Berlində hakimlər var…

rovshenRövşən Hacıbəyli

Dostlar dünən Facebookda Sunay Akının böyük Mustafa Kamal Atatürklə bağlı “Həyat deyincə” silsiləsindən bir filmini paylaşmışdı. Dönə-dönə baxdım. Keçənlərə qaytardı məni o film. Yurdumun yaxın tarixinə. Yaşadıqlarımıza. Nə var o filmdə? Sadəcə bir epizodu deyim, hər şey aydın olacaq.

“Alman kralı II Fredrik ölkəni gəzib Potsdamdan keçərkən bu yerlər çox xoşuna gəlir, qayıtdıqdan sonra adamlarına deyir ki, həmin yerdə bir sarayı olmasını istəyir. Anındaca kralın adamları həmin yerə gedirlər, baxıb görürlər ki, bu yer sahibsiz deyil, burda bir yel dəyirmanı var. Qapını döyürlər, üstü unlu dəyirmançı çıxır, ona Fredrikin adından gəldiklərini deyirlər:

– Bu yer kralın çox xoşuna gəlib, burda bir saray tikmək istəyir, bu yerin, torpağının pulu nə qədər edir de, artıqlamasıyla verək.

– Satmıram,- deyir dəyirmançı.- Gedin kralınıza deyin ki, satmıram.

– Krala belə sözmü demək olar?

– O sənin dərdindir, satmıram, deyib qapını bağlayır.

Onlar kor-peşman kralın yanına qayıdır və dəyirmançının sözlərini ona çatdırırlar.

– Biz ona bu yerləri kral almaq istəyir dedik, satmıram, – dedi.

Qəzəblənmiş kral “dəyirmançını yanıma gətirin” əmrini verir. Az keçmir dəyirmançını gətirirlər. Kral:

– O yerləri çox bəyəndim, orda bir saray tikmək istəyirəm, ancaq orda dəyirmanın var, nə qədər istəyirsən o yer üçün, sat, aldığın pula ölkənin istənilən yerində özünə yenisini tikərsən,- deyir dəyirmançıya. Dəyirmançı:

– Ora mənə atamdan qalıb, ona da öz atasından, mən dəyirmanı işlədəcəm, satmıram dəyirmanı. Sən kralsan, ölkənin harasında olsa, özünə saray tikə bilərsən, satmıram!..

Dəyirmançının bu sözündən kral daha da qəzəblənir:

– Sən unutma ki, kralla danışırsan…

Dəyirmançı cavabında deyir:

– Siz də unutmayın ki, Berlində hakimlər var… Heç bir güc, heç bir siyasi baxış ədalətdən yuxarıda ola bilməz. Kral olsan belə… unutma ki, Berlində hakimlər var…”

Bunu yazıya köçürəndə belə təsirlənirəm. Yadıma Basin küçəsindəki evlər düşür. Sarayın lap arxasında Qənirə xalanın evi vardı, söküntü gəlib onlara çatsa da razılaşmırdı. Günün birində Qənirə xala evdə olmayan vaxt əşyalarını maşına yığıb bir mənzilə aparıb, sonra da evi uçurtdular.

Onun qonşuluğunda Heydər adlı birinin də evi vardı, ətraf evlərin hamısını sökmüşdülər, ada kimi qalmışdı, gecə-gündüz evdə olurdular ki, fürsətdən yararlanıb sökməsinlər. Sökdülər…

Qəbələnin Küsnət kəndi vardı. Indi yoxdur, orada Ilham Əliyev üçün iqamətgah tikib kənd camaatını köçürdülər. Iki əsrdən artıq yaşayış olan kəndi.

Xutorda bizim də evimiz vardı, razıyam, super şəraiti yoxdu, yolun kənarıydı, səs-küylü, tozluydu, ancaq bizim evimizdi… Günün birində “sənədlərin qaydasında olub-olmadığını dəqiqləşdirmək” adıyla məni bir ünvana göndərdilər, qayıdanda evimizin ekskavatorun cəngində olduğunu gördüm…

Biz o dəyirmançı kimi ola bilmədik, heç kralımız da Fredrik deyil… Nə Berlinimiz, nə də hakimlərimiz var… Heç Strasburq da Berlin ola bilmədi…

Siyasi məhbuslarımız isə çoxdur, onlardan biriylə də tanış olun, köhnə tanışınızla…

Siyasi məhbus Intiqam Əliyev

Intiqam Kamil oğlu Əliyev 30 noyabr 1962-ci_ilə Biləsuvarda anadan olub və elə həmin il də ailəsi ilə birgə Sumqayıta köçüblər. Ailəlidir, bir oğlu, bir qızı var.

1990-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 20 ildən çoxdur ki, vəkillik fəaliyyəti ilə məşğul olur, insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb. Avropa Insan Hüquqları Məhkəməsinə 200-dən çox şikayət ünvanlayıb.

Hüquq müdafiəsi sahəsindəki fəaliyyətinə görə 2013-cü ilin aprelində Çexiyada yerləşən “People in Need” təşkilatının “Homo Homini” mükafatına, 2014-cü ildə “Caucasian Knot” media servisinin “Qafqaz qəhrəmanı” mükafatına, həbsindən sonra Norveç Helsinki Komitəsinin “Saxarov” mükafatına layiq görülüb.

8 avqust 2014-cü ildə həbs olunub. 22 aprel 2015-ci ildə Bakı şəhər Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7,6 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq Amnistiya təşkilatı Intiqam Əliyevi “vicdan məhbusu” olaraq tanıyıb.