Azərbaycanda 27 gündə 6 ana ölümü baş verib

Xeste“2016-cı il başlayandan ölkədə 6 ana ölümü qeydə alınıb”.

Bu barədə Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyanın sədri Leyla Rzaquliyeva bildirib. O, qeyd edib ki, ana ölümlərindən 3-ü tam araşdırılıb.

“Digər 3 ana ölümü isə hələ Komissiyadan keçməyib. Anatomik-pataloji nəticələri gözləyirik. Onlardan bir neçəsi mütəmadi nəzarətdə olmayıb. Həkimə gec müraciət ediblər. Digər tərəfdən də lazımsız müalicə alıblar. Problem də inkişaf edəndə kömək etmək mümkün olmur. Amma qadınların, onların ailə üzvlərinin də səhvləri olur”.

Baş pediatr Nəsib Quliyev bildirib ki, 2015-ci ildə Azərbaycanda 22-28 həftə arasında çəkisi 500 qram olan 260 döl dünyaya gəlib. Onlardan 97 körpənin həyatını xilas etmək mümkün olub.

“Əvvəllər hestasiya yaşı 28 həftədən, kütləsi 1000 qramdan az uşaqlar diridoğulmuş hesab edilmirdilər. Hazırda hestasiya yaşı 22 həftə, kütləsi 500 qramdan artıq bütün uşaqlar diridoğulmuş sayılır. Bu uşaqlara tam həcmli tibbi yardım göstərilir. Azərbaycanda vaxtından əvvəl, çox az çəkidə doğulmuş uşaqlara Səhiyyə Nazirliyi daim qayğı göstərir. Bu sahədə genişmiqyaslı, köklü islahatlar aparılır. 7 perinatal mərkəz yaradılıb, tibbi heyətin peşəkarlıq səviyyəsi yüksəldilib”.