Məşhur uşaq yazarının 9 kitabı Azərbaycan dilinə tərcümə edildi

lindgren2016-cı il fevral ayının 3-də Isveç Krallığının Bakıdakı Səfirliyi, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsi, TeliaSonera/Azercell və “Əli və Nino” birgə sosial layihənin təqdimat mərasimini həyata keçirmişdir. Təqdimat mərasimi Masazırda yerləşən məcburi köçkün şəhərciyində baş tutmuşdur.

Azərbaycanın bütün bölgələrini əhatə edən layihə 610 qaçqın və məcburi köçkün məktəblərinin hər birini Isveç yazıçısı Astrid Lindqrenin Azərbaycan dilinə yeni tərcümə edilmiş 9 ədəd kitabı ilə təmin edəcək.

Layihə qaçqın və məcburi köçkün ailələrindən olan azərbaycanlı uşaqlar arasında oxumaq həvəsini stimullaşdıracaq.

Kitablar eyni zamanda “Əli və Nino” kitab dükanlarında satışda olacaq ki, bu da ümumilikdə Azərbaycan dilində keyfiyyətli uşaq ədəbiyyatı nümunələrini əldə etmək imkanını artıracaq.

Eyni zamanda bu layihə Isveçdə Azərbaycanın qaçqın və məcburi köçkünlərinin vəziyyəti haqqında geniş məlumatının yayılmasına kömək edəcək.

Uşaq ədəbiyyatı üzrə Isveç və Azərbaycanlı mütəxəssislər arasında müzakirələrin aparılması və bu kimi digər qarşılıqlı maraq kəsb edən layihələrin həyata keçirilməsi Azərbaycan və Isveç arasında mədəni əlaqələrin möhkəmlənməsinə gətirib çıxaracaq.

Layihənin təqdimat mərasimi üçün Astrid Lindqrenin kitablarından qısa səhnəciklərin hazırlanmasında məcburi köçkün məktəbinə köməklik göstərmiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Astrid Lindqrenin əsərləri əsasında teatr tamaşalarının təşkil edilməsi məsələsi müzakirə olunur.

Isveç səfirliyi eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyaya təqdim edilməsi istiqamətində bir sıra addımlar atacaq ki, buna misal olaraq, Azərbaycanın müvafiq qurumlarının Astrid Lindqrenin xatirəsinə həsr olunmuş dünyanın ən nüfuzlu beynəlxalq uşaq ədəbiyyatı mükafatına namizəd təqdim edə bilən təşkilatların siyahısına düşməsinə köməklik edilməsini göstərmək olar.