İşğalçının da Azərbaycana vura bilmədiyi zərbə

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Azərbaycanın son səssiz filmi kimi bir tarix

Milli kino sənətimizdən söhbət düşəndə mütəxəssislərimiz bir məqamı diqqətə çatdırmağı çox sevir. Deyirlər ki, bizim kinematoqrafiya tarixi dünya kino sənəti tarixindən cəmi 3 il sonra başlayıb. Yəni çox erkəndir, ciddi uğurdur. Bir qayda olaraq, “əcnəbi göydə balonlarla gəzəndə, biz hələ avtomobil minmədiyimizdən” bu qədər erkən doğuluşa diqqət ayırmamaq həqiqətən də mümkün deyil.

Bəs burada neftin rolunu necə danmaq olar? Bəli, mən ilk bədii, həm də ilk səssiz filmimiz olan “Neft və milyonlar səltənətində” (1915-1916) ekran əsərini xatırladacağam, amma kino sənətimizin erkən təşəkkülü bu filmin neftlə bağlı olmasında deyil. Sadəcə, neft amili özü erkən inkişaf üçün, başqa sözlə, gecikmələri böyük təcillə adlamağa imkan verən bir bolluqdur. Bakı nefti 19-cu əsrin sonu və 20-ci əsrin əvvəlində nələrdəsə öz təsirini göstərmişdi, məsələn, arxitekturada, şəhərsalmada, kino sənətində və s. Amma sirr deyil ki, o zaman da bizim üçün həqiqi şansa çevrilib, gerçək inkişafa baza ola bilmədi.

Çox qəribədir, “Neft və milyonlar səltənətində” həmin dövr Azərbaycanını uzaqgörənliklə təsvir edir. Ədəbi obrazları kimi sonradan öz taleyi də faciə ilə bitən İbrahim Musabəyovun romanı əsasında çəkilən filimin qəhrəmanı Cəlil sadə, kasıb bir adamdır. Necə deyərlər, xalq adamı. Sonradan neft milyonçusuna çevrilən Cəlil görmədiyi zəngin həyata qədəm qoyur. Lakin daha varlı neft milyonçusu Lütfəli ilə dostluq etməsi onu müflis hala salır, yenidən səfil gününə qoyur. Neftin bu cür dönüklüyü Cəlilin faciəsinə çevrilir. Neft onun bəlası olur.

Bakı neftinin o dönəmi də Cəlilin taleyi kimi oldu, başı zəngin həyata qarışmış neft milyonçularını gözlənilməzliklər yox etdiyi kimi, Azərbaycan xalqı da sadə xalqdan çıxmış Cəlil kimi ondan heç nə əldə etmədi. Hər şey elə bil bir səssiz film idi, baxıldı, ötüb keçdi.

Ən maraqlısı odur ki, bir əsr sonra, 21-ci əsrin əvvəlində də eyni film təkrar olundu. Ay nə bilim, əsrin müqaviləsi, böyük ümidlər, böyük pullar, böyük layihələr sanki bir film idi, bircə aya ötüb keçdi. “Bağ belə, bostan belə” deyənlər sonunda xalqa ucuz un təklif etdilər ki, neft səltənətinin sakinləri ac qalmasın.

Azərbaycan xalqı o lənətə gəlmiş filmin lənətə gəlmiş Cəlili kimi axırda düzdə qaldı. Səfil kimi. Yoxdur artıq neftin yaratdığı zənginlik, analoqu olmayan inkişaf, təntənə, hətta ümid…

İnsafsız deyilik, unutmuruq ki, neft bu əsrin sonunda da nələrəsə təkan verdi. Məsələn, arxitekturaya. Xalqın uzaqdan baxdığı “Alov qüllələri” kimi bəzi binalar tikilib, vətəndaşlara minnət və böyük xoşbəxtlik kimi təqdim edilən mərkəzi küçələr, bulvar, bəzi parklar gözəlləşdirilib, xaricdən qış dövründə soyuqlamasın deyə bələklənən ağaclar gətirilib. İlk film o əsrdə yaradılmışdısa, bu əsrdə ilk Avropa Oyunları icad edərək filmi kimi açılış etmiş, Alim Qasımovu xalçanın üstündə uçurtmuşuq.

Belə təkanları olsa da, bu əsrdə də Bakı nefti şansımız olmadı, ölkənin köklü inkişafını gətirmədi. Hətta sonucda dərin böhrana çevrildi. Ən pisi odur ki, ötən əsrin əvvəlində Azərbaycan ya işğalda idi, ya da müstəqillik və istiqlal iqbalı işğalla bitmişdi, ona görə də neftdən gözlənti də indiki deyildi. Amma indi Azərbaycan müstəqil idi. Bu sərvətlə böyük sıçrayışlara imza ata bilərdi. Lakin Azərbaycan işğalçının da vura bilmədiyi zərbəni aldı! Hər şey bir sülalə hakimiyyətinin tamahına qurban getdi. Bakı nefti Əliyevlərin qurbanı oldu. Azərbaycan xalqı bir də ayıldı ki, şıltaq bir aparıcının efirdən dediyi kimi, Bakı nefti bir film idi, baxdıq getdi…

Həm də sonuncu səssiz Azərbaycan filmi!