Neftçinin nəşi Bakıya gətirildi

neft-yangin3

Cəsədin gətirilməsi üçün Türkmənistana yola düşmüş Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi gecə saatlarında geri qayıdıb. Neftçi  Sahib Güloğlan oğlu Şahmarovun nəşi Vətənə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

***

Xəzərin Türkmənistan sahillərində meyiti tapılan neftçinin şəxsiyyəti müəyyənləşib.

Cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə bu gün Türkmənistana yola düşən istintaq qrupu üzvlərindən birinin verdiyi məlumata görə, bu, 1973-cü il təvəllüdlü Şahmarov Sahib Güloğlan oğludur.

***

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərdən daha birinin meyiti tapılıb.

FHN-in yaydığı məlumata görə, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Bununla əlaqədar,Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, 10-cu dərin dəniz özülündə qəza ötən il dekabrın 4-də baş verib. Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas olub, 11 nəfəri həlak olub və 19 nəfəri itkin düşüb.