“Eyni dalğa, eyni koordinat…”

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Üç gün öncə yapçıların energetika naziri Natiq Əliyev muştuluqladı, rejim mediası iri və qırmızı şriftlərlə yayınladı: ilin sonunadək neftin qiyməti artacaqmış!

Dəhşətdir: baxmayın “böhrandan çıxış yolları” haqqında bəlağətli nitqlərə, bunlar hələ də neftin bahalaşmasına bel bağlayırlar, başqa heç bir çözüm yolu tapa bilmirlər. Ya da yaxşı bilirlər: gerçək çözüm yolu əslində iqtisadi deyil, siyasidir, o da rejimə sərf etmir. Oturduqları budağı baltalayası deyillər ki!

Bu rejimin mövcudluq səbəbi inhisarçılıqdır, korrupsiyadır. Onları ləğv etmək Sistem üçün intihara bərabərdir. Odur ki, hansısa yapçı monopoliyanın aradan qaldırılmasından danışırsa, bunu ciddi qarşılamamaq lazımdır. Bu cür çıxışlar gözdən pərdə asmaqdan başqa bir şeyə xidmət etmir: quş qanadsız uça bilməyəcəyi kimi, yaptokratiya da inhisarsız var ola bilməz!

Bir neçə il əvvəl, “ərəb baharı” başlayanda rejimin əndişəyə düşüb “anti-korrupsiya kampaniyası”na start verməsini xatırlayın. Bunun şoudan başqa bir şey olmadığını o vaxt reallıq hissini itirməyən hər kəs gözəl anlayırdı, ağlı başında olan hər kəs başa düşürdü ki, yaptokratiya korrupsiyayla gerçək mənada mücadilə etməz, bu, xarakiri kimi bir şeydir.

Necə ki, elə də oldu: “korrupsiyaya qarşı mübarizə” nəinki hansısa meşəbəyini, yaxud qatar bələdçisini rüşvət üstündə tutmaqdan o yana keçmədi, üstəlik, milyardlarla dolların havaya sovrulduğu korrupsiya layihələrinə start verildi (məsələn, Avropa oyunları kimi!), ofşor zonalarda hansı daş qaldırıldısa, bunların şirkətləri çıxdı.

Sözümün canı odur ki, indi də vəziyyət fərqli deyil, bir filmdə deyildiyi kimi, “eyni dalğa, eyni koordinat”: guya hansısa “radikal iqtisadi islahatların başlanıldığından” danışılır, ancaq bu tip rejimlərin mahiyyətinə bələd olanlar yenə bilirlər ki, danışılanlar blefdən başqa bir şey deyil. Çox sadə səbəbdən (əvvəllər də  yazmışıq, yenə təkrarlayaq): Azərbaycanın düşdüyü bu böhranlı durumun səbəbi iqtisadi deyil, daha çox siyasidir, ona görə də xilas üçün öncə iqtisadi deyil, məhz siyasi qərarlar verilməlidir, Sistemin yanlış, çağdışı, anti-demokratik siyasi baxışları, görüşləri dəyişməlidir, o, öz basqıçı, repressiv mahiyyətindən qurtulmalı, bütün hüquq və azadlıqları tanımalı, milli iradənin təcəlla etməsinin önünü açmalı, vətəndaş cəmiyyəti üzərindən əlini çəkməli, həbsxanaları siyasi məhbuslardan boşaltmalı, məhkəmələri öz alətinə, oyuncağına çevirməkdən vaz keçməli, mətbuatı boğmaq vərdişini tərgitməlidir və s. və i.

Əks halda məmurlara “NAZ Lifan” aldırmaqla, ya da ərzağın qiymətini inzibati yollarla aşağı çəkməyə çalışmaqla bir nəticəyə varmaq mümkünsüzdür. Ictimai rəyin və ictimai nəzarətin olmadığı şəraitdə müsbət nəyəsə ümid etmək, Xəzərdə balina ovuna çıxmaq kimi bir şeydir.

Axı nə qədər demək və yazmaq olar: bu gün heç bir qlobal iqtisadi böhran-zad yoxdur, böhran neft ölkələrinin, bir az da konkretləşdirsək, taleyi neftdən asılı olan ölkələrin böhranıdır, hansı ki, az qala hamısında siyasi geridəqalmışlıq hakimi-mütləqdir, hamısında hüquq və azadlıqlar çeynənir, hamısı orta çağ zehniyyətinin girovudur, hamısı gücünü korrupsiyadan, repressiyadan alırlar. Bir çox qeyri-neft ölkələri ki var, hansı ki, həm də çağdaş idarəetmə modelinə sahibdirlər, həmin ölkələrin iqtisadiyyatları isə böyüməkdədir. Bu sadə həqiqəti görməyib, ya da görüb, amma camaata təhrif olunmuş şəkildə sırıyaraq illərdən bəridir öz yanlış idarəçiliyini məsuliyyətdən azad etməyə çalışmaqla rejim Azərbaycanı düşdüyü bu böhranlı vəziyyətdən qurtara bilməz. Ümidini neftin bahalaşacağına dair proqnozlara bağlayaraq, o vaxtacan isə uzaqbaşı “ağrıkəsici effekti” yaradan addımlar ataraq, inzibati-administrativ güc hesabına durumu nəzarətdə saxlamağa çalışaraq yaxşı heç bir nəticə əldə etmək mümkün deyil.

Əksinə, bu cür ənənəvi, aqrar yanaşma tərzi və təfəkkürü daha pis sonuclar vəd edir. Bizdən söyləməsi! Sonra deməyin ki, deməmişdik.