Emin Millinin qaynının üzünə duran adamın peşmançılığı

emin-milli2«Çox səhv eləmişəm, bu qədər başağrısı olacağını bilmirdim»

Meydan TV-nin direktoru Emin Millinin qaynı, IT mütəxəssisi olan Nazim Ağabəyovun işi üzrə məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dünənki iclasda biri polis, digəri isə mülki şəxs olmaqla, iki nəfər şahid qismində dindirilib.

Bakı şəhər Baş Polis Idarəsinin əməkdaşı olan Elxan Cəlilov Nazim Ağabəyovu necə həbs etdiklərindən danışıb. Dediyinə görə, Ağabəyova heç bir zor tətbiq eləməyiblər, 9-cu mikrorayonda saxlayıb, idarəyə gətiriblər. Orada isə cibindən və maşının yük yerindən heroin tapıblar.

Hal şahidi qismində dindirilən Emin Sadıqov məhkəmədə ifadə verməyə başlayarkən peşman olduğunu dilə gətirib: “Çox səhv eləmişəm, bu qədər başağrısı olacağını bilməzdim…”

Dindirmə zamanı məlum olub ki, Emin Sadıqov BDU-nun hüquq fakültəsinin məzunudur, amma bu işə hal şahidi kimi cəlb olunub.

“Idarədə bu adam (Nazim Ağabəyovu göstərir-red.) dedi ki, atam məşhur rəssamdır, ”Babək” filminin rəssamı da o olub. Idarədə ondan soruşdular ki, vəkil gəlsin? Dedi ki, istəmirəm, mənim öz vəkilim olacaq”, – deyə Emin Sadıqov bildirib.

Maraqlıdır ki, son nəticədə Nazim Ağabəyov özünün istədiyi vəkillə yox, polislərin tapdığı, dövlət hesabına müdafiəçi ilə təmin olunub.

Məhkəmədə Nazim Ağabəyovun vəkili Adil Ismayılov hal şahidindən bu iş üzrə müstəntiqə nə vaxt ifadə verdiyini soruşub. O, Ağabəyovun saxlanılması hadisəsindən təxminən bir həftə-on gün sonra istintaqa ifadə verdiyini bildirib. Lakin cinayət işinin materiallarından məlum olur ki, Nazim Ağabəyov iyulun 23-də saxlanılıb, ertəsi gün də Emin Sadıqov dindirilib.

Hakim Əfqan Hacıyev bildirib ki, digər hal şahidinin Rusiyada olması barədə məhkəməyə məlumat daxil olub.

Məhkəmə prosesi fevralın 15-də davam etdiriləcək.

Xatırladaq ki, Nazim Ağabəyov həm də Xalq rəssamı Mais Ağabəyovun oğludur. O, 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə ittiham irəli sürülüb. Lakin Nazim Ağabəyov ittihamı rədd edir, narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti sərt tənqid edən Emin Millinin yaxın qohumu olmasıylı əlaqələndirir.