Gəncənin icra başçısı vədinə niyə əməl etmir?

gence-qapiNahib Hüseynovun prezidentə məktubundan: «Icra başçısı şəhid ailəsini aldadıb»

Gəncə şəhər sakini Nahib Hüseynov dövlət başçısından kömək istəyir. O, bu məqsədlə Ilham Əliyevə ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib. Şikayətçi yazır:

“18 avqust 2015-ci ildə heç bir səbəb göstərilmədən Gəncənin icra başçısının göstərişilə ağır texnikalarla gəlib içindəki avadanlıqlarla birlikdə mağazamı darmadağın etdilər. Bu işlə bağlı bütün dövlət qurumlarına dəfələrlə müraciət etmişəm. Gəncə Şəhər Icra Hakimiyyətinə təzyiq və göstərişlərdən sonra 2015-ci il oktyabrın 27-də mənə zəmanət məktubu verildi. Məktubda qeyd olunurdu ki, mağaza başqa bir yerdə – 120 kvadrat metr torpağın üzərində tikilib içindəki avadanlıqlarla birlikdə tam yararlı vəziyyətdə, həmçinin sənədləri tam qaydasında olmaqla, mənə təhvil veriləcək. Hətta həyət evinin tam sənədləşməsini də təmin edəcəkdilər. Bu öhdəliklərin 31 dekabra qədər başa çatacağı da məktubda qeyd edilmişdi. Lakin bugünədək heç bir iş görülməyib. Bizə cavab verilmir. Bu isə o deməkdir ki, icra başçısı şəhid ailəsini aldadıb.

14 yanvar 2016-cı ildə Prezident Administrasiyasına, Zeynal Nağdəliyevin qəbuluna getdim. Zeynal müəllim olmadığı üçün məni müavinləri qəbul etdi. Onlar bu işin gec-tez həll olunacağını dedilər və tələsirəmsə, məhkəməyə müraciət etməyi məsləhət gördülər.

Dövlət başçısı Ilham Əliyevdən xahiş edirəm, Gəncəyə səfəri zamanı tapdanmış hüquqlarımın bərpası üçün icra başçısı Elmar Vəliyevdən məktubunda vəd etdiyi öhdəliyin tez bir vaxtda yerinə yetirilməsini tələb etsin”.

Sosial şöbə