18 noyabr 2015-ci il tarixdə “Azadlıq”ın internet səhifəsində “Zülfüqarlıların zəbət edilmiş zavodlarının kollektivi haray çəkir” başlığı ilə video çarx yayımlanıb.
Həmin video çarxda özünü “Bakı Poladtökmə” ASC-nin sədri kimi təqdim edən Adilxan Musayev və özünü “Bakı Elektroştamp” ASC-nin icraçı direktoru kimi təqdim edən Ramiz Əhmədov “Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədovu ittiham edib. Onlar bildirib ki, Rasim Məmmədov zor tətbiq etməklə “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” zavodlarını Loğman və Nurəddin Zülfüqarlı qardaşlarının əlindən alıb. Həmçinin dəstəsi ilə zavoda girərək onları həbslə hədələdiyini, şantaj etdiyini bildiriblər.
Rasim Məmmədov bu şəxsləri məhkəməyə verib. O, iddia ərizəsində göstərib ki, barəsində deyilənlər şər-böhtandır. Rasim Məmmədov məhkəmədən adıçəkilən şəxslərin video vasitəsilə dediklərini təkzib etmələri, ondan üzr istəmələri, 5 milyon manat maddi təzminat ödəmələri və təkzibin videonun yayıldığı KIV-də yayımlanması barədə qərar çıxarmasını xahiş edib. Iddia Nizami Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun icraatındadır. Artıq məhkəmə hazırlıq iclasının vaxtı da bəllidir – fevralın 3-ü saat 14.50.