“Yeni Azərbaycan” Əli Kərimlinin “iz”inə necə düşüb?

ali-kerimli-tribunaYaxud hökumətin virtual özünüifşası

Ölkədə aclıq tüğyan etsə də, zəlzələ olsa da, tufan qopsa da hökumət mətbuatının yalnız bir mövzusu var. Xüsusən də “Azərbyacan” , “Yeni Azərbaycan”, “Səs” kimi “antikvar” qəzetlər Əli Kərimli mövzusu üzrə ixtisaslaşıb. “Yeni Azərbaycan” qəzeti ötən buraxılışında bir səhifəsini Əli Kərimlinin “facebook” səhifəsinə həsr edib.

Guya, Əli Kərimli tənqidi şərhləri silir, tənqidə dözümsüzdür,  insanların fikirlərinə senzura qoyur və s. Əslində, “Yeni Azərbaycan”ın bu məsələyə girişməsi müsbət haldır. Çünki, məlum məqalə hökumətin “virtual trollar”ının ifşasıdır.  Təbii ki, Əli Kərimlinin səhifəsinə hökumətin muzdluları  təhqiramiz, şər-böhtan xarakterli şərhlər yazanda, həmin şərhlər pozulur. Səhifədə hökumət nümayəndələrinə qarşı da təhqiramiz şərhlər pozulur. Əgər kimsə bunu anormal hesab edirsə, deməli, o adamın özünün əxlaqında, tərbiyəsində  problem var.

Amma məsələnin daha maraqlı tərəfi var. Deməli, hökumət bütün enerjisini Əli Kərimlinin, “Azadlıq” qəzetinin  səhifəsinə yönəldib. Məqsəd də budur ki, Əli Kərimli hökuməti ifşa edən status yazan kimi, muzdlu trolları statusların altında yığıb, təhqir yağışı yaratsınlar. Indi də həmin silinmiş şərhlərin sahiblərini “zərərçəkən” kimi təqdim edirlər. Yəni öz trol dəstələrinin təhqirlərini  xalqın münasibəti kimi təqdim etməyə çalışırlar. Reallıq budur ki, Əli Kərimlinin səhifəsi sürətlə böyüyür, yazdılarını daha çox insan bəyənir və minlərlə insan bu statusları paylaşır. Yəni Əli Kərimlinin “facebook” səhifəsi hökumətin bütün qəzet və saytlarından daha çox təsir gücündədir və daha çox insan oxuyur. Hökumət mətbuatının heç bir materialı Əli Kərimlinin statusları qədər oxunulmur, müzakirəyə səbəb olmur. Hökumət bu rəqabətdə uduzduğuna görə  mübarizəni təhqir müstəvisinə keçirir. Yəni öz mahiyyətlərinə uyğun mübarizə aparırlar. Bunlar təhqiri normal qəbul etdiklərinə görə, şərhlərdəki təhqirlərin silinməsini “dözümsüzlük” kimi qəbul edirlər.

Faciə burasındadır ki, hökumət Əli Kərimlinin yazdıqlarından dərs çıxarmaq əvəzinə, onun statusundakı şərhlərə meyl salıb. Ölkə batıb gedir, böhran qapını kəsdirib, bunlar  “təhqir komandası” düzəldirlər. Hökumət Əli Kərimliyə qarşı prinsipallığını, böhrandan çıxmaq məsələsində nümayiş etdirsəydi, xaricdən 4 milyard borc almağa ehtiyac qalmazdı.

Istənilən halda “Yeni Azərbaycan”a yağlı bir “təşəkkür” düşür. Əvvəla ona görə ki, Əli Kərimlinin statuslarına məhz özlərinin təhqirlər yazdığını etiraf etmiş oldular. Ikincisi ona görə ki, Əli Kərimlinin “facebook” səhifəsinin gücünü, bir səhifə ilə rəqabət apara bilmədiklərini ortaya qoydular.  Üçüncüsü ona görə ki, hökumət komandasının tam nüfuzdan düşdüyü, trolların ümidinə qaldığı təsdiqləndi. Yəni hər hansı komanda üzvünün müxalifət haqqında səsləndirdiyi fikirlər ikrahla qarşılanır, heç kimin sözünün kəsəri qalmayıb və saxta profilləri “xalq” kimi təqdim etmək məcburiyyətində qalıblar. Nəhayət, “Yeni Azərbaycan” bu  “taktika”nı da ifşa etdi və göstərdi ki, Əli Kərimlinin səhifəsində təhqir yazanlar “xüsusi təyinatlılar”dı.

Bir sözlə, hökumətimiz Əli Kərimlinin yazdıqlarını diqqətlə oxuyur, böhrandan çıxış yolları ilə tanış olur, xalqın mövqeyini görür və bütün bunlardan düzgün dərs çıxarmır.  Heç olmasa Əli Kərimlinin 10 bəndlik anti-böhran təkliflərini dəyərləndirin. Onsuz da “təhqir komandası”nın şərhi, xalqın hökumətə qarşı yazdıqlarının yanında qum dənəsi boyda görünür. Sosial şəbəkələr hökumət komandasına “tərif yağışı” yağdırır. Məsləhət görürük ki, sosial şəbəkələrə baş çəkəndə özünüzlə “çətir” götürəsiniz.

İlham