Əhalinin gəlirlərinin azalması və nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsi idxal göstəricisinə təsir edib
Azərbaycanda yanvar ayında idxal 65-70 faiz azalıb. Bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Mirqasım Vahabov məlumat verib. O bildirib ki, yanvar ayının reallığı bu il Azərbaycanın idxalının 5 milyard dollardan artıq olmayacağını göstərir: “Proqnozlara görə, idxal keçən illə eyni olmayacaq. Artım olsa, Dövlət Gömrük Komitəsi vergi və rüsumları toplayıb dövlət büdcəsinə ödəyəcək”.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə idxalın 5 milyard dollardan yuxarı olacağını deyir və bunu da yeni müəssisələrin açılmasının gözlənilməsilə əsaslandırıb.
Maraqlıdır, idxalda 70 faiz azalmanın əsas səbəbi nədir: əhalinin gəlirlərinin azalması və nəticədə alıcılıq qabiliyyətinin aşağı düşməsi, yoxsa şirkətlərin bu istiqamətdə fəaliyyətsizliyi?
Iqtisadçı-ekspert Qadir Ibrahimli idxaldakı azalmanı 2015-ci ildə baş verən devalvasiyanın təsirilə izah edir. Ekspert deyir ki, idxalçılar məhsul gətirmir və hələlik bazarın konyunkturunu öyrənməyə çalışırlar. Çünki ölkədə alıcılıq qabiliyyəti xeyli zəifləyib və belə bir vəziyyətdə idxalçılar reallıqlara uyğun şəkildə hərəkət edirlər: “Belə bir vəziyyətdə manatın kursunda dəyişiklik baş verməsə, bu sahədə əvvəlki həddə olmasa da, hardasa 20-30 faiz artım müşahidə edilə bilər. Lakin əhalinin gəlirlərinin azalması idxal göstəricisinə, bazarda müəyyən idxal məhsullarının alıcılıq qabiliyyətini itirməsinə səbəb olub. Idxalçıların bazarı öyrənməklə məşğul olması da məsələyə təsir edib”.
Nigar