Uşaq bağçasında nələr baş verir?

baxcaTərbiyəçi müəllimdən prezidentə çalışdığı müəssisə ilə bağlı şok məktub…

Eşitmə qabiliyyəti pozulmuş uşaqlar üçün ixtisaslaşmış körpələr evi-uşaq bağçasında tərbiyəçi işləyən Zərqələm Alıyeva çalışdığı müəssisənin rəhbərliyi tərəfindən təzyiqlərə məruz qaldığını deyir. Bu barədə o, dövlət başçısı Ilham Əliyevə müraciətində yazır. Tərbiyəçi prezidentə ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib:

“1985-ci ildən həmin uşaq bağçasında çalışıram. Burada çalışdığım müddətdə iş yoldaşlarım arasında hörmət və nüfuza malik olmuşam. Lakin bağçanın müdiri Cəfərova Sədaqət Sadıq qızı son zamanlar, yəni 2015-ci ilin iyul ayından başlayaraq, müxtəlif vasitələrlə mənə şər-böhtan atır, hədə-qorxu gəlir. Məni işdən çıxarmaqla hədələyir. Bu cür münasibətin səbəbi isə bağçada baş verən neqativ hallara mənim sükutla yanaşmayıb, etiraz etməyimlə bağlıdır.

Dəfələrlə bağçada yeməklərin keyfiyyətsiz bişirilməsinə, uşaqlara verilən yardımların bağçadan daşınmasına, şirələrə su qatılmasına, Qurban ətinin uşaqlara verilməməsinə etirazımı bildirmişəm. Cəfərova Sədaqət məni müxtəlif üsullarla hədələyərək, özümə aid olmayan işlərə qarışmamağı tələb edib”.

Zərqələm Alıyeva məktubunda onu da qeyd edir ki, bağça müdirinin təzyiqləri nəticəsində səhhətində problem yaranıb, təcili tibbi yardıma müraciət etmək məcburiyyətində qalıb. O, Təcili Tibbi Yardımla bağlı sənədləri də məktuba əlavə edib.

“Iş yerimdə rahat işləyə bilmirəm. Mənə qarşı təzyiqlərə etiraz edəndə də verdiyi cavab bu olur: ”Get, hara istəyirsən, şikayət elə”, – deyə Zərqələm Alıyeva bildirir.

O, məktubda göstərdiyi hallarla əlaqədar məlumat vermək üçün Bakı Şəhər Icra Hakimiyyətinin Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsinin rəhbəri Eldar Yunusovun qəbulunda olduğunu deyir: “Təəssüf ki, hələ heç bir tədbir görülməyib”.

Onun sözlərinə görə, bağçaya Bakı Şəhər Icra Hakimiyyətindən yoxlama gələndə xeyli çatışmazlıqların şahidi olub.