“Elmira Axundova özünün deputat maaşı, oğlunun 486 manatlıq əməkhaqqısı ilə kvadrat metri 4000 manatdan evi necə alıb?”
Deputat Elmira Axundovanın qocaman jurnalist Feyruz Həşimov arasında məhkəmə çəkişməsi apellyasiya instansiyasında davam edir. Fevralın 4-də Bakı Apellyasiya Məhkəməsində bu iş üzrə keçirilən məhkəmə prosesində 78 yaşlı Feyruz Həşimov və onun nümayəndəsi deputatın əmlakı, həmçinin oğlu Həbib Axundovun əməlləri barədə bir sıra ciddi faktlar ortaya qoyub.
Feyruz Həşimovun nümayəndəsi Tahir Əlirzayev məhkəməyə Elmira Axundova və oğlunun çox baha qiymətə yeni mənzil alması barədə sənəd təqdim edib. “Abşeron” Mənzil-Tikinti Kooperativinin möhürlü, imzalı arayışından görünür ki, Elmira Axundova və oğlu Həbib Axundov bir müddət əvvəl şəhərin mərkəzində, çox bahalı “Port Baku Residense”də iki mənzil alıb, özü də avtomobil üçün dayanacaqları ilə birlikdə.
“Elmira Axundova deputatdır, oğlu da Dövlət Gömrük Komitəsinin növbətçi hissəsində işləyir. Maaşı da cəmi 486 manatdı. Nə özünün, nə də oğlunun kommersiya ilə məşğul olmaq hüququ var. Qanun bunu onların hər ikisinə qadağan edir. Bu adamlar hansı pulla kvadrat metri 4000 manatdan milyon yarıma ev alıblar? Feyruz Həşimov isə pensiya ilə heç özünə dərman ala bilmir…”, – deyə Tahir Əlirzayev bildirib.
Qeyd edək ki, Elmira Axundova Feyruz Həşimovu 2015-ci ilin mayında “Gündəlik Bakı” qəzetində dərc olunan yazılara görə məhkəməyə verib. Deputat həmin məqalələrdə özü və oğlu barədə fikirlərlə şərəf və ləyaqətinin təhqir olunduğunu, ona böhtan atıldığını iddia edərək, məhkəmədə ona qarşı 100 min manatlıq iddia qaldırıb. Deputat həmin yazılara görə təkzib verilməsi, üzr istənilməsi və 100 min manat da kompensasiya tələb edir. Xətai Rayon məhkəməsi deputatın iddiasını təmin edib, lakin təzminat məbləği 100 min yox, 5000 müəyyənləşdirilib. Deputat da bundan narazı qalaraq, apellyasiya şikayəti verib. Eyni zamanda, cavabdeh Feyruz Həşimov da apellyasiya şikayəti verib.
Əliyevə məktubda Elmira Axundova və oğlu barədə nələr var?
Məhkəmə prosesində Feyruz Həşimov özü də iştirak edib. O, çıxışında bildirib ki, Elmira Axundovanın oğlundan şikayətçi olan şəxslər ona da müraciət edib. Həmin vətəndaşların başlarına gətirilənləri biləndən sonra baş verənlərə biganə qala bilməyib.
Deputatın nümayəndəsi Afət Qazıyeva ondan “Gündəlik Bakı”da Elmira Axundova barədə dərc olunmuş yazıları kimin sifarişilə yazdığını soruşanda Feyruz Həşimov belə cavab verib: “Əvvəla, mən sifariş yerinə yetirən olsaydım, bu günə düşməzdim. Mən öz ürəyimin səsi ilə yazmışam. Mən bilirdim ki, Elmira Axundova öz balasını müdafiə etmək üçün hər şeyə əl atacaq. Həbib Axundovdan şikayətçi olan zərərçəkmişləri bir-bir Bakı şəhər Baş Polis İdarəsinə çağırıb hədələyirlər. Bunu ictimailəşdirmişəm. Elmira Axundovanın məni məhkəməyə verməsini özümə təhqir sayıram. Mən 160 manat pensiya alıram, heç dərmana çatmır, məndən 100 min pul istəyir…”
Jurnalist Elmira Axundova və oğlu barədə prezidentə yazdığı məktubu da məhkəmədə səsləndirib.
“78 yaşım var, ömrümün qürub vaxtıdır. Bu gün dərmana möhtac qalsam da, yaşadıqlarıma, apardığım mübarizəyə görə peşman deyiləm.
Elmira Axundova özünün titul və imtiyazlarını sipərə döndərərək, oğlu Həbib Axundovu qoruyur. Həbib Axundova görə neçə-neçə ailənin həyatı cəhənnəmə dönüb. Amma heç bir orqan Elmira Axundovanın qorxusundan onun barəsində tədbir görmür. Elmira Axundova və oğlu barədə sizə dəqiq məlumat verilsə, əminəm ki, vəziyyət bir anda dəyişər.
Elmira Axundova hansı pulla bahalı evlər alır, bahalı maşınlar saxlayır? Həbib Axundov adamların pullarını nə vaxt qaytaracaq?”, – deyə İlham Əliyevə məktubda yazılıb.
Feyruz Həşimov qeyd edib ki, hələ bildiyi bir çox faktları açıqlamır: “Elə faktlar bilirəm ki… Məhkəməyə hörmətimdən, utandığımdan onları dilə gətirmirəm”.
Hakimlərə etiraz
Daha sonra Feyruz Həşimovun nümayəndəsi bir sıra vəsatətlər qaldırıb. Tahir Əlirzayevin birinci vəsatəti yazıların dərc olunduğu “Gündəlik Bakı” qəzetinin cavabdeh qismində işə cəlb olunması haqda olub. Lakin qarşı tərəf bunun əleyhinə çıxıb. Məhkəmə də vəsatəti təmin etməyib.
Bu məqamda Tahir Əlirzayev Elmira Axundova və oğlunun “Port Baku Residense”dəki evləri barədə sənədi məhkəmənin diqqətinə çatdırıb.
Ardınca isə vəkil məhkəmə mübahisəsinə səbəb olan yazılarda təhqir, böhtan hallarının olub-olmadığının müəyyənləşdirilməsi üçün prosesə mütəxəssis cəlb olunması barədə vəsatət qaldırıb. Qarşı tərəfin nümayəndəsi Afət Qazıyeva bu vəsatətin də əleyhinə olub: “Elmira Axundovanın “iki cəbhəyə işləyən adam” kimi təqdim olunması, onun çıxışlarının gülüş doğurması barədə fikirlərə qiymət vermək üçün xüsusi bilik tələb olunmur. Ona görə də mütəxəssisin cəlb olunmasına ehtiyac yoxdur”.
Bu vəsatət də təmin olunmayıb.
Tahir Əlirzayev üçüncü vəsatətində isə sözügedən məqalələrlə bağlı linqvistik ekspertizanın keçirilməsini istəyib. Qarşı tərəf buna da zərurət olmadığını bildirib. Məhkəmə ekspertiza ilə bağlı vəsatəti də təmin etməyib.
Bundan sonra Tahir Əlirzayev Cəmilə Səfiyevanın sədrlik etdiyi hakimlər heyətinə etiraz verib. O bildirib ki, bu tərkibin işə obyektiv baxıb, ədalətli qərar qəbul edəcəyinə bəri başdan əsaslı şübhələri var: “Tərəflərə bərabər şərait yaradılmayıb, ədalət mühakiməsinin prinsipləri pozulub. Hesab edirik ki, bu tərkib işin obyektiv araşdırılmasında maraqlı deyil. Vəsatətlərimizin heç birinin təmin olunmamasının səbəbi də budur. Çox ciddi və əsaslı şübhələrimiz var ki, bu məhkəmə heyəti əsassız və qanunsuz qərar qəbul edəcək. Ona görə də xahiş edirik, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev etirazımıza baxıb, bu işə baxılmasını başqa bir məhkəmə tərkibinə həvalə etsin”.
Lakin məhkəmə etirazın baxılmamış saxlanılması barədə qərar qəbul edib. Tahir Əlirzayev isə bildirib ki, bu hakimlərə verilən etiraza onların özü baxıb qərar verə bilməz. Bütövlükdə tərkibə verilən etiraza məhkəmənin sədri baxıb qərar verməlidir. Lakin onun iradə nəzərə alınmayıb və məhkəmə dərhal müşavirəyə gedib. Bir neçə dəqiqəlik müşavirədən sonra isə apellyasiya şikayətinin təmin olunmadığı, Xətai Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanıldığı açıqlanıb.
İnformasiya şöbəsi