Bir qrup məmur maliyyə naziri ilə bağlı Prezident Administrasiyasına müraciət etməyə hazırlaşır
Bir qrup məmur maliyyə naziri Samir Şərifovla bağlı Prezident Administrasiyasına müraciət hazırlayır. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, həmin məmurların narazılığı iri layihələrin maliyyə nazirinə yaxın şirkətlərə verilməsilə bağlıdır. Bildirilir ki, Samir Şərifov iri layihələrə bir şərtlə pul ayırır ki, həmin işin icrası ona yaxın şirkətlərə verilir. Məmurlar da bundan ciddi narazılıq edirlər. Çünki bu halda onlar korrupsiya yolu ilə əldə olunacaq külli miqdarda qazancı qaçırmış olurlar.
Qeyd edək ki, onsuz da Samir Şərifov hədəfdədir. Onun hökumətdə bir neçə iri ranqlı məmurlar problemi var. Bu məmurlardan dövlət gömrük komitəsinin sədri Aydın Əliyevlə vergilər naziri Fazil Məmmədovun adını xüsusilə qeyd etmək olar. Maliyyə naziri ilə adıçəkilən məmurların üz-üzə gəlməsinə səbəb büdcəyə 2 milyard manat əlavə olunması ilə bağlı qərardır. Biz hələ ötən saylarımızda yazmışdıq ki, büdcəyə əlavə olunacaqsa, o zaman büdcənin doldurulması üçün əsas güc Vergilər Nazirliyi, Dövlət Gömürk Komitəsi və Dövlət Sosial Müdafiə Fondunun üzərinə düşəcək. Lakin nəzərə alsaq ki, böhran səbəbindən Azərbaycanda idxal-ixrac əməliyyatları 48 faiz aşağı düşüb. Həmçinin ölkədə iri ticarət obyektləri, xidmət sahələri, iri bankların filialları ard-arda bağlanır. Bu halda adıçəkilən qurumların 2016-ci il üçün proqnozları yerinə yetirəcəyi inandırıcı görünmür.
Ona görə də bu məsələdə əsas gücün onların üzərinə düşəcəyinin fərqində olan məmurlar Samir Şərifovun fikirlərilə razı deyil. Çünki bu proses onların “vurulması” ilə nəticələnə bilər.
Təsadüfi deyil ki, Aydın Əliyev elə bu günlərdə bəzi gömrük rüsumlarının artırılması təklifilə çıxış edib. Fazil Məmmədov isə ötən il yığılan 6 milyard manat vergi pulunun təxminən 1 milyard manata qədərilə bağlı məhkəmə iddialarının olduğunu diqqətə çatdırmaqla, hələ 2015-ci ildə öhdəliyin yerinə yetirilməsinin xeyli çətin olduğuna işarə vurub. Bəzi məlumatlara görə, hazırda bu məsələ ətrafında hakimiyyət daxilində ciddi mübahisə gedir və çoxluq Samir Şərifova qarşıdır. Lakin maliyyə naziri də mövqeyindən geri çəkilmək niyyətində deyil. Bəlkə də bir qrup məmurun onunla bağlı Prezident Administrasiyasına müraciət hazırlamaq istəyi də bu mübahisənin təzahürüdür. Beləliklə, Samir Şərifov hazırda çarpaz atəşlər altındadır.