“Azərbaycan avtomobil istehsal etmir, yığır”

nazlifanÖlkə prezidenti Ilham Əliyev məmurların xarici avtomobildən istifadəsini tənqid edəndən sonra “NAZ-Lifan” almaq istəyənlərin sayı artıb. Bunu Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev modern.az saytına deyib.

Bildirib ki, onlar yanvarın 27-də Çinə məktub göndərərək, qiymət siyasətinə yenidən baxmağı təklif ediblər: “Bildirmişik ki, dövlət bizim avtomobillərlə maraqlanır. Biz elə təklif verməliyik ki, tələbata uyğun olsun, arzusunda olan hər bir adam bizim avtomobilləri sürə bilsin”.

Naxçıvan Avtomobil Zavoduÿ son 3 il ərzində 3 min 200 avtomobil yığıb. Satış həcmi isə 2 min 850 avtomobil olub. Bunu ÿNaxçıvan Avtomobil Zavodunun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov “Azadlıq” radiosuna bildirib.

Onun sözlərinə görə, zavod hazırda Çinin “Lifan” şirkəti iləÿ əməkdaşlıq edir: “Hazırda digər avtomobil sahəsində çalışan müəssisələrlə əməkdaşlıq məsələləri müzakirə edilir”, – deyə o bildirib.

Məqsəd Rəhimov söyləyir ki, 50-yə qədər işçinin çalışdığı Naxçıvan Avtomobil Zavodunda avtomobillərin şassiləri komplektləşdiricilərin yığılması ilə həyata keçirilir: “Gələcəkdə şassilərin üzərinə quraşdırılan bəzi hissələrin müəssisəmizdə və Azərbaycanın digər müəssisələrində istehsal olunması nəzərdə tutulur”.

Bir neçə modeldə maşın buraxan Naxçıvan Avtomobil Zavodu yalnız yerli bazara işləyir. Qiyməti 10 min -35 min arası olan avtomobillərə indiyədək dövlət sifarişi yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gəlib: “Əgər yerli tələbat güclənsə, Naxçıvan Avtomobil Zavodu istehsal gücünü ildə 15 min avtomobilə qədər yüksəldə bilər”, – Məqsəd Rəhimov əlavə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ və Ikinci Dünya müharibəsi əlillərinə dövlət hesabına maşın verir və bir neçə ildir ki, bu avtomobillər “NAZ-Lifan”dan alınır.

Gəncə Avtomobil Zavodu isə son 3 il ərzində 2 min 959 MTZ traktoru, 925 yük avtomobili, 2 mindən çox asma avadanlıq istehsal edib. Müəssisədən bildirirlər ki, son üç ildə müəssisənin satış həcmi 200 milyon manat civarında olub. Zavodun müştəriləri arasında “Aqrolizinq” də var. Bundan başqa, yenicə Gürcüstanla 7 traktorun alış-satışı üzrə müqavilə bağlanıb.

Gəncə Avtomobil Zavodunda da maşınların şassiləri komplektləşdiricilərin yığılması ilə həyata keçirilir.

“Şassilərin üzərinə quraşdırılan bütün xüsusi avadanlıqlar isə müəssisəmizdə istehsal olunur. Traktorların isə 17 faizlik hissəsi zavodda hazırlanır”, – qurumdan verilən açıqlamada bildirilir.

537 adamın çalışdığı Gəncə Avtomobil Zavodu Belarusun Minsk, RusiyanınÿKama və Ural avtomobil zavodları, Almaniyanın “Haller”, Türkiyənin 5 şirkəti ilə əməkdaşlıq edir: “Hazırda digər müəssisələrlə əməkdaşlıq məsələləri müzakirə edilir”, – açıqlamada deyilir.

Gəncə Avtomobil Zavodunda istehsal olunan məhsulların qiyməti çeşidinə uyğun dəyişir: MTZ markalı traktorlar 20 min – 40 min manat, yük avtomobilləri 35 min – 200 min manat arasındadır.

Əgər yerli tələbat güclənsə, Gəncə Avtomobil Zavodu traktor istehsalını ayda 120 ədəddən 200 ədədə, yük avtomobillərinin buraxılışını isə 30 ədəddən 100-ə qədər yüksəldə bilər.

“Maşınqayırmanın sənayenin aparıcı qolu olması inandırıcı deyil”

natiq-cederli

Iqtisadçı Natiq Cəfərli hesab edir ki, Azərbaycan sənayesində maşınqayırma cüzi yer tutur:

“Yığılan maşın və traktorların həcmi çox azdır, əsasən, ”vintaçan” yığılmasıdır, yəni detallar hazır gəlir, burda yığılır. Bu sahədə dünyada ciddi rəqabət var, ona görə də həcmi və yerli detal istehsalının azlığını nəzərə alsaq, yaxın illərdə bu sahənin aparıcı olması ehtimalı azdır”.

Müsahibimiz vurğulayır ki,ÿAzərbaycanda maşınqayırma sənayesində gözədəyən ÿgöstəricilərə nail olmaq üçün avtomobil hissələrininÿ azı 40-45 faizi ölkədə ÿistehsal edilməli, rəqabətli, keyfiyyətli olmalıdır.

“Sadəcə yığım sexidirlər”

azer mehtiyev

“Azərbaycan markası altında buraxılan avtomobillər yerli istehsal deyil”, – Iqtisadi Təşəbbüslərə Yardım Ictimai Birliyinin sədri Azər Mehtiyev deyir. Onun sözlərinə görə, nə Şamaxıda yığılan “AzSamand”, nə də “NAZ-Lifan”ın hissələri Azərbaycanda istehsal olunmur, başqa ölkələrdən gətirilib yığılır:

“Sadəcə, yığım sexi funksiyasını icra edirlər. Əgər yerli mal alıb xeyri də vətənə vermək istəyiriksə, rəqabət mühiti formalaşdırılmalı və yerli məhsulların satılmasına üstünlük verilməlidir”.

Iqtisadçı bildirir ki, ən müxtəlif xəstəxanalarda, hərbi hissələrdə lazım olan vəsaitlərin yerli istehsal hesabına ödənilməsinə şərait yaradılmalıdır: “Ancaq bu, sağlam rəqabətə söykənməlidir. Xatırlayın, Bakıda məktəb formalarının tikilməsi yalnız bir tikiş fabrikinə tapşırılır. Bu, açıq-aydın qanun pozuntusudur”.

“Tender qaydaları pozula bilər”

Azər Mehtiyev onu da xatırladır ki, ölkədə avtomobil istehsalında rəqabət olmadığı üçün dövlət alqı-satqısı zamanı gözlənməli olan tender qaydaları pozula bilər. Ekspert deyir ki, hökumət məmurlara “yerli maşın al” deməkdənsə, xidməti avtomobillərin qiymətində limit tətbiq etməlidir:

“Hökumətin başlıca qayğısı büdcə pullarını qənaətlə istifadə etmək və alternativ seçim zamanı yerli məhsula üstünlük vermək olmalıdır”.