Əliyev Gürcüstan düyününü çözə bilmir

gurcustan1

Hakimiyyət böhranlı durumda Gürcüstana qaz satışı hesabına gələn valyutanın da dayana biləcəyindən narahatdır

Dövlət başçısı Ilham Əliyevin Gürcüstana səfərinə hazırlıq gedir. Bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili bildirib. Baş nazir hazırda səfərin detallarının dəqiqləşdirildiyini deyib. Qeyd edək ki, baş nazir daha əvvəl verdiyi açıqlamada Azərbaycan prezidentinin yaxın gələcəkdə Gürcüstana səfər edəcəyini bildirib. O, bununla bağlı I.Əliyevlə Davosda keçirilən görüşdə razılığa gəlindiyini qeyd edib.

Maraqlıdır ki, artıq qısa müddət ərzində I.Əliyevin Gürcüstana ikinci səfəri olacaq. Bundan əvvəl isə SOCAR rəhbərliyi və digər rəsmi şəxslər də Gürcüstana səfər edərək bu ölkə ilə yaranan qaz problemini həll etməyə çalışmışdılar. Amma belə görünür ki, problemin həlli istiqamətində hələ real bir nəticə yoxdur ki, I.Əliyev ikinci dəfə bu ölkəyə səfər etməli olur.

Əslində keçən ilin sonunda Gürcüstanın baş naziri Irakli Qaribaşvilinin Bakıya səfəri və aparılan gərgin danışıqlar onu deməyə əsas verdi ki, Tiflis enerji təhlükəsizliyi siyasətinə yenidən baxır. Elə Gürcüstan prezidentinin Bakı səfəri zamanı “Zuğulba” iqamətgahında keçirilən 3 saatlıq görüşdə qərara alınmışdı ki, I.Əliyev yaxın vaxtlarda Gürcüstana səfər etsin. Bu I.Əliyevin bu məsələ ilə bağlı Gürcüstana ilk səfəri idi.

Gürcüstan artıq dəfələrlə bəyan edib ki, Azərbaycandan qaz asılılığını aşağı salmaq niyyətindədir. Yəni Gürcüstan qaz mənbələrinin şaxələndirilməsini hazırda əsas siyasi istiqamət elan edib.

Bundan başqa Gürcüstan hakimiyyətinin Azərbaycanla münasibətlərə yenidən baxması Tiflisin Saakaşviliyə olan münasibəti ilə bağlıdır. Çünki bir müddət əvvəl mətbuatda yayılan məlumata görə “SOCAR Gürcüstan” Gürcüstanın eks prezidenti Saakaşvilinin qohumları ilə əlaqəsi olub. Bu isə hazırkı Gürcüstan hakimiyyətini qıcıqlandıran faktordur.

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev hesab edir ki, Azərbaycan hakimiyyətinin hazırda maliyyəyə ciddi ehtiyacı var. Bu üzdən Gürcüstanla qaz problemi tez bir zamanda həll edilməyə çalışılır: “Azərbaycan hakimiyyəti ixracın stimullaşdırılmasına və normal səviyyəyə çatmasını ağlına belə gətirmir. Bundan başqa beynəlxalq maliyyə institutları ilə aparılan danışıqlar uğursuzluqla nəticələnib. Belə görünür ki, hakimiyyətin xaricdən valyuta cəlb etmək axtarışları hələ də davam edir. Azərbaycanın Gürcüstanın üzərində haqqı var. Azərbaycan uzun müddət Gürcüstana güzəştli şərtlərlə xarici borclar verib. Amma Gürcüstanın enerji məsələsi ilə təminində yeni məqamlar meydana çıxıb. Gürcüstana qiymət baxımından sərf edən bu təkliflər Tiflisi eynidən düşünməyə vadar edib”.

Azərbaycana daxil olan valyutanın bir mənbəyinin Gürcüstana qaz satışı hesabına gələn vəsait olduğunu deyən N.Əliyev vurğuladı ki, görünür, dövlət başçısı problemi həll etmək üçün Gürcüstana səfər edir. “Amma hesab edirəm ki, qapı-qapı düşüb vəsait axtarmaqdansa, hökumət konkret islahata getməlidir”, deyə N.Əliyev qeyd etdi.

Xəyal