Budur məsələ!

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binası üzərində sovet dövrünə aid elemementlər, yazılar var, qərara gəliblər ki, onu dəyişdirsinlər. Xeyli adam da bunu alqışlayır. Guya, bu nəyisə dəyişir.

Əvvəla, AMEA-nın özünü yerli-dibli dəyişsinlər, ləğv etsinlər. Heç bir elmi funksionallığı olmayan qurumdur. Axırıncı dəfə orada hansı elmi uğura imza atıblar? Hafizənizi zorlamayın, onsuz da heç nə xatırlamayacaqsınız. AMEA indi mələyin uçma sürətini ölçən alimlə assosiasiya olunur.

Ikincisi, haradansa sovet emblemlərini, simvollarını silmək də olar, silməmək də. Bəzən, hətta tarixi anlamına görə onları saxlamaq, qorumaq da mümkündür. Önəmli olan isə zehniyyətlərin totalitar düşüncədən arınmasıdır. Ölkənin bütün sahələrində sovet düşüncə tərzinin daşıyıcısı olan adamlar hegemonluq edirlər. Onlar üçün həqiqət ancaq birrənglidir, “şəxsiyyətə pərəstiş” həlledicidir, yaltaqlıq, yalan, “pripiska” adi həyat hadisəsidir, rüşvətxorluq normadır. Azərbaycanda məhz belələrinin formalaşdırdığı sistemdən azad olmaq gərəkir. Əks halda, hansısa daş-divarın üzərindən sovetin yazılı izlərini silib-silməmək heç nə ifadə etmir. Hətta adamda ikrah və ironiya doğurur.

Üçüncüsü, haradansa sovet simvollarını yığışdırmaq əvəzinə öncə ölkədə elə bir ədalətli düzən, elə bir hüquqi-demokratik idarəetmə yaratmaq lazımdır ki, insanlar sovet nostaljisinə qapılmasınlar, 40-50 il əvvəlin həsədini çəkməsinlər. Bəli, Azərbaycan elə vəziyyətə gəlib-gətirilib ki, insanlar 25 il öncə müstəqillik, azadlıq hayqıran adamları ələ salmağa başlayıblar, onlara qınayıcı nəzərlərlə baxırlar, “Bu idi sizin müstəqilliyiniz? Müstəqil olduq da nə oldu, barmağımız bala batdı?” deyə tənə edirlər. Bax, faciə budur! Bax, adamın ürəyini ağrıdan, qəlbini sızladan budur. Bir zamanlar xalq hərəkatında iştirak etdiyini fəxrlə, qürurla hayqıran nə qədər adam tanıyıram ki, bu gün dəhşətli xəyal qırıqlığı içərisindədir, “bilsəydik, axırı belə olacaq…” sözləri ilə başlayan cümlələr qururlar. Bu situasiyanı yaratdıqdan, ölkəni bu vəziyyətə gətirib çıxarandan sonra haradansa sovet simvollarını silsəniz nə xeyri, silməsəniz nə xeyri?!

Bir halda ki, insanlar öz fikirlərini, düşüncələrini yenə özgürcə dilə gətirə bilməyəcəkdilər, siyasi xof mühitində, repressiya təhdidi altında yaşayacaqdılar;

Bir halda ki, hər kəsin əvəzindən bir siyasi zümrə qərar verəcəkdi;

Bir halda ki, çoxsəslilik, çoxrənglilik, çoxqütblülük top-tüfənglə, rezin güllələrlə, polis dubinkaları ilə, səs bombaları, suvuran maşınlar, sümükqıran itlərlə qarşılanacaqdı;

Bir halda ki, insanların özünə karyera qurması üçün ondan illah ki, hakim sistemin vintciyinə və təkərciyinə çevrilmək tələb olunacaqdı;

Bir halda ki, seçib-seçilmək haqqı qəsb ediləcək, seçkili orqanlar yenə təyinatlı orqanlar kimi qalacaqdı, daha 25 il öncə nəyin davası aparılırdı?

Bir halda ki, faktiki “Mətbuat Nazirliyi” funksiyası yerinə yetirən Mətbuat Şurası adlı guya qeyri-hökumət təşkilatı olan bir qurum özgür xəbərçiliklə məşğul olan jurnalistləri Baş Prokurorluğa çuğullayacaq, Baş Prokurorluq da həmin jurnalistləri çağırıb hansı mövzuda nəyi necə yazmağı, yaxud yerli-dibli yazmamağı tapşıracaqdı, bir sözlə, hər bir mətbu orqandan yeni “Pravda” düzəldilməyə çalışılacaqdı, soruşmaq ayıb olmasın, onda 25 il öncəki azadlıq, müstəqillik hayqırışları nə üçün idi, onca insan nəyin uğrunda qurban getdilər?

Dediyim odur ki, hansısa qurumun binasının üzərindən sovet emblemlərini, simvollarını silməklə bir şey dəyişməz, bundan təntənə, bundan tamaşa düzəltmək fiksiyadır, filfilo söhbətdir. Öncə beyinlər sovet düşüncə tərzindən təmizlənməlidir. Toplumun hər bir fərdi üzərində diqtə etmək, hər sahədə qeyd-şərtsiz hegemon olmaq, söz sahibi olmaq, özünü tək həqiqət, tək hakimi-mütləq görmək vərdişləri tərgidilməlidir.

Əks halda, istədiyiniz qədər sovet emblemi, simvolu sökün, mənasızdır, insanlar hər keçən gün sovetə daha yüksək səslə rəhmət oxuyacaqlar.

Budur məsələ!