Azərbaycan ixracda Gürcüstandan 2 dəfə geri qalır
Biz hakimiyyətin yarıtmaz siyasətindən, iqtisadi siyasətin ölkəni uçuruma apardığından yazanda, qonşu ölkələrlə müqayisəli rəqəmləri ortaya çıxaranda, hökumət təmsilçiləri bizi qərəzdə ittiham edirdi, inkişafa xor baxmaqda suçlayırdı. Amma neftin qiymətdən düşməsi kifayət etdi ki, ölkənin böhran həddində olduğu etiraf edilsin. Indi statistik rəqəmlər daha aydın mənzərə yaradır və bütün saytlar bu statistik rəqəmləri asanlıqla tirajlayır. Və bir daha məlum olur ki, ölkəmizin iqtisadi vəziyyəti qonşu Gürcüstandan da xeyli geri qalır.
2015-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 9,9 mlrd. təşkil edib. 2015-ci ildə Gürcüstanın ixracının 12%-ni (271 mln. dollar) mis konsentratları, 9%-ni (95 mln. dollar) ferroərintilər, 8%-ni (180 mln. dollar) avtomobillər tutub. Gürcüstanın ən çox idxal etdiyi mallar isə dərman (10% və ya 754 mln. dollar) və neft məhsullarıdır (9% və ya 657 mln. dollar).
Qeyd edək ki, 2015-ci ildə Azərbaycanın ticarət əməliyyatlarının həcmi 20 milyard 645 milyon 880.20 min ABŞ dolları təşkil etmişdir. Ötən il Azərbaycanın idxalı 9 milyard 221 milyon 402.86 min ABŞ dolları (2014-cü ilə nisbətən 0.36 % artmışdır), ixracı isə 11 milyard 424 milyon 477.34 min ABŞ dolları (2014-cü ilə nisbətən 47.66 % azalmışdır) olub. Azərbaycanın dövlət sektorunun ixracı 10,08 milyard dollar, özəl sektorun ixracı 1,12 milyard dollar, fiziki şəxslərin ixracı 223 milyon dollar təşkil edib. Gürcüstanın ixracı 2,2 mlrd. dollar olduğu halda, Azərbaycanın özəl sektorunun ixracı bundan 2 dəfə az -1,12 mlrd. dollar olub.
Göründüyü kimi Azərbaycanın neftsiz ixracı Gürcüstanın ixracından 2 dəfə geri qalır. Bəli, Cənubi Qafqazın ÜDM-nin 80 faizini təşkil edən Azərbaycanın ixracı qonşu Gürcüstandan 2 dəfə geri qalır. Bəs, hanı hakimiyətin dünyaya nümunə olan modeli, hanı uğurlu iqtisadi strategiyamız? Bəs, hökumət bəyan edirdi ki, Azərbaycanın iqtisadiyyatı ixracyönümlüdür?
Təkcə Gürcüstanla müqayisə sübut edir ki, ölkənin bu vəziyyətə düşməsi neftin qiymətilə bağlı deyil. Əgər uzun illər ərzində qeyri-neft sektoru inkişaf etdirilsəydi, bu gün Azərbaycanın neftsiz ixracı 10 milyardlarla ölçülərdi. Digər tərəfdən neftin qiymətdən düşməsi heç bir neft ölkəsini Azərbaycanın vəziyyətinə salmayıb. Nə Küveytdə, nə Iraqda, nə Səudiyyə Ərəbistanında, nə Norveçdə nə də digər ölkələrdə milli valyuta 130 faiz devalvasiyaya məruz qalmayıb. Azərbaycan hakimiyyətinin uğurlu iqtisadi siyasəti nəticəsində ölkəmiz heç bir sərvəti olmayan Gürcüstandan 2 dəfə geri qalır.
Əgər milyardlar ölkədən oğurlanmasaydı, ölkə bir qrup adamın şəxsi təsərrüfatına çevrilməsəydi, vəzifəlilər milyarder olmaq yarışına girməsəydi, vəziyyət bu həddə çatmazdı.
Beləliklə, regionun lider dövləti ixraca görə Gürcüstandan, iqtisadi artıma, orta aylıq əməkhaqqının miqdarına görə Ermənistandan geri qalır. “Dünya bizə paxıllıq edir”, “Bəlkə bir az yavaşlayaq”, “Sürətli inkişafda bizə çatan yoxdur” kimi ağ yalanlarla uzun illər xalqı aldatdılar. Indi hökumət izahat versin ki, analoqsuz ölkənin neftsiz ixracı niyə 1.12 milyard dollardı. Dünyada heç bir hökumət ölkənin potensialını bu qədər məhv edə bilməzdi, amma YAP hakimiyyəti bunu bacardı.
Akif