Elman Rüstəmov: «Dollarla kredit götürənlərə güzəşt maliyyə intizamını poza bilər»
Azərbaycan hakimiyyəti növbəti dəfə əhalini aldatdı. Ikinci devalvasiyadan sonra banklarda kreditləri olan vətəndaşlara müəyyən güzəşt ediləcəyi vədi verilmişdi. Sonradan bu güzəştin yalnız 5000 dollara qədər krediti olanlara tətbiq ediləcəyi deyildi. Amma Mərkəzi Bakının sədriÿElman Rüstəmovun son açıqlaması bu ümidlərin də üstündən xətt çəkdi. E.Rüstəmov deyib ki, “hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər”.
“Hökuməti düşündürən yalnız banklardır”
“Yəqin ki, bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara yardım vasitəsilə necə edək ki, banklar bu işin öhdəsindən gələ bilsinlər. Dövlətin banklara yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik”,- deyə E.Rüstəmov bildirib.
Bundan əvvəl isə spiker Oqtay Əsədov bildirmişdi ki, hökumət hazırda əhaliyə deyil, bankların durumuna ağlamalıdır. Necə olur ki, milli valyutası devalvasiyaya uğrayan digər ölkələr vətəndaşlarının maraqlarını düşünərək, onların kreditləri əvvəlki kurs ilə qaytarmasına şərait yaradır və bunun üçün büdcədən müvafiq məbləği ayırır, amma Azərbaycan bunu edə bilmir. Halbuki dekabrın 21-də baş verən ikinci devalvasiyadan sonra əhalinin narazılığını bir qədər səngitmək üçün on minə qədər olan kreditlərin əvvəlki kursla qaytarılacağı vurğulandı. Amma daha sonra, əvvəldə vurğuladığımız kimi, bu məbləğ 5000-ə qədər azaldıldı. Indi isə hökumət, ümumiyyətlə, bu ideyadan vaz keçdiyini bəyan edir.
“Kapital Bank” 2 dəfə böyüdü
Baş verənlərdə diqqət çəkən daha bir məqam ondan ibarətdir ki, böhran zamanında kommersiya banklarının ciddi təlatüm yaşadığı bir zamanda hakim ailəyə məxsus banklar əksinə, inkişaf dövrünə qədəm qoyur. 2015-ci ilin dekabrın 31-nə “Kapital Bank” ASC-nin cəmi aktivləri 2 milyard 19ÿmilyon 880 min manat təşkil edib. “Marja” Banka istinadən xəbər verir ki, 2014-cü ildə bankın cəmi aktivləri 645 milyon manatdan çox və ya təxminən 49% artıb. 2014-cü ilin sonunda “Kapital Bank”ın aktivləri 1 milyard 375 milyon manat, 2013-cü ilin sonunda isə 1 milyard 54 milyon manat idi. Beləliklə, “Kapital Bank” son 2 ildə təxminən 2 dəfə böyüyüb.
“Kapital Bank”da depozitlər ilk dəfə 1 milyard manatı aşaraq 1 milyard 45 milyon 547 min manata çıxıb. Bu, 2014-cü ilin sonu ilə müqayisədə təxminən 440 milyon manat və ya 72% çoxdur.
Ötən ilin sonunda Bankın cəmi öhdəlikləri 1 milyard 733 milyon manat təşkil edib. 2014-cü ilin sonunda Bankın öhdəlikləri 1 milyard 80 milyon manat idi.
2015-ci ilin sonuna “Kapital Bank”ın cəmi kapitalı 286 milyon 802 min manat, o cümlədən xüsusi kapitalı 271 milyon 130 min manat təşkil edib. 2014-ci ilin sonunda Bankın cəmi kapitalı 294,4 milyon manat idi.ÿBank mənfəət və zərər hesabatını hələlik açıqlamayıb.
Keçən ilin martın 31-nə olan məlumata görə, “Kapital Bank”ın cəmi kapitalı 310,4 milyon manat idi. Cəmi kapital iyun ayında 247,5 milyon manata düşmüşdü.
“Kapital Bank” ASC-nin səhmlərinin 99.87%-i “PAŞA Holdinq”-ə aiddir. Hazırda “Kapital Bank” Azərbaycanda ən böyük xidmət şəbəkəsi olan maliyyə qurumudur.
“Yalan danışıb, dövləti gözən salmayın”
AXCP sədri Əli Kərimli feysbuk səhifəsində məsələyə münasibət bildirib. O, yazır.
Rəqəmlərdən də göründüyü kimi sanki bu bank böhrandan əlahiddə kənarda fəaliyyət göstərir. Əslində, ekspertlərə görə, bu rəqəmlər bir sıra bankların himayəyə götürülməsinin nəticəsi sayıla bilər.
Regionlarda etiraz aksiyaları bir-birini əvəz edəndə bunlar da qorxuya düşüb, əvvəlcə elan etdilər ki, dollarla krediti 10 minə qədər olanlara dövlət kömək edəcək. Etirazlar azalandan sonra elan etdilər ki, 10 yox, amma 5 min dollara qədər krediti olanlar borclarını dolların əvvəlki məzənnəsilə ödəyə biləcəklər. Belə anlaşılır ki, indi qorxu canlarından çıxıb və elan ediblər ki, dollarla krediti olan vətəndaşlara kömək etməyəcəklər, əksinə banklara kömək etməyi düşünürlər. İndiyə qədər isə xalqı sadəcə olaraq aldadıblar.
Yalan danışmaq heç bir insana yaraşmır. Dövlət hakimiyyətini təmsil edən şəxslərə isə yalan danışmaq heç olmaz. Dövlət hakimiyyəti təmsilçilərinin danışdığı hər bir yalan dövlətin özünü nüfuzdan salır. Bizimlə birlikdə dövlət qurmamısınız. Heç olmasa, qurulu dövləti vətəndaşın gözündən salmayın.
“Dövlət vətəndaşları da qorumalıdır”
E.Rüstəmovun gətirdiyi arqumentlərə münasibət bildirən iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, bankların güzəşti yalnız müştərilər üçün deyil, gələcəkdə bankların sabit partnyorlarla işləməsi üçün də vacibdir. Yəni yaranmış vəziyyət və problemli kreditlərin daha da artması heç də bankların xeyrinə deyil: “Ona görə, dövlət bu situasiyada təkcə bankları yox, vətəndaşlarını da qorumalıdır ki, bazar iştirakçılarında işgüzar aktivlik yaransın. Əks halda biz bazarın sönüklüyünü müşahidə etməli olacağıq”.
“Kapital Bank” və Beynəlxalq Bankın sürətlə böyüməsinin arxasında əsasən dövlət strukturlarının əməliyyatları dayandığını deyən M.Talıblı vurğuladı ki, bu tendensiya o cümlədən xarici şirkətlərin, idxal-ixrac əməliyyatları üçün köçürülən pullar, yüksək təminat və zəmanətlə sahibkarlara kreditlərin verilməsi və bu kimi amillərlə bağlıdır: “Beynəlxalq Bank artıq kredit bazar payı da xeyli yüksəkdir. Təxminən 40% civarındadır. Hər iki bankın xaricdən vəsait cəlb etmək imkanları var, digər tərəfdən isə dövlətin himayəsi xüsusilə seçilir. Son bir həftədə isə 2 bank bağlanıb. Bəzi bankların bağlanması sürətləndikcə, Beynəlxalq Bank və ”Kapital Bank”ın bank kapitalını daha sürətlə təmərküzləşdirmək imkanı yaranır. Yaxın dövrün ən xoşagəlməz bank situasiyası hesab olunacaq”.
Xəyal