Tarix yazanları tanımaq

saadet-cahangir-koseSəadət Cahangir

Hər gün ölkənin dərd-sərindən yazırıq. Elə düşünməyin, sıxıcı şeylərdən yazmağın dəlisiyik. Sadəcə, yaşadığımız həyat şərtləri diktə edir bunu. Içində çapalayıb durduğumuz labirintin qarışıqlığı diktə edir. Insan maraqlı, ürəkaçan, pozitiv, şeylərdən yazmağın xiffətini də çəkir, şübhəsiz. Məsələn, gözəl bir musiqi əsəri, bir film, bir teatr tamaşası, bir kitab və ya o nümunələri yaradan insanlar haqqında. Biz belə yazıları çoxdan yadırğamışıq. Heyf ki, yadırğamışıq. Heyf ki, çoxdan öz ovqatımız da yaşadığımız mühitin bulanıq havasına qarışıb kökdən düşüb. Başqa cür də mümkün deyil. Bu qədər problemin, ağrının, müsibətin içindən hara gizlədə bilərsən ki özünü? Amma bu gün o ənənəvi tərzi pozmağa söz verdim. Axı bu ölkə üçün dəyərli işlər görüb, kölgədə qalan insanlar haqqında yazmaq da elə bizim borcumuzdur…

Nazim müəllimi bir zamanlar rejissor olaraq çalışdığı “Aztelefilm”dən tanıyıram. O yaradıcılıq birliyində ki, N.Rza orada 45-dən artıq sənədli film çəkib. Həm də bu filmlərdən bir çoxunun təkcə rejissoru deyil, ssenari müəllifi və səs ifaçısı olub. Illər öncə oradakı kiçik iş otağında müsahibə də götürmüşəm. Heyranlıq yaradacaq qədər maraqlı və ensiklopedik bilgili insandır. Üç gün əvvəl  Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirilən 75 illik yubileyində səslənən fikirlərdən buna bir daha əmin oldum. Soyuq, qarlı gündə səmimi bir ortamda Nazim müəllimi yaxından tanıyanlar, dostları, tələbələri onunla bağlı elə gözəl şeylər danışdılar ki… Hər kəsin çıxışında da bu önəmli məqam xüsusi vurğulandı – Nazim Rzanı daha çox insanımız tanımalı, onun bu ölkə üçün gördüyü işlərdən daha çox insan xəbər tutmalıdır…

Sənədli filmlər tarixin səs və görüntü yaddaşıdır. Bəzən illərlə arxiv çalışması, araşdırma, axtarış tələb edə bilər. Bu filmlərinə material toplamaq üçün haralara gedib çıxıb Nazim müəllim! Bəlkə də, onun müəllif filmləri üçün gəzdiyi yerlər, ölkələr, mənbələr, təhlükəli nöqtələr haqqında ayrıca bir film çəkmək olar. Onun Azərbaycan neftinin tarixi haqqında çəkdiyi 12 seriyalı “Odlu məmləkət” sənədli filmi, qondarma “erməni soyqırımı” ilə bağlı çəkdiyi film, palçıq vulkanları haqqındakı filmi ölkənin tarixi üçün şedevr nümunələr sayıla bilər. Nazim müəllimin yaradıcı ruhunu və dünyasını hiss etmək üçün onun palçıq vulkanları haqqında çəkdiyi filmə baxmanız lazımdır.

  1. N. Rza bütün filmlərini dövlət sifarişi əsasında çəkib. Amma çoxdandır bu filmlər televiziyada görünmür. Onların yayından qaldırılması haqqında rəsmi göstəriş olmasa da, fakt belədir. Yubiley tədbirindəki çıxışında Dövlət Kino-Foto Sənədləri Arxivinin direktoru Vüqar Tapdıqlı maraqlı bir hadisə danışdı. Dedi ki, “Odlu məmləkət” ilk dəfə nümayiş olunanda Heydər Əliyev zəng vurub, filmi bəyəndiyini bildirib. Amma irad tutub ki, nədən filmə onların gördüyü işlərlə bağlı bir kadr belə salınmayıb. Kim bilir, bəlkə televiziya rəhbərliyi bu iraddan xoflanıb, filmlərin nümayişinə qadağa qoyub?..

Nazim müəllim tarixin adamıdır. O indiyə qədər gördüyü yaradıcılıq işlərinin birində belə tarixə, fakta kölgə salacaq nöqtə buraxmayıb. Nə ssenari müəllifi və rejissoru olduğu filmlərdə, nə də yazdığı qiymətli kitablarda.  Türkiyəli yazar Hüseyn Mümtazın çox sevdiyim və təkrar-təkrar sitat gətirdiyim bir ifadəsi var: “Tarix yazmaq asan deyil, babanızın baqqal dükanındakı vərəsə dəftəri deyil tarixin yazıldığı səhifələr. Dəzgah arxasında qulaq arxasından çıxarılan diyircəkli qələmlə yazılmaz. Tarix hesab ödəyərək yazılar…” Nazim Rza həm də hesab ödəyərək tarix yazan cümhuriyyətçi bir şəxsiyyətin – Mirzə Məhəmməd Axundzadənin nəvəsidir. 1906-cı ildə erməni təcavüzünə qarşı yaradılmış silahlı “Difai” təşkilatının əsas yaradıcılarından biri, böyük maarifçi, Nizami irsinin, teatr tariximizin ilk tədqiqatçısı, maraqlı kitablar müəllifi Axundzadənin. Bu mənada, Nazim müəllim həm də tarix yazan bir nəslin davamçısıdır. Yubiley ilində daha bir tarixi faktlardan qaynaqlanan kitabının nəşr olunacağını deyir. Günümüzdə kitablar bizə çox yalanlar oxudur. Ona görə, tarixi Nazim Rza kimi tarixə sadiq qalan insanların kitablarından oxumaq lazımdır. Həm də onları daha yaxından tanımaq üçün…