Ölkə başçısı yarıtmaz siyasəti necə sığortlamaq istədi?
Yanvarın 29-da ölkə başçısı Ilham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə bir qrup gənclə görüşüb. Təbii ki, görüşdə gənclərin ağır vəziyyətindən, hökumətin gənclər siyasətinin iflasa uğramasından, gənclərin yüksək təhsil haqqı, cüzi təqaüdlə sınağa çəkilməsindən, hakimiyyətin qocalardan ibarət olmasından danışılmayıb. Əksinə, ölkə başçısı hakimiyyətin bərbad siyasətini sığortalamaq üçün gəncləri 23 il əvvələ, AXC-Müsavat hakimiyyəti dövrünə aparıb. Bəli, Ilham Əliyev gənclərə sübut etmək istəyib ki, 23 il əvvəl vəziyyət daha pis idi və bu günə şükr etmək lazımdır.
Azərbaycanı biabır edən kimlərdi?
“O vaxt problemlərimizdən biri də hakimiyyətdə olan adamların təcrübəsizliyi, bəzi hallarda xəyanəti olmuşdur. Çünki siz gənclər təbii ki, o illəri xatırlamırsınız. Əlbəttə ki, bizim nəsil o dövrü yaxşı xatırlayır. Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi” deyib Ilham Əliyev.
Əlbəttə, 20-25 yaşlı gənclər həmin dövrü xatırlaya bilməzlər. Ona görə də keçmişi görməyənlərə, keçmiş haqqında nağıllar danışmaq asandır. Bəli, AXC-Müsavat hakimiyyəti dövründə çatışmazlıqlar olub, bu hakimiyyəti tənqid etmək də olar. Amma YAP hakimiyyətinin AXC hakimiyyətini ittiham etməyə heç bir haqqı yoxdur. Biabırçılıq məsələsinə gələnicə, Ilham Əliyevə bəzi faktları xatırlatmaq istəyirik.
AXC hakimiyyəti dövründə prezident və komandası korrupsiyada, siyasi rəqibləri şərləyib həbs etməkdə, millətin haqqını oğurlamaqda ittiham edilməyib. Elçibəy və komandası haqqında nə ölkə daxilində, nə də ölkə xaricində “oğru”, “diktator”, “yırtıcı” kimi ifadələr işlədilməyib.
Amma Əliyev hakimiyyəti dövründə Azərbaycan “korrupsiya çempionu”, “qeyri-azad ölkə”, “avtoritar dəvlət” kimi tanınıb.
Ən böyük biabırçılıq seçkiləri saxtalaşdırmaqdı, 100 milyard neft pulunu offşorlara daşımaqdı, hüquq sistemini məhv etməkdi, MTN-i cinayət yuvasına çevirməkdi, bütün sahələri monopoliya etməkdi, milli valyutanı 130 faiz hörmətdən salmaqdı, 2.6 milyon vətəndaşı məmur banklarına girov qoymaqdı, vicdanlı insanları şərləyib həbsə atmaqdı. Daha böyük biabırçılıq isə səfaləti, tənəzzülü, zilləti vətəndaşa “analoqsuz inkişaf” kimi təqdim etməkdi. “Milli valyuta sabit qalacaq” vədi verib, bir gecədə vətəndaşı qarət edən AXC hakimiyyəti olmayıb. Avropa Oyunlarına 8 milyard xərclədiyi halda, kredit borcu olanlara 250 milyonluq güzəşt etməyən AXC hakimiyyəti olmayıb. Qarabağın işğalını həyata keçirən, Xocalı soyqırımını törədən, 20 yanvar faciəsini həyata keçirən Rusiyaya təzim edən də AXC hakimiyyəti olmayıb. Bəli, ən böyük biabırçılıq dövləti ailə təsərrüfatına çevirmək, bazar təfəkkürü ilə idarə etməkdir. Yumurta və çörəkdən başqa heç bir məhsulun qiymətini endirməyə iradəsi çatmayan adam, AXC hakimiyyətini necə ittiham edə bilər.
Ümumiyyətlə, AXC-Müsavat hakimiyyəti dövründə Ilham Əliyev harda olub? Səngərdə döyüşübmü, düşmənə güllə atıbmı, hərbi xidmətdə olubmu? Həqiqətən də böyük biabırçılıqdı…
Öz kadrlarından xəbərin varmı?
Daha sonra ölkə başçısı gənclərə AXC hakimiyyətinin kadrlarından danışıb. “Parlamentin sədri kiçik elmi işçi idi, 11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməmişdir. Baş nazir, yumşaq desək, ticarətlə məşğul idi, kiçik ticarətlə, özü də o ticarət mövsümi xarakter daşıyır.ÿDövlət katibi komsomolçu idi – sonradan əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz.ÿMüdafiə nazirinin Şuşanın ermənilərə verilməsində bilavasitə əli, günahı var”, deyərək Ilham Əliyev keçmişi xatırlayıb.
Doğrudan da vəziyyətimiz ağırdı. Ölkə ağır günlərini yaşayır, işsizlik, yoxsulluq hər gün daha qabarıq şəkildə görünür, vətəndaşın sabaha ümidi qalmayıb və belə bir vaxtda ölkə başçısı gənclərə 23 il əvvəlin qeybətini edir. Təbii ki, bütün bunlar çarəsizlikdən doğur. Çünki, müasir dövrümüzün bütün nümunələri hökumətin zərərinə işləyir. Ölkənin indiki vəziyyətini yalnız gənclərin görmədiyi keçmişlə müqayisə etmək olar. Amma ölkə başçısının kadr məsələsinə toxunması yaxşı olub.
Xatırlatmaq istəyirik ki, Eldar Mahmudov, Əli Abbasov, Hacı Məmmədov, Akif Çovdarov və digərləri AXC hakimiyyətinin kadrları deyil. Vətəndaşa “köpəyoğlu”, “get öl”, “ağlın varıydı döyüşməyəydin” deyən icra başçıları da AXC dövründə olmayıb. Eyni zamanda qoruq müdirini, qapançını, sürücünü, mühafizəçini nazir təyin edən də AXC hakimiyyəti olmayıb. Bu adamlar Əliyevin kadrlarıdı. Baş nazirə gəlincə, Əliyevin 23 illik baş naziri olmuş adamının, 23 dəfə səsini eşitməmişik. Partiyasının icra katibi 5 partiya dəyişib, YAP-ın parlamentdəki təmsilçilərinin hər sözü ümummilli lətifəyə çevrilib. Məlum olur ki, Əliyevin nəinki nazirlərinin, hətta generallarının şəxsi həbsxanaları var, bütün nazirlərinin saysız-hesabsız şirkətləri, kommersiya obyektləri mövcuddur. Ən xırda məmurun 20 milyon dollar oğurladığı bugünlərdə məlum oldu. AXC hakimiyyəti dövründə 1 milyon dollara deputat yeri satan kadrlar da olmayıb. Ilham Əliyev təkcə Hesablama Palatasının illik hesabatlarına nəzər salsa, bütün komandanın çirkab içində olduğunun rəsmi etirafını görə bilər. Yeri gəlmişkən, AXC hakimiyyəti dövründə “filan nazir banan biznesinə baxır”, “tikinti materialları filan nazirin kurasiyasındadır”, “kortofu ölkəyə filan məmur gətirir” kimi deyimlər mövcud olmayıb.
AXC dövründə dövlət katibi olan Əli Kərimlinin parlamentdəki fəaliyyəti də göz qabağındadır. Hətta hökumətyönlülər tərəfindən də etiraf edilib ki, Əli Kərimli bu hökumətin bütün təkliflərinə “yox” deyib. Yəni, onu əqidəsindən döndərmək mümkün olmayıb və Ilham Əliyevi ah çəkməyə məcbur edən də onun prinsipiallığıdır. Əqidə dəyişənlər, istiqlalın əleyhinə səs verənlər, Azərbaycan dilində danışa bilməyənlər bu hakimiyətin komandasında olanlardı. Eyni zamanda mübarizəyə, siyasi səhnəyə təhqir, qeyri-etik davranışlar gətirənlər də Əliyevin kadrlarıdı. Vaxtilə ateizmi təbliğ edib, sonradan Hacı libasına girənlər də YAP rejiminin təmsilçiləridi.
Ona görə də Əliyev kadr məsələsindən danışanda ehtiyatlı olmalıdır. Hökumətin ikinci adamı etiraf edir ki, Prezident Aparatında işləmək üçün savadlı kadr tapa bilmirlər. YAP-ın yaradıcılarından olan Eldar Sabiroğlu isə “rüşvət almaq qabiliyyəti, istedadı olmayan adam bu hökumətdə işləyə bilməz” söyləyir. YAP-ın yaradıcılarından olan mərhum Sirus Təbrizli “YAP simasız quldurlar partiyasıdır” söyləmişdi. YAP-ın başqa bir yaradıcısı, keçmiş Səhiyyə Naziri Əli Insanovun məhkəmədə söylədiklərini isə hamımız eşitmişik. Fakt budur ki, Əliyev hökumətində vətəndaşın öyünə biləcəyi, sevgiylə xatırlayacağı kadr yoxdur.
YAP-çı gənclərin yox, alternativlərin qarşısına çıxın
Tutaq ki, ölkə başçısı haqlıdır. Tutaq ki, AXC hakimiyyəti ölkəni biabır edib. Tutaq ki, AXC-nin kadrları xəyanətkar olub. Bəs, bütün bunlar 23 il ərzində ölkəni talan etməyə haqq qazandırırmı? Təsəvvür edin ki, Barak Obama çıxış edir və ÜDM-in azalmasına görə Cefersonu, Kennedini, Linkolnu ittiham edir. Əliyev hakimiyyətinin indiki mövqeyi buna bənzəyir. Nə vaxt barmaqları qapı arasında qalırsa, AXC-Müsavat hakimiyyətinə istinad edirlər. Biz deyirik ki, 141 miyard neft pulu oğurlanıb. Bunlar deyirlər ki, AXC dövründə çörək növbəsi varıydı. Biz deyirik ki, bütün məhsullar nazirlərin monopoliyasındadı. Bunlar deyirlər ki, AXC dövründə bayıra çıxa bilmirdik. Biz deyirik ki, ölkədə 100-ə yaxın siyasi məhbus var, təhsil, səhiyyə məhv edilib, hökumət gələcək nəsillərin çiyninə 25 milyard borc yığıb. Bunlar deyir ki, AXC hakimiyyəti dövründə xəyanət var idi. Yəni, həmişə prinsipial məqamlarda keçmişə qaçmağa üstünlük veriblər.
Amma seçkilərin saxtalaşdırılması, AXCP-nin qərargahının partladılması, ölkədə siyasi məhbusların olması, müxalifətin televiziyadan məhrum edilməsi hakimiyyətin qorxusundan doğur. Ilham Əliyev də gənclərin qarşısında belə danışmaqla alternativlərini gözdən salmaq istəyir.
Amma ölkə başçısı özünə və sözünə əmindirsə, “təkqapı”ya oynamaqdan imtina etsin. Gənclərə monoloq söyləməkdənsə, alternativlərlə dialoq dilində danışsın. Məsələn, Ilham Əliyev haqqında danışdığı AXC-nin dövlət katibiylə debata çıxa bilərmi? Müşavirələrdə inkişafdan danışan prezident, AXCP sədrinə də bu inkişafdan danışa bilərmi? Yəqin ki, yox. Çünki, Ilham Əliyev 13 illik prezidentliyi dövründə heç bir yerli jurnalistə müsahibə verməyib. Jurnalistin suallarından çəkinən adam, real alternativlə üz-üzə qalmaq istəməz.
Beləliklə, Əliyev keçmişə səyahət etmək istədi, amma “sehrli xalat” onu bugündə qalmağa məcbur etdi. Birdə ki, keçmişi lənətləmək iqtisadi artım yaratmır, büdcəni doldurmur, dövlətin imicini yüksəltmir. 23 il əvvəl nələrin baş verdiyini əksəriyyət bilir, 23 il sonra baş verənlərə aydınlıq gətirmək lazımdır.
İlham