Bakı Apellyasiya Məhkəməsində general Məhərrəm Əliyevin qohumu İsa Əzizovla bağlı proses keçirilib. Məhkəmə İ.Əzizov barəsində seçilmiş 30 sutka inzibati həbs cəzasının dəyişdirilməsi barədə vəsatətə baxıb.
Virtualaz.org xəbər verir ki, hakimin “törətdiyiniz əmələ görə özünüzü təqsirli bilirsinizmi?” sualına İ.Əzizov “bəli” cavab verib. O, yanacaqdoldurma məntəqəsinin işçisini döyərkən içkili olduğunu deyib və bildirib: “Gərək o da məni başa düşəydi”.
İ.Əzizov deyib ki, İqtisad Universitetində oxuduğu üçün barəsində çıxarılan 30 sutkalıq inzibati həbs qərarının dəyişdirilməsini xahiş edir.
Hakim İ.Əzizovun barəsində anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, o, 1992-ci ildə Şərur rayonunda anadan olub. Bakıxanov qəsəbəsində yaşayır.Əvvəllər quldurluq cinayəti törətdiyi üçün həbs olunub. Barəsində 3 il 6 ay həbs cəzası çıxarılıb. Lakin cəmi 3 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.
Hakim müşavirədən sonra qərarı elan edib və İ.Əzizovun barəsində çıxarılmış inzibati həbs qərarını qüvvədə saxlayıb.