elnurastanbeyli@gmail.com
Bu gün “facebook” sosial şəbəkəsinin yaradılmasından 12 il ötür.
Dindirsən, bizdə çox adam sosial şəbəkələrin zərərlərindən danışacaq, ona hədsiz vaxt və enerji sərf olunmasından gileylənəcək, insanları real həyatdan, canlı ünsiyyətdən qoparmasından şikayətlənəcək. Açığı, azərbaycanlıların belə giley-güzarları mənə xeyli dərəcədə qeyri-səmimi, saxta təsir bağışlayır. Guya canlı ünsiyyətdə bizim camaat bir-birinə hansı vacib informasiyanı ötürür, bir-birindən hansı müsbət enerjini alır? Sanki iki tanış, dost, yaxud qohum azərbaycanlı bir yerə gələndə dağı dağ üstündə qoyurlar. Bilirik də, əksəriyyətin üz-üzə söhbətlərinin mövzusu, məzmunu nədən ibarətdir. Bu mənada sosial şəbəkələrdən şikayətlənmək xeyli komikdir. Mən kifayət qədər insan tanıyıram ki, onların düşüncələrinin formalaşmasında, sosiallaşmasında, ictimailəşməsində, siyasiləşməsində sosial şəbəkələr birbaşa rol oynayıb, onlara həyatın ancaq məişət məsələlərindən ibarət olmadığını izah edib.
Əlbəttə, facebook başda olmaqla, sosial şəbəkələrdən yenə də mənasız, düşük, bayağı, aqrar məqsədlər, niyyətlər üçün faydalananlar var, həm də onlar çoxluq təşkil edirlər. Amma bu, onların əhəmiyyətini, gərəkliliyini, həyatımızda önəmli yerə, rola sahib olduğu həqiqətini dəyişmir. Ona qalsa, biz məsələn, qələmə müqəddəs deyirik, sözü müqəddəs sayırıq, amma qələmdən, sözdən çirkin işlər üçün də az yararlanmırıq. Qələmi yaltaqlıq alətinə çeviririk, sözdən yalan eposları düzəldirik. Bu o deməkdirmi ki, həyatımızı qələmsiz, sözsüz təsəvvür etmək mümkündür? Daşla baş da yarırlar, ev də tikirlər. Sosial şəbəkələr də həmçinin – ondan axmaq məqsədlər üçün də yararlanmaq olar, faydalı işlər üçün də!
Azərbaycan kimi basqıçı, repressiv rejimlərin hökm sürdüyü, cəmiyyətdən xəbər almaq imkanlarının, resurslarının bir əldə cəmləşdirilməyə çalışıldığı ölkələr üçünsə sosial şəbəkələr çağın yaratdığı vazkeçilməz fürsətlərdir. Gəlin bir anlıq internetsiz dövrdə yaşadığımızı zənn edək, hesab edək ki, sosial şəbəkələr yoxdur. Vəziyyətimizi təsəvvür edirsinizmi?! Sadəcə, AzTV-lərin, “Səs”in, “Xalq qəzeti”nin ümidinə qalmaq doğrudanmı, sizə xoş gələrdi?!
Kim hansı çirkin, iyrənc məqsədlər üçün yararlanır yararlansın, suçu, babalı öz boynuna! Amma sosial şəbəkələr bizim üçün azadlıq nəfəslikləridir, dəhşətli bozluğa və boşluğa sürüklənmiş bir ölkədə həyatımızı az-çox rəngləndirmək, gözəl şeylərlə doldurmaq imkanıdır.
Bu gün Azərbaycanda sosial şəbəkə fenomeni olmuş nə qədər insan var, – bəzilərinin adını çəkməyi özümə borc sayıram: Yalçın Islamzadə, Ruslan Köçərli, Coşqun Eldaroğlu, Nail Zeynalov, Elan Vital…- virtual aləm cəmiyyətə müsbət mesajlar ötürmək, irəli görüşlərini, çağdaş düşüncələrini insanlarla paylaşmaq üçün onlara imkanlar tanıyır. Hansı ki, virtual aləm olmasaydı, biz onların bir çoxunu yerli-dibli tanımaz, varlıqlarından xəbərsiz qalardıq. Həmin bilikli, savadlı, toplum üçün yararlı insanlara sosial şəbəkələrin yoxluğunda cəmiyyətə faydalı olmaq fürsətini kim tanıyacaqdı? AzTV-mi? Bəlkə “Iki sahil”? Yoxsa “Mikayıl-şou?”
Hazırda Azərbaycan həbsxanalarında facbeook-da “Yaltaqlara dur deyək!” səhifəsi yaratdığı üçün Əbdül Əbilov kimi vicdanlı bir gənc qondarma ittihamlarla, siyasi sifarişlə törətmədiyi cinayətin cəzasını çəkir.
Yaxud Ömər Məmmədov – bu işıqlı gənci rejim haqsız yerə, şərləyərək həbs edəndə cəmi 19 yaşı vardı, onu hakimiyyətə qarşı satirik tənqidləri ilə bilinən “AzTVdən seçmələr” adlı facebook səhifəsinə görə dəmir barmaqlıqlar ardına atıblar.
Dediyim odur ki, sosial şəbəkələrə mız qoyanda bu nümunələri də unutmayın, belə gənclərə haqsızlıq etməyin, onlar virtual aləmin gücündən, imkanlarından Azərbaycana yararlı, faydalı olmaq üçün bəhrələnirdilər, daha oranı öz dar düşüncələri, məişət təfəkkürləri, aqrar zehniyyətləri, səfeh, düşük mental sayıqlamaları, zəvzəklikləri ilə zibilləmirdilər.
Nəhayət, fikir vermişəm, sosial şəbəkələr haqqında daha çox rejim yandaşları ağız büzərək danışırlar, facebook-dan, tvitter-dən cin-şeytan obrazı düzəldirlər. Onları başa düşürük, axı sosial şəbəkələr yalanın təntənəsinə mane olur. Sosial şəbəkələr sayəsində yalana, zülmə, Şərə tamamilə təslim olmuş bir ölkə yaratmaq artıq daha da çətindir – budur yapçıların onlara qıcığının bir nömrəli səbəbi!