Hökumət mətbuata necə qayğı göstərir?

dunya-metbuatiYaxud büdcəni doldurmaq üçün qəzet kağızına «elçi» düşənlər

Hökumətin mətbuata “dəstəyi” davam edir. Uzun müzakirələrdən sonra qərara gəliblər ki, boşalan büdcəni həm də mətbuatın hesabına doldurmaq olar. Ümumiyyətlə, hökumətimiz hesab edir ki, ölkədən oğurlanmış milyardların yerini cərimələri artırmaqla, vətəndaşın ölkədən aparmaq istədiyi vəsaitdən 20 faiz tutmaqla doldurmaq olar.

Hansıki, dəfələrlə geniş yazılar yazmışıq və büdcəni doldurmaq üçün hardan yapışmaq olduğunu göstərmişik. Bəli, hökumət büdcədən kənarda qalan milyardları büdcəyə yönəltmək əvəzinə, iynəylə gor qazmaq taktikasına keçib. Belə ki, müəyyən müddət aradan sonra yenidən – yanvarın 1-dən ölkəyə gətirilən çap məhsullarına, o sıradan qəzet kağızına əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir. Hökumət bunu Vergilər Məcəlləsinə son dəyişikliklərdən sonra ƏDV-nin ləğvini nəzərdə tutan maddənin qüvvədən düşməsi ilə izah edir. Beləliklə, ölkəyə gətirilən qəzet kağızının üzərinə əlavə olaraq, 18 faiz vergi qoyulacaq.

Yəni hökumətin analoqsuz inkişafı o qədər dözümsüz oldu ki, qəzet kağızına möhtac qaldı? Dövlət xəstəxanalarında 1 həftədə yığılan vəsait, kağızdan tutulacaq 18 faizlik verginin 5 illik gəlirindən çoxdur. Bəs, “jurnalistlərin dostu” olan prezident niyə pulun fontan vurduğu məkanları deyil, yarımcan mətbuatı hədəf seçib?

Azərbaycanda gündəlik çıxan qəzetlər o qədər də çox deyil.  Gəlin, təqribi bir hesablama aparaq. 1 qəzetin çəkisini 50 qramdan hesablasaq və həmin qəzetin gündəlik tirajını 5000-dən götürsək (Azərbyacanda günədlik 5000 tirajla çıxan qəzet barmaq sayı qədər də deyil) bu, 250 kiloqram edir. 250 kiloqramı aya vuranda isə 7500 kiloqram kağız edir. Kağızın 1 tonunun qiymətini 1000 dolardan hesablasaq, bu, bir qəzetin aylıq kağız tələbatının 7500 dolllar olduğunu göstərir. Bu rəqəmin 18 faizi isə 1350 dollar edir. Deməli, analoqsuz hökumətimizin kağız islahatından bir qəzetin aylıq ödənişi 1350 dollar olacaq. Bir daha qeyd edirik ki, Azərbaycanda gündəlik nəşr olunan qəzetlər çox deyil və tirajları da azdır. Biz ən yüksək nümunəyə istinad etdik.

Bəli, hökumətimiz bütün sahələrdəki maliyyə yeyintilərini, büdcədən yayınmaları kənarda qoyub mətbuatdan yapışdı. Guya, yaranmış böhranın qarşısını qəzet kağızından gələn qəpik-quruşla alacaqlar. Məmur avtomobillərini ləğv etsələr, daha çox qənaət olunmazmı? Qanunla pulsuz olsa da, əməliyyatlardan, analizlərdən, dərman satışından əldə olunan pul büdcəyə transfert edilsə daha böyük məbləğ alınmazmı?  Dubaydakı 7 villadan biri satılsa, kağızdan gələn 100 illik vergidən daha böyük məbləğ əldə alınar.

Dövləti əlavə dəyərlərdən məhrum edib, bütün bəşəri dəyərlərə xəyanət edib, ardınca qəzet kağızına əlavə dəyər tətbiq etmək, yalnız bizim hökumətimiz üçün “çıxış yolu” ola bilər.