Neft Fondundan anlaşılmaz addım

qadir2Daşınmaz əmlak payı 5 faizdən 10 faizə qaldırılıb

Qadir Ibrahimli: «Daşınmaz əmlak almaq deyil, ölkə iqtisadiyyatına yatırımlar qoyulmasıyla bağlı qərarlar qəbul edilməliydi»

Xəbər verildiyi kimi, Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlak fondlarına investisiyalara başlayıb. Məlumata görə,  ARDNF-in daşınmaz əmlak üzrə investisiya strategiyasının ilkin mərhələsini məhz birbaşa yatırımlar təşkil etməlidir. Fondun birbaşa daşınmaz əmlak yatırımlarında yüksək diversifikasiyanın təmin olunması istiqamətində uğurlarının olması vurğulanıb. Qeyd olunub ki, Dövlət Neft Fondunun daşınmaz əmlakla bağlı investisiyalarında məqsəd aşağı və ya orta riskli əmlaka investisiya etməklə portfelin diversifikasiyasına nail olmaqdır.

Həmçinin, hələ bu yatırımlara başlamazdan öncə Fondun son hədəfinin bu maliyyə alətində bir çox istiqamətləri özündə əks etdirən geniş şaxəli portfelin qurulması olduğu bildirilib. Fond bu istiqamətdə birbaşa daşınmaz əmlak imkanları ilə yanaşı, daşınmaz əmlak fondlarına investisiyalara da başlayıb. Bu yatırımlar ARDNF üçün coğrafi, daşınmaz əmlakın inşaat durumu, həm də əmlakdan istifadə təyinatı olaraq geniş imkanlar yaratmaqla yanaşı, gəlirliliyin daha da artırılmasında önəmli vasitə kimi qiymətləndirilir.

Məlumatda bildirilib ki, ARDNF-in 2016-cı il üzrə təsdiqlənmiş investisiya siyasətinə əsasən, Fondun investisiya portfelində daşınmaz əmlaka investisiyaların payı 5 faizdən 10 faizə qaldırılıb.

Məsələylə bağlı fikirlərini “Azadlıq”a bildirən iqtisadçı-ekspert Qadir Ibrahimli söyləyir ki, Neft Fondunun vəsaitlərinin istifadəsi ictimaiyyət üçün onsuz da şəffaf deyil. Çünki Fondun rəhbərliyi xaricdən alınan daşınmaz əmlakdan ölkəyə hansı maddi dividentlərin daxil olmasıyla bağlı hesabat vermir: “Ona görə də hesab edirəm ki, 5 faizlik həddin 10 faizə çatdırılması ölkə iqtisadiyyatına heç bir fayda verməyəcək. Yaxşı olardı ki, Dövlət Neft Fondunun vəsaitlərinə daşınmaz əmlak almaq haqqında yox, ölkə iqtisadiyyatına yatırımlar qoyulmasıyla bağlı qərarlar qəbul edilsin”.

Nigar