Bütün sahələrdə olduğu kimi, bu sahədə də monopoliya hökm sürür
Ötən il Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, 1-ci yeri “Paşa Sığorta” şirkəti tutub. Azərbaycan Sığortaçılar Assosiasiyasından verilən məlumata görə, şirkət 64,8 milyon manat sığorta haqqı toplayıb. Sonrakı yerlərdə qərarlaşmış “Paşa Həyat Sığorta”nın yığımları 54,5 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 43,5 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk 5-liyi “Azərsığorta” (41,4 milyon manat) və “Atəşgah Həyat Sığorta” (39,1 milyon manat) şirkətləri tamamlayırlar. Ümumilikdə bazarın 55%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 243 milyon manat) düşür.
Ümumilikdə 27 sığorta şirkətindən 1-də sığorta haqlarının məbləği 60 milyon manatdan çox, 1-də 50 milyon manatdan çox, 2 şirkətdə 40 milyon manatdan çox, 2 şirkətdə 30 milyon manatdan çox, 1 şirkətdə 20 milyon manatdan çox, 9 şirkətdə 10 milyon manatdan çox, 6 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 1 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 4 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 8-də sığorta haqlarının artımı, 19-da isə azalması baş verib.
Sığorta ödənişlərinin məbləğinə görə də 1-ci yerdə “PAŞA Sığorta” şirkətidir – 29,9 milyon manat. Sonrakı yerləri tutmuş “Atəşgah Həyat Sığorta”nın ödənişləri 18,2 milyon manat, “Qala Həyat Sığorta”nın ödənişləri isə 17,6 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “PAŞA Həyat Sığorta” (16,3 milyon manat) və “Azərsığorta” (13,2 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 98 milyon manat) düşür.
Heç kimə sirr deyil ki, bu ölkdə bütün sahələr iri məmurların inhisarındadır. Ən böyük şadlıq sarayları, ən böyük əyləncə mərkəzləri, ən böyük banklar, ən böyük holdinqlər vəzifəli şəxslərə məxsusdur. Hətta ölkəyə gətirilən kartofdan tutmuş, banana qədər bütün məhsulların monopolistləri var. Təbii ki, sığorta şirkətləri də bu realıqdan kənarda qala bilməzdi və qalmayıb. Yuxarıdakı məlumatdan gördüyünüz kimi 19 sığorta şirkəti zərərlə işləyib, tənəzzül həddindədir. Toplanmış sığorta haqlarının məbləğinə görə “Paşa Sığorta”, “Paşa Həyat Səğorta” və bu qəbildən olan digər sığorta şirkətləridir. Bu şirkətlərin kimlərə məxsus olduğu sirr deyil və şirkətlərin adından da görünür. Bəli, sığorta yığımlarının 55 faizi məhz inhisarçı şirkətlərin payına düşür. Digər sığorta şirkətləri isə havada qalıb. Çünki, səlahiyyət kimdədirsə, sığorta bazarında ağalığı da onlar edir.
Bank sektorunu bir əldə cəmləşdirib, necə məhv etdilərsə, sığorta sistemini də tənəzzül həddinə çatdırıblar. Bəli, bankların əmanət kredit portfelinin 60 faiz bir bankda toplandığı kimi, sığorta şirkətlərinin əsas yığımı da məlum şirkətlərdə toplanılır.
Göründüyü kimi heç bir sahə hökumət komandasının gözündən yayınmayıb və bütün sahələr eyni adamlar tərfindən nəzarətə götürülüb.
Nəticə isə göz qabağındadır. Iqtisadiyyat neftdən asılı vəziyyətdə, sahibkarlıq məhv edilib, turizm sektoru iflicdi, bankların etimad limiti bitib, xarici borc 10 milyardlarla ölçülür və ölkə idxaldan asılı vəziyyətdədir.
Yəni, hökumətin “hamısı mənim olmalıdır” xisləti ölkəni tənəzzül həddinə çatdırıb. Sığorta sektorunu hansı vəziyyətə salıblarsa, ölkə əhalisi də eyni vəziyyətdədir.
Ölkənin qarış-qarış, hissə-hissə tənəzzül həddinə gətirdilər. Acgözlük, harınlıq, bazar təfəkkürü ölkəni məhv etdi. Indi nə vətəndaşın, nə də dövlətin sığortası var. Əsas sığorta şirkətlərini əlində birləşdirənlər, ölkəni sığortasız vəziyyətə salanlardı.
Akif