Bizim ölkənin indiki durumu balıqçı ilə balığın nağılındakı sonluğa bənzəyir. Görməmişin toruna düşən qızıl balıqdan nələr istədiyini xatırlayırsınız. Bu acgöz istəklərin siyahısı kiçik paltar təknəsi ilə başlayıb, mal-mülkə, qulluqçu-nökərə qədər genişlənir. Balıq bu doyumsuz arzuları yerinə yetirdikcə, tamah bir az da böyüyür. Sonda nəfsi doymayan acgözlər qızıl balığın da nökərləri olmasını hökm edirlər və aqibəti bilirsiniz, sehr sönür, hər şey əldən gedir. Şübhəsiz ki, hər bir insanın, hər bir toplumun və xalqın qarşısına da mütləq mənada nə zamansa gözəl şanslar çıxır. O şansı düzgün dəyərləndirə bilməyən, yolunu azıb cızığından çıxanlara Allah neyləsin, bəndə neyləsin, balıq neyləsin…
Yaxşı xatırlayıram, Bakıda neft-qaz yataqlarının işlənməsi haqqında “Əsrin müqaviləsi” imzalanandan sonra xarici ekspertlərin qatıldığı bir tədbirdə iştirak etmişdim. Tanınmış iqtisadçılardan birinin dünya təcrübəsində enerji gəlirlərinin hansı ölkələrə bədbəxtlik, hansılara xoşbəxtlik gətirdiyi haqqında maraqlı çıxışı olmuşdu. Müqayisəsini Nigeriya və Norveç üzərində quran ekspert demişdi ki, ölkəmizin bu iki formuldan hansını seçəcəyi artıq onun öz öhdəsinə düşür. Nə yazıq ki, Azərbaycan birinci variantı, ən pis olanı seçdi. Elə ona görə, ölkənin düşdüyü bu acınacaqlı durumda özümüzü neft gəlirlərindən ağılla faydalanan və həyatı gözəlləşən Norveç insanı ilə deyil, talesiz Nigeriya ilə müqayisə edə bilirik ancaq. O Nigeriya ki, bu gün Amerika neftinin beşinci böyük təminatçısı və ən böyük Afrika bazarı sayılır. Ölkənin ixrac gəlirlərinin 96%-ni də neft və LNG satışları təşkil edir. Amma, gəl ki, əhalinin həyat səviyyəsi yoxsulluq həddinin ən acınacaqlı yerindədir. Ölkədə adambaşına düşən illik gəlir 733 dollardır. Ümumi göstəriciyə baxsaq, bu Afrika ölkəsi enerji ilə zəngin dünya ölkələri arasında ən yoxsulu sayılır. Amma bir fakt da var. Orda xarici neft korporasiyaları tərəfindən neft istehsalının 70-ci illərdən başlandığını nəzərə alsaq, gələn gəlirlər fonunda bizim durumumuzun onlardan daha sürətlə pisləşməyə doğru getdiyini də açıq söyləyə bilərik…
Əslində, çoxunuz “biz heç isinmədik istisinə, kor olduq tüstüsünə” də deyə bilərsiniz və dediyinizdə də haqlı sayılarsınız. Ümumi müqayisəni götürsək, ölkəyə 10 ildə axan gəlirlərin bölüşdürülməsində Nigeriyadan belə pis nümunə göstərdiyimiz ortaya çıxır. Əgər qeyd etdiyimiz bu çöllük Afrika ölkəsində əhali sayının 144 milyon nəfər, yəni bizdən 16 dəfə artıq olduğunu düşünsək, fikrimizi bir az da möhkəmləndirmiş olarıq. Hələ o ilan mələyən səhraları, bizim torpağı min cür nemət bitirən yaşıl tarlalarımızla bir araya necə qoyacaqsınız? Zamanında ağıllı insanlar haray salıb qeyri-neft sektorunun inkişafına diqqət yetirməyə çağıranda özlərini karlığa vurmuşdular. Neftdən gələn gəlirlər adamların başını elə gicəlləndirmişdi ki, onun heç bitib-tükənməyəcəyini düşünürdülər. Ancaq hər şey tükəndi. Əlbət ki, tükənəcəkdi də. Bunu anlamamaq üçün dəli olmaq lazımdı. Çünki o gəlirlər gəlməzdən çox-çox öncə ağıllı iqtisadçılar tərəfindən hər şey ölçülüb biçilmişdi. O iqtisadçılar hansı halda nə ola biləcəyi ilə bağlı bütün göstəriciləri masaya qoymuşdular. Sadəcə, başda oturanlar bir az tamahlarına hakim olmalıydılar. O vecsiz adamlar bir az öz genəlmiş mədələrini durdurub, ölkə insanının halına nəzər salmalıydılar. O adamlar bir az da bu günün sabahını düşünüb, nəfslərinə “yetər” deməliydilər. Biz bu gün o görməmişlərin varlanmaq hərisliyi üzündən dalana dirənmişik. Biz bu böhrana onların doyumsuz qarnının ucbatından düşmüşük. Ölkədə yaşananlar balıqçı ilə balığın nağılındakı sonluğa bənzəyir, bəli. Bizim pərişan olduğumuz acı sonluğa…