“Qara polkovnik”in oğlu ilə bağlı istintaq getmir

qara-polkovnikKamandar Nəsibov: «Onun həbsdə olması doğru deyil. Çünki Adil Hüseynov kredit götürməyib, pulları xərcləməyib»

Azərbaycan Beynəlxalq Bankının Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin keçmiş rəhbəri Adil Hüseynov 8 aya yaxındır həbsdə olsa da, istintaq faktiki olaraq getmir.

Bunu AzadlıqRadiosuna Adil Hüseynovun vəkili Kamandar Nəsibov bildirib.

Vəkil deyir ki, Adil Hüseynov bu müddətdə cəmi iki dəfə dindirilib: “Onun həbsdə olması doğru deyil. Çünki Adil Hüseynov kredit götürməyib, pulları xərcləməyib. Pulları götürən də, xərcləyən də başqa adamlardır”.

Vəkil bildirir ki, müvəkkili pulları kimlərin xərcləməsi ilə bağlı dəlilləri və faktları təqdim etməyə hazır olduğunu, bunun üçün ona şərait yaradılmasını istəyir.

Polis polkovniki, mərhum Fətulla Hüseynovun oğlu olan Adil Hüseynov keçən ilin mayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə ittiham irəli sürülüb. Adil Hüseynov Azərbaycan Beynəlxalq Bankından 319 milyon manat kreditin götürülərək mənimsənilməsində ittiham olunur.