“Azadlıq”ın ötən saylarında “Müdhiş gəmi oğurluğu ilə bağlı yeni faktlar” başlıqlı yazı dərc edilib. Həmin yazıda hüquqşünas Əyyub Kərim müdafiəçisi olduğu Qəmbər Səfərov adlı vətəndaşa məxsus gəminin oğurlanmasından bəhs edir. Hüquqşünas müdafiə etdiyi şəxsə istinadən bu məsələdə Dövlət Dəniz Administrasiyasını suçlayıb.
Adıçəkilən qurum isə redaksiyamıza ünvanladığı məktubda deyilənləri əsassız olduğunu bəyan edir: “Səfərov Qənbər Səfər oğlunun təqdim etdiyi məlumatlar əsasında yerləşdirilmiş material ilə əlaqədar bildiririk ki, təqdim edilmiş məlumatlar böhtan, heç bir hüquqi faktlara əsaslanmayan, qərəzli və işgüzar nüfuzu ləkələyən məlumatlardır.
Belə ki, Q.Səfərovla “Mərdəkan Broyler” ASC arasında “Yunıy Moryak” gəmisi (hazırkı adı “Ramin”) ilə əlaqədar mübahisə 2003-cü ildən etibarən davam edir. Bu mübahisə adıçəkilən gəminin alqı-satqısı həyata keçirilərkən Q.Səfərovun şəxsən tanıdığı “Mərdəkan Broyler” ASC-nin keçmiş sədri Aydın Əhmədovla aralarında olan pul mübahisəsinə əsaslanır və Dövlət Dəniz Administrasiyasının bu pul barəsində olan mübahisəyə heç bir aidiyyatı yoxdur. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının 6 fevral 2006-cı ildə yaradılması faktı isə 2003-cü ildə başlamış mübahisənin Dövlət Dəniz Administrasiyasına aidiyyətini birbaşa inkarının sübutudur.
Məqalədə göstərildiyi kimi həqiqətən də Bakı Apelyasiya Məhkəməsinin 2(103)-529/2013 nömrəli mülki iş üzrə 27 noyabr 2013-cü il tarixli qətnaməsinin 2-ci bəndində “Yunıy Moryak” gəmisinin (hazırkı adı “Ramin”) cavabdeh “Mərdəkan Broyler” ASC-dən alınaraq iddiaçı Q. Səfərova verilməsi və Q.Səfərovun adına “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin və “Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ haqqında şəhadətnamə”nin verilməsi, eyni zamanda 3-cü bənddə Q.Səfərovdan mübahisəli gəminin təmiri və bərpasına çəkilmiş xərclərinin əvəzinin ödənilməsi üçün 344.388 (üç yüz qırx dörd min üç yüz səksən səkkiz) manat məbləğində pulun alınaraq “Mərdəkan Broyler” ASC-yə ödənilməsi qət edilmişdir.
Xüsusilə vurğulanmalıdır ki, həmin qətnamənin 4-cü bəndinə əsasən 2-ci və 3-cü bəndlərinin, yəni yuxarıda göstərilən icra hərəkətlərinin eyni zamanda həyata keçirilməli olduğu dəqiq olaraq qət edilmişdir.
Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1884 nömrəli iş üzrə 03 iyun 2014-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda göstərilən 2(103)-529 saylı 27 noyabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Q.Səfərovun hazırda niyyəti icra hərəkətlərinin məhkəmə qətnaməsinin 4-cü bəndinə zidd olaraq həyata keçirilməsinə nail olmaqdır ki, bununla əlaqədar olaraq məhkəmə qərarlarının icrasına məsul olan qurum və Dövlət Dəniz Administrasiyası tərəfindən icra hərəkətlərinin məhkəmə tərəfindən qət edilmiş qaydada eyni zamanda icra olunmalı olduğu, bununla razı olmadığı təqdirdə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək hüququ Administrasiyanın rəis müavinləri və Aparat rəhbəri tərəfindən dəfələrlə ona izah edilmiş, icra prosedurunun dəyişdirilməsinin Dövlət Dəniz Administrasiyasının səlahiyyətləri çərçivəsində olmadığı bildirilmişdir”.