Demokartik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.
Toplantıda ölkədə sosial iqtisadi vəziyyətin ağırlaşması qeyd olunub. Vəziyyətin normallaşması istiqamətində hökümətin atdığı addımların kosmetik xarakter daşıması, effektsiz olması, verdiyi bir çox vədlərdən geri durması, ciddi islahatlar aparmaq istəyində və iqtidarında olmadığı vurğulanıb. Koordinasiya Mərkəzinin üzvləri qeyd ediblər ki, hökümət vəziyyətdən çıxış üçün problemin mövcudluğunu etiraf etməli və konkret əməli addımlar atmalıdır.
Koordinasiya Mərkəzinin toplantısında siyasi məhbuslarla bağlı vəziyyət, son zamanlar bəzi ictimai fəalların və bloqçuların həbs edilməsi müzakirə olunub. Qeyd edilib ki, hakimiyyətin anti – xalq siyasətinin ifşasında populyar facebook səhifələrinin və ayrı- ayrı bloqçu gənclərin mühüm rolu hökuməti ciddi narahat edir. Ona görə də son vaxtlar sosial şəbəkə fəallarına qarşı repressiyalar yenidən güclənib. “Ditdili” səhifəsinin keçmiş admini 20 yaşlı gənc Xalid Xanlarov şərlənərək 25 sutka müddətinə həbs edilib. Bundan əvvəl “İsayevin səhifəsi”nin admini Mürsəl İsayev də şərlənərək 7 sutka müddətinə həbs edilmişdi. Hökumətin təzyiqilə “Şedevr” və “İsayevin səhifəsi” bağlanılıb. Bir neçə gün öncə isə Facebook fəalı, Musavat partiyasının üzvü Elvin Paşayev həbs olunub və onun haqqında məhkəmənin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Eyni zamanda vergidən yayınmaqda ittiham olunan “Gündəm- xəbər” qəzetinin baş redaktoru Şirin Cəfəri ilə bağlı Yasamal rayon məhkəməsində keçirilən sonuncu məhkəmə prosesində onun haqqında dövlət ittihamçısı 4 il 6 ay həbs cəzası istəyib.
Koordinasiya Mərkəzinin üzvləri hökumətin internet fəallarına, yazarlara qarşı həyata keçirdiyi repressiyalara etiraz edərək təzyiqlərin dayandırılmasını, həbs edilmiş gənclərin dərhal azad olunmasını tələb ediblər.
Toplantıda Nardaran hadisələri zamanı həbs olunaraq ötən 2 ay müddətində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ilahiyyatçı alim, Milli Şuranın üzvü Taleh Bağırzadənin taleyi ilə bağlı yaranmış qeyri- müəyyənliyin hökm sürməsi müzakirə obyekti olub. Qeyd edilib ki, onun vəkili ilə görüşməsinə, ailə üzvləri ilə əlaqə saxlamasına, sovqat qəbul etməsinə imkan verilməməsi, məhkəmə önünə çıxarılmaması ölkədə hüquqi nihilizmin hökm sürməsinə, hakimiyyətin öz vətəndaşına qarşı qisasçılıq zəminində münasibət göstərməsinə daha bir subutdur. Taleh Bağırzadəyə olan bu münasibət etirafedici ifadələrin alınması üçün ona qarşı işgəncələrin verilməsinə dair yayılan məlumatların həm də təsdiqidir. Toplantıda ilahiyyatçı alimin fundemental hüquqlarınnı qorunması üçün hakimiyyətdən konkret addımların atılması tələb olunub.



