq, Avropa Oyunlarının açılış mərasiminə güclü hazırlıqlar gedirdi. Bu, ilk Avropa Oyunları idi. Azərbaycan da bu turnirə ev sahibliyi etmək üçün yeganə namizəd olmuşdu. Başqa heç bir ölkə bu tədbirə maraq göstərməmiş və ya maliyyə xərcləmək istəməmişdi.
Azərbaycan hökuməti xərcləri şəffaf şəkildə açıqlamır. Hökumətin bildirdiyinə görə, Avropa Oyunlarına 1 milyard manat (o vaxtkı məzənnə ilə 1,2 milyard dollar) vəsait sərf olunub. Lakin müstəqil ekspertlər Azərbaycanın Avropa Oyunlarına xərclədiyi ümumi məbləğin (turnirdə iştirak edən 6000 idmançının bütün xərcləri də daxil olmaqla) 8 milyard dollar civarında olduğunu bildirir.
Azərbaycanlılara Avropa Oyunları qadağası
2015-ci ilin martında prezident Əliyev növbəti əfv fərmanı imzaladı və nəticədə həbsdəki siyasi məhbuslardan dördü – Bəşir Süleymanlı, Orxan Eyyubzadə, Anar Qasımlı və Ramil Vəliyev azadlığa buraxıldı. Bununla belə, Azərbaycanda siyasi məhbuslarla bağlı qapıların açılıb-bağlanması ənənəsi əvvəlki qaydasında davam edir. 2015-ci ilin aprelində insan haqları üzrə tanınmış vəkil Intiqam Əliyev 7 il 6 ay həbs cəzasına məhkum edildi. Aprel ayında daha bir tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov 6 il 6 ay azadlıqdan məhrum edildi. Daha sonra onun cəzası 3 ay azaldıldı.
2015-ci ilin mayında, Avropa Oyunlarının başlanmasına təxminən bir ay qalmış Bakıda böyük yanğın oldu, nəticədə 15 nəfər dünyasını dəyişdi, 50-dən artıq sakin ziyan çəkdi. Yanğının əsas səbəbi isə yaşayış binasının üzünə çəkilmiş materialın çox aşağı keyfiyyətdə olması idi. Avropa Oyunlarına görə hakimiyyətin xeyriyyə layihəsinin tərkib hissəsi kimi ölkədə çoxsaylı yaşayış binaları və obyektlərin fasadı həmin materialla üzlənmişdi. Yanğından sonra Bakının bir çox sakinləri paytaxtın bir sıra vəzifəli şəxslərinin, o cümlədən Bakı merinin istefasını tələb etsə də, şəhər rəhbərliyinə daxil olanların heç biri yerindən tərpənmədi. Bir neçə vasitəçi istisna olmaqla, kimsə nə istefaya getdi, nə də məsuliyyəti öz üzərinə götürdü.
Avropa Oyunları başladı və bitdi, bununla Bakı sakinlərinə təxminən iki həftə ərzində yaranmış narahatlıqlar da başa çatdı. Avropa Oyunları ilə bağlı qadağaların siyahısı kifayət qədər böyük idi: eyvanlarda paltar asmaqdan tutmuş, bölgələrdə yaşayanların avtomobillərinin paytaxta buraxılmamasına qədər. Xaricilər bu ölkədəki köhnə avtomobilləri görməsinlər.
Saxta turist də hökuməti xilas edə bilmədi
Azərbaycanda insan hüquq və azadlıqlarının boğulmasına beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən fəal təşkilatlar vətəndaş cəmiyyətinə qarşı repressiyalar nəticəsində uğurla sıradan çıxarıldığına görə Avropa Oyunları ərəfəsində baş verənlər barədə danışmağa kimsə yox idi. Ölkədə 80-dən artıq siyasi məhbus vardı, əhalinin yaşayış səviyyəsi də pisləşmişdi.
Avropa Oyunlarının ən yaddaqalan anları onun təntənəli açılış və bağlanış mərasimi yox, onun ətrafında yaradılmış saxta eyforiya idi. Beynəlxalq media süni eyforiyaya aldanmayaraq, parıltı və qlamurun arxasındakı əsl həqiqəti, o cümlədən repressiyalar, siyasi məhbuslar məsələsini dünyaya çatdırdı. Hətta saxta britaniyalı turist əhvalatı da bu məsələdə hökuməti xilas edə bilmədi.
Avropa Oyunlarından dərhal sonra vətəndaş cəmiyyəti fəallarından ən məşhur məhbusların məhkəməsi başladı. Veteran hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar avqustun 13-də çıxarılan hökmlə müvafiq olaraq, 8 il 6 ay və 7 il azadlıqdan məhrum edildilər. Bundan cəmi 4 gün əvvəl isə gənc jurnalist qəddarcasına döyülərək dünyasını dəyişdi. Futbolçu Cavid Hüseynovun qohumları jurnalisti “facebook”da yazdığı statusa görə cəzalandırdılar.
Bundan başqa, avqustda Mingəçevirdə polis şöbəsində bir gənc dünyasını dəyişdi. Polis məlumat yaydı ki, gənc adam polis şöbəsinin pəncərəsindən özünü ataraq intihar edib. Dostları və yaxınları isə bildirirdi ki, o, polis şöbəsində işgəncəyə məruz qalıb. Bundan sonra üzərindəki işgəncə izlərini ört-basdır eləmək üçün onu qətlə yetiriblər. Polis şöbəsinin rəisinin intihar barədə dedikləri adamları narazı salıb və yerli sakinlər küçələrə çıxaraq etiraz ediblər. Nəticədə 22 nəfər həbs olundu, onlardan 16 nəfərə inzibati həbs cəzası verildi. Polis rəisi isə töhmət aldı.
Eldar Mahmudov və 250 işçisi çıxarıldı
Sentyabrın 1-də bütün dünyada tanınan araşdırmaçı jurnalist Xədicə Ismayıl vergidən yayınma, vəzifədən sui-istifadə, qanunsuz sahibkarlıq kimi şübhəli ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edildi. Xədicə Ismayıl 2014-cü ilin dekabrında intihar cəhdinə vadar etmə ittihamı ilə həbs olunmuşdu. Xədicə Ismayıla qarşı bu ittihamla əlaqədar beynəlxalq aləmdən tənqid dalğası başladı. Bundan sonra jurnalistə qarşı yeni ittihamlar irəli sürüldü. Həmin ittihamlar Azərbaycanda insan haqlarının müdafiəsilə məşğul olan başqa şəxslərə də verilib. Baxmayaraq ki, ittihamların hər biri üzrə onun günahsızlığı sübuta yetirildi, məhkəməyə sədrlik edən hakim ona bəraət verməkdən imtina etdi.
Oktyabr ayında milli təhlükəsizlik naziri Eldar Mahmudov 250 işçisi ilə birlikdə vəzifədən uzaqlaşdırıldı. Bundan başqa, nazirliyin 20-dən artıq vəzifəli şəxsi həbs olundu ki, onların arasında generallar da vardı. Milli Təhlükəsizlik Nazirliyi ləğv olundu və onun bazasında iki ayrı təhlükəsizlik orqanı yaradıldı: Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti.
ATƏT-lə Azərbaycan hökuməti arasında qarşıdurma
MTN ətrafındakı qalmaqaldan sonra noyabrın 1-də parlament seçkiləri keçirildi. Azərbaycan müstəqillik qazanandan bəri ilk dəfə olaraq, ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu Azərbaycandakı seçkiyə müşahidə missiyası göndərməkdən imtina etdi. Buna səbəb isə seçkini izləməyə göndərilən müşahidəçilərin sayı məsələsində ATƏT-lə Azərbaycan hökuməti arasında fikir ayrılığı oldu. Azərbaycan hökuməti müşahidəçilərin sayının az olmasını istəyirdi. Bundan əvvəl isə ATƏT-in Bakıda missiyasının fəaliyyət dairəsi məhdudlaşdırılmışdı.
Müxalifət parlament seçkilərini boykot elədi. Seçki prosesində qeydə alınan pozuntular sosial şəbəkələrdə geniş işıqlandırıldı.
Nardaran mühasirədə
Seçkidən sonra bəzi xoş xəbərlər oldu, məsələn, həbsdə olan Arif Yunus səhhətinin pisləşməsilə əlaqədar azadlığa buraxıldı. Azərbaycanın müasir tarixində ən yadda qalan xüsusi əməlliyyatlardan biri Bakı ətrafında yerləşən Nardaranda keçirildi, nəticədə 6 nəfər dünyasını dəyişdi ki, onlardan da ikisi polislər idi. 70 nəfərdən artıq adam həbs olundu. Həbs olunanlar arasında tanınmış ilahiyyatçı Taleh Bağırzadə də var. Baş verənlərə etiraz olaraq, Nardaran sakinləri küçələrə çıxdı, onlar həbs olunan ailə üzvlərinin yeri barədə məlumat almaq istəyir və onların azadlığa buraxılmasını tələb edirdilər. Sakinlərin bu dirənişinə cavab olaraq, qoşunlar qəsəbəyə yeridildi, Nardaran mühasirəyə alındı, kəndin giriş-çıxışı bağlandı.
“Günəşli” faciəsi
2015-ci ilin son ayı da Azərbaycanda faciə ilə yadda qaldı. Xəzər dənizindəki neft platformalarının birində güclü yanğın oldu. “Günəşli” yatağındakı işçilərin bir qismi edilsə də, qalanı həlak olmuş, 29 nəfər itkin düşmüşdü. Onlardan 6 nəfərinin meyiti sonrakı həftələrdə tapıldı, qalanlarından isə hələ də xəbər-ətər yoxdur. Ənənəvi olaraq, məmurlardan heç kim bu faciəvi hadisəyə görə məsuliyyəti öz üzərinə götürmədi.
Vətəndaşlar köməksiz vəziyyətdə
Manat ikinci dəfə devalvasiyaya uğradı, hökumət milli valyutanı üzən məzənnəyə keçirmək məcburiyyətində qaldı. Manat bir il ərzində 100 faiz dəyər itirsə də, hökumət əvvəlki kimi heç bir məsuliyyət hiss eləmədi. Məmurlar yeni nağıllar danışmağa başladılar ki, devalvasiya dünya bazarında neftin qiymətinin uğuzlaşmasının təbii nəticəsidir. Azərbaycanda isə nəticə dağıdıcı oldu. Valyutadəyişmə məntəqələri qapadıldı. Ərzaq məhsullarının qiyməti kəskin bahalaşdı. Vətəndaşlar köməksiz vəziyyətə düşdülər.
Nəhayət, dekabrın 28-də təcrübəli jurnalist Rauf Mirqədirov 6 il azadlıqdan məhrum edildi. Ilin sonunda prezidentin imzaladığı əfv sərəncamına isə siyasi məhbuslardan heç birinin adı daxil edilmədi.
Korrupsiya, monopoliya ölkəni dağıtdı
Azərbaycanda qısa müddətdə hansısa müsbət dəyişikliklərin baş verəcəyinə ümid çox azdır. 2016-cı il Azərbaycanda etirazlar dalğası ilə başladı. Baş verənlər ölkə rəhbərliyini elə sıxıb ki, hökumət hər səviyyədə iqtisadi islahatlardan danışır. Reallıq göz önündədir: elə islahatlar var ki, onlar azı on beş il əvvəl həyata keçirilməli idi.
Planlaşdırmanın olmaması, korrupsiya, monopoliya və s. amillər ölkəni böhran vəziyyətinə gətirib çıxarıb. Dağıdıcı iqtisadi geriləmə davam edir.
Ən pisi budur ki, baş verənlər Azərbaycanda maliyyə böhranının hələ başlanğıcıdır. Azərbaycan hökuməti artıq Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan kömək istəyib. Azərbaycanda bəziləri islahatlar və müsbət dəyişikliklər imkanını bunda görürlər. Lakin Azərbaycanda yaxın gələcəkdə kəskin dəyişikliklərin olacağını demək çətindir.