Rokfellerin “çek kağızı” ilə böhrandan çıxmaq

saadet-cahangir-koseSəadət Cahangir

Deyirlər, hökumət beynəlxalq maliyyə qurumlarından 4 milyard dollar borc kredit almağa hazırlaşır. Nə deyək, ölkənin milyardlarının başına daş salıb borc dilənmək də uzaqgörən neft strategiyasının davamıdır, hər halda. Amma bilin ki, bu həna siz deyən hənadan deyil. Bu qədər borcu alıb, indilik nəfəslərini yüngülləşdirmək, sonra da onu gələcəyin boynuna yükləmək istəyirlər. Açığı, bu borc məsələsi 5 il əvvəl iqtisadi böhranla bağlı Amerikada başlayan və dünyanın dörd bir yanına yayılan etiraz aksiyalarını yadıma saldı. O zaman istismarçı bankları və yarıtmaz siyasətçiləri ittiham edən etirazlar yüz minlərlə insanı əhatə etmişdi. Etirazların əsas hədəfi Beynəlxalq Valyuta Fondu və Dünya Bankı idi. Insanlar bankları “xərçəng” adlandıraraq, onların yaratdığı iqtisadi böhranın zənginlərlə yoxsulların nisbətini yüzdə birə dəyişdiyini bəyan edirdilər. Zaman göstərdi ki, onlar haqsız deyilmişlər heç də…

Ötən il Davosda keçirilən Dünya Iqtisadi Forumunda səslənən mesajları xatırlatmaq istəyirəm. Həmin forumda çıxış edən OXFAM-ın icraçı direktoru Vinnie Byanyiman dörd il əvvəl  etirazçıların dediklərini açıq şəkildə təsdiqlədi. O bəyan etdi ki, gələn il dünya əhalisinin 1%-nin sərvəti yerdə qalan 99% əhalinin sərvətindən çox olacaq. Byanyiman gələn il deyəndə bu ili nəzərdə tuturdu. Indi gəlib həmin qorxunc qütbləşmə mərhələsinə çatmışıq. Ölkənin durumu hamıya məlum. Zənginləşmə və yoxsullaşma nisbəti də danılacaq məsələ deyil. Gündəlik güzəran ehtiyaclarını qarşılaya bilməyən insanlarla milyonları havada oynayanların arasındakı uçurum getdikcə dərinləşir. Ölkə vətəndaşının cibindən və haqqından oğurlanan bu milyonlar çoxdan pay-puş edilib aradan çıxarılıb anlaşılan. Talan edilən neft gəlirlərinin sorağı haralardan gəlir, bilirsiniz. Durumun bu yerə gəlib çıxacağını vaxtında anlamamaq üçün də ağıldankəm olmaq lazımdı. Doğrudanmı, hökumətin iqtisadi siyasət konsepsiyası ilə məşğul olan şəxslərin arasında müdrik biri tapılmadı ki, vaxtında xəbərdarlıq siqnalı verib hamını yuxudan oyatsın. Olsaydı, yəqin bu gün 4 milyard borc məsələsi də gündəmə gəlməzdi heç…

Con Rokfellerdən “borc alan” biznes adamının hekayətini  oxumusunuz, bəlkə… Iflas ərəfəsində olan bir iş adamı fikrini dağıtmaq üçün parkda oturub, özünü xilas yollarını düşünürdü. Birdən qarşısında yaşlı bir adamın dayandığını gördü. Yaşlı adam nədən bu qədər fikirli olduğunu soruşdu, dərdini anlatması üçün təkid etdi. Məsələni biləndən sonra çek dəftərini çıxarıb, ona bir çek yazdı. “Bu pul sənin. Bir il sonra səninlə burada görüşəndə qaytararsan” dedi. 500 min dollarlıq çekin imzası Con Rokfellerə aid idi, yəni o gün üçün dünyanın ən zəngin adamına. Adam bu pulla bütün borclarını ödəyə bilərdi, amma çekə toxunmadı. Onu kassasına qoyub, ruh yüksəkliyi ilə işindən dördəlli yapışdı. Bir neçə ay sonra işlərini tamam yoluna qoymuşdu artıq. Deyilən  tarixdə parka gedib yaşlı adamı gözləməyə başladı. Az sonra yaşlı adamın ona doğru gəldiyini gördü. Çeki verməyə hazırlaşırdı ki, bir tibb bacısı qaçaraq gəlib çatdı: “Ümid edirəm sizi narahat etməyib, davamlı olaraq qocalar evindən qaçıb, bu parka gəlir. Hər kəsə də özünün Con Rokfeller olduğunu söyləyir”. Iş adamı donub qalmışdı. Il boyunca kassasında yarım milyon dollar olduğuna inanaraq çalışıb-vuruşmuşdu. Amma itirdiyi heç nə yoxdu, pul olmadan da həyatın axarını dəyişməyin mümkün olduğunu anlamışdı…

Bəli, hər böhrandan bir çıxış yolu var, əlbət. Buna ağıl, istək və qətiyyət imkan versə, şübhəsiz. Amma böhran yaradıb ondan ölkəni yeni bir böhrana soxmaqla çıxmaq cəhdi hansı ağlın məhsuludur, görəsən?