AXCP sədrinin ev dustaqlığına buraxılması barədə şikayəti apelyasiya məhkəməsi də təmin etmədi
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə “yox” cavabı verən Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verilmişdi. Dünən Bakı Apelyasiya Məhkəməsində həmin şikayətə baxılıb.
Qapalı keçirilən məhkəmə iclasında Fuad Qəhrəmanlı özü də iştirak edib. Vəkil Nemət Kərimli məhkəmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, prosesdə Fuad Qəhrəmanlı özü də çıxış edərək, bu məhkəmədən heç bir gözləntisi olmadığını bildirib. AXCP sədrinin müavini bu fikrini hakimlərin müstəqil qərar qəbul etmək gücündə olmaması ilə əsaslandırıb. O həmçinin həbsinin siyasi sifariş olduğunu vurğulayıb: “Bu, siyasi xarakterli bir işdir. Məhkəmə də formal xarakter daşıyır, hakimlərin heç bir imkanı yoxdur ki, belə işlərdə şikayətləri təmin etsinlər. Xahiş edirəm ki, mənasız yerə vaxt almayın, prosesi tez yekunlaşdırın…”
Məhkəmə apelyasiya şikayətini təmin etməyib. Vəkil Nemət Kərimli qərarın qanunsuz və əsassız olduğunu vurğulayaraq, Fuad Qəhrəmanlının həbsilə bağlı məsələnin yaxın günlərdə Avropa Məhkəməsi müstəvisinə çıxarılacağını bildirib. Müdafiəçinin sözlərinə görə, həbs qərarı ilə bağlı məsələdə Avropa Məhkəməsinə müraciət etmək üçün ölkədaxili sonuncu müdafiə vasitəsi apelyasiya məhkəməsidir: “Artıq apellyasiya məhkəməsinin də qərarı məlumdur, yaxın günlərdə şikayəti hazırlayıb Avropa Məhkəməsinə göndərəcəyik”.
Vəkil onu da qeyd edib ki, Bakı Apelyasiya Məhkəməsinin qərarında şikayətin hansı səbəbdən təmin olunmadığı qətiyyən əsaslandırılmayıb.
Xatırladaq ki, Fuad Qəhrəmanlı “facebook” səhifəsində yazdığı statuslara görə dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb. Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.
Aytən