Kimdir müqəssir?!

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Yapçılar manatın bir ildə iki dəfə “ölməsini”, ölkənin gəlirlərinin kəskin azalmasını, hər yeri ixtisar dalğalarının bürüməsini, işsizlər ordusunun sıralarının günbəgün artmasını “qlobal iqtisadi böhranla” izah edirlər, hər şeyi elə qələmə verirlər ki, guya vəziyyətin bu yerə gəlib çatmasında onların zərrəcə məsuliyyətləri yoxdur. Əlbəttə, belə nağıllara artıq toplumun böyük bir kəsimi inanmır, hamı yaxşı başa düşür ki, Azərbaycanın düşdüyü məşəqqətli sosial-iqtisadi durumun əsas səbəbi illərdən bəridir neft pullarının təyinatsız şəkildə xərclənməsi, iri korrupsiya layihələrinə yönəldilərək mənimsənilməsi, xalqın sərvəti ilə şəxsi malı kimi rəftar edilməsidir.

Elə təzəlikcə SOCAR-ın hansısa idarəsinin rəis müavininin adına Türkiyənin təkcə bir şəhərində 16 villa alındığına dair yayılan xəbəri götürək. Villaların ümumi dəyəri 20 milyon dollar imiş! Indi mən müəllimlərə “150-200 manata maaş azlıq edirsə, dərsdən sonra gedin fəhləlik eləyin” deyən deputatdan soruşuram: bəs bu yekəlikdə korrupsiya faktı ilə bağlı niyə susur? Böhran başlayandan sonra camaata hər şeyi hökumətdən gözləməməyi, kəndə qayıdıb soğan əkib dolanmağı məsləhət görən başqa bir deputatın səsi niyə gəlmir? Yenə danışsınlar də! Izah etsinlər görək, təkcə bir idarə rəisinin müavininin arvadı 20 milyon dollara 16 villa ala bilərsə, onda ölkənin düşdüyü bu çətin vəziyyəti sadəcə, qlobal iqtisadi böhranla əsaslandırmaq nə qədər vicdanlı, nə qədər ədalətlidir? Izah etsinlər görək, əgər bu ölkədə ən ölüvay məmur belə, ayda 700-800 manat maaş aldığı halda 3-4 milyon manatlıq villalarda oturur, 100-150 min manatlıq “inomarka”larda şütüyürsə, siz hansı haqla və hansı üzlə bu gün üzləşdiyimiz ağır situasiyaya görə bütün suçu, günahı “qlobal iqtisadi böhranın” üzərinə ata bilərsiniz?!

Bir zavodun tikilmədiyi rayonlarda dəyəri milyon manatlarla ölçülən, əksəriyyətinin qapısından indi iri qıfılların asıldığı olimpiya-idman kompleksləri tikməklə məşğul olanda, bir fabrikin inşa edilmədiyi rayonlarda dəyəri milyon manatlarla ölçülən və “şəxsiyyətə pərəstiş”i yayğınlaşdırmaqdan başqa heç bir funksionallığı olmayan Heydər Əliyev mərkəzləri, muzeyləri inşa edəndə axırı elə belə də olmalı idi. Təkcə neft pullarının ölkəyə sel kimi axdığı 10 ildə necə nəhəng iqtisadi infrastruktur yaratmaq olardı! Amma həmin pullar tamamilə gərəksiz, əhəmiyyətsiz, yeganə məqsədi şəxsi cibişdanları doldurmaq olan layihələrə xərcləndi. O layihələrə ki, indi onların heç biri büdcəyə qara qəpik də xeyir gətirmir. Nəticədə elə bir vəziyyət yarandı ki, bir ölkənin və xalqın taleyi neftdən asılı duruma düşdü. Ən asan yolu seçib – təbiətin bu millətə lütfü olan nefti satıb-sovurmaq hesabına saxta dəbdəbə yaradıb bundan təbliğat şouları düzəltdilər, analoqsuz inkişaf nağılları uydurdular, “regionun lider dövləti” yalanları baş alıb getdi.

Və indi – həm neftin hasilatı azaldığı, həm də dünya bazarında qiyməti öldüyü bu günlərdə o saxta təntənə də məntiqəuyğun şəkildə, ağıllı, vicdanlı adamların çoxdan gözlədiyi, proqnozlaşdırdığı kimi, sürətlə qeyb olur, sabun köpüyü kimi dağılıb gedir, bunlar isə “qlobal iqtisadi böhran”ı ittiham edirlər. Və elə bilirlər bununla öz çullarını sudan quru çıxarmağı bacaracaqlar. Boş söhbətdir. Artıq ağlı başında olan hər kəs görür, bilir, dərk və qəbul edir ki, yaranmış vəziyyətin əsas baiskarı ölkədəki 22 illik yalan və talan düzənidir. Bu sadə həqiqəti inkar etməkdə artıq yaltaqlıq aparatınız – heç bir xüsusi istedad və intellekt, bacarıq sahibi olmadıqları halda kimisinin cibinə saxta deputat mandatı dürtərək, kimisinin yaxasından dürlü-dürlü orden-medallar asaraq, kimisini prezident təqaüdü ilə, kimisini mənzillə tovlayaraq başa çəkdiyiniz adamlar çox acizdirlər. Boş yerə özünüzü yormayın.