Suriya danışıqları Moskva ilə Ankaranı üz-üzə qoydu

putin-erdogan1Lavrov: «Kürdləri müzakirələrdən kənarda saxlamaq danışıqları pozmaqdır»

Ərdoğan: «Suriya danışıqlarını pozan Rusiyadır»

Rusiya xarici işlər naziri Sergey Lavrovun Yaxın Şərq səfəri gündəmin əsas mövzularındandır. Rusiyalı nazirin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omana ziyarətinin ana mövzusu neft qiymətləri idi. Dünya bazarında neftin ucuzlaşması və bunun yaratdığı ciddi problemlər tərəflər  arasında belə bir görüşün təşkilini zəruri etmişdi.

Neftin dəyər itirməsi Rusiya, Oman və BƏƏ üçün olduqca vacib məsələ idi. Çünki bu ölkələrin hər üçünün büdcəsi əsasən neftdən formalaşır. Üstəlik müşahidəçilərin fikrincə, son vaxtlar Rusiyanın həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Omanla münasibətləri qaydasında getmir. Məsələn, BƏƏ ilə ticarət dövriyyəsi son üç ildə 2,5 milyard dollardan 853 milyona düşüb. Yaxın Şərq səfəri bütün bunların müzakirəsi üçün yaxşı fürsət idi.

Suriya faktoru

Suriya münaqişəsinə gəlincə, diqqətçəkən məqam bu səfərin məhz  Cenevrə danışıqlarının keçirildiyi vaxta təsadüf etməsi di. Rusiya XIN rəhbərinin  BƏƏ və Oman rəsmiləri ilə bağlı qapılar arxasında keçən görüşündən sonra jurnalistlər üçün brifinq keçirildi. Brifinqdə Lavrov və onun BBƏ-li həmkarı Abdulla ben Zayd əl-Naxayn iştirak edirdi.

Sual-cavab zamanı Lavrovdan sensasion hesab olunacaq hər hansı açıqlama gəlmədi. BMT Təhlükəsizlik Şurasının qətnaməsinin icrasını vacib saydıqlarını deyən rus nazir Suriya münaqişəsinin bütün tərəflərin iştirakı ilə həllinə tərəfdar olduqlarını bildirdi: “Ortaq mövqeyimiz belə oldu  ki, Suriyanın taleyini yalnız suriyalıların özləri həll edə bilər. Təbii ki, Cenevrə danışıqlarını da alqışlayırıq. Prosesin başlanğıc mərhələsi olduqca əhəmiyyətlidir. Lakin danışıqlarda iştirak edən tərəflərlə bağlı problem qalmaqdadır. Məsələ ondadır ki, Moskva və Dəməşq Cenevrəyə gələn Bəşər Əsəd əleyhdarlarını sivil müxalifət hesab etmir. Söhbət, “Əxrar əş-Şam” qruplaşması və “Ceyş əl-Islam” təşkilatından gedir. Bu məqam jurnalistlərin də diqqətindən yayınmadı”.

Lavrov izah etməyə çalışdı ki, bu təşkilatların bir neçə təmsilçisi Suriya müxalifəti adı altında danışıqlarda iştirak edir ki, bu da Rusiyanı qane etmir.

“Sponsorları onları ərköyün öyrədib”

Nazir danışıqlarda tərəf olan bəzi suriyalı müxaliflərin Rusiya qırıcılarının Suriyada hava əməliyyatlarını dayandırması tələbinə də münasibət bildirdi: “Mənə elə gəlir ki, sponsorları bu dəstənin bəzi üzvlərini həddən artıq ərköyün öyrədiblər. Ilk növbədə türk qonşularımızı qeyd etmək istəyirəm. Məhz onlar suriyalı kürdlərin Demokratik Xalqları Partiyası kimi önəmli bir tərəfin danışıqlarda iştirakını bloklamağa çalışırlar. Xarici sponsorların sənin yerinə danışıqlar aparıb anlaşmasına bel bağlamaq yanlış yanaşmadır. Bu kaprizli insanlar və oların kürdlərin müzakirələrdən kənarda saxlanılması ilə bağlı ultimativ tələbləri danışıqları ancaq poza bilər. Moskva öz mövqeyində qalmaqdadır. Həm Suriya hökuməti, həm müxaliflər şəxsi ambisiyalarını yox, suriyalıları maraqlarını müdafiə etməlidilər”.

Lavrov deyir ki, Rusiya bu məsələdə əlindən gələni edib. Və bu səylərin nəticəsi olaraq rəsmi Dəməşq Cenevrəyə vaxtında gəlib. Üstəlik əvvəlcədən heç bir şərt də irəli sürməyib: “Ümid edirik ki, müxaliflərə təsir edə bilən, sözü keçən qüvvələr də bu cür məsuliyyətli olacaq və özlərini beynəlxalq oyunçular kimi aparacaqlar”.

Danışıqlar donduruldu

Mətbuat konfransından dərhal sonra BMT-nin Suriya münaqişəsi üzrə xüsusi məruzəçisi Staffan de Mistura danışıqların fevralın 25-nə qədər dondurulduğu barədə qərar verildiyini bildirdi: “Suriyada vətəndaş müharibəsinə son qoyulması məqsədilə Isveçrənin Cenevrə şəhərində keçirilən danışıqlar müvəqqəti olaraq dayandırılıb. Danışıqlar fevralın 25-dək təxirə salınıb. Danışıqların dayandırılması onların iflasa uğraması anlamına gəlməməlidir. Lakin konfransı təşkil edən tərəflər arasında irəliləyişə nail olmaq üçün açıq sualların müzakirəsi üçün görüşlər keçirilməlidir”.

Yanvarın 29-dan başlayan danışıqlar prosesində hələlik tutarlı nəticələrin əldə olunmadığına işarə edən S.Mistura fevralın 2-də Isveçrə televiziyası üçün verdiyi müsahibədə danışıqlar naminə danışıqlar aparmayacağını və tərəflərin münaqişənin həlli üçün ciddi addımlar atmalı olduğunu bildirib. O, hökumət və müxalifət qrupları arasında birbaşa danışıqlara başlamaq üçün hələ görüləsi işlərin çox olduğunu qeyd edib.

“Bağlı qapılar arxasında başqa mövzuları müzakirə edirlər”

Lavrovun məlum ittihamlarına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan da reaksiya gəlib. Öz növbəsində Ərdoğan da Rusiyanı Suriya danışıqlarını pozmaqda ittiham edib.

Türkiyə prezidenti bildirib ki, Rusiya Suriyada hərbi əməliyyatları davam etdirdiyi müddətdə sülh danışıqları baş tutmayacaq:ÿ “Rusiya Suriyada insanları öldürməyə davam edir. Bu halda hansı sülh danışıqlarından söhbət gedə bilər?!”.ÿ

Ərdoğan bildirib ki, Suriya müxalifətinin danışıqlar üçün əsas şərti bu ölkədə Rusiya qırıcılarının bombardmanına son verilməsidir.ÿ

Türk lider onu da qeyd edib ki, Cenevrədə əsas məsələni kənara qoyub, bağlı qapılar arxasında başqa mövzuları müzakirə edirlər.

Gültəkin