Ölkədəki bahalaşmada müstəqil ekspertləri günahlandıran Samir Şərifova tutarlı cavablar gəldi…
Maliyyə naziri Samir Şərifov ölkədə hökm sürən bahalıqdan danışarkən bunun “səbəbkar”larından da bəhs edib. Məlum olub ki, nazir bahalaşmanın əsas günahkarlarından biri kimi müstəqil ekspertləri görür. Maraqlıdır, Samir Şərifovun hədəfə aldığı iqtisadçı ekspertlər, görəsən, nazirin bu açıqlaması barədə nə deyir?
“Ekspertlər həqiqəti deyir, qarşı tərəf nəticə çıxarmır”
Iqtisadçı-ekspert Nemət Əliyev ilk növbədə 2015-ci ilin dövlət büdcəsi qəbul edilərkən neftin büdcə qiymətinin 90 dollardan götürüldüyünü yada salır. Ekspert qeyd edir ki, hələ o zaman bunun yanlış olduğunu dəfələrlə hökumətə çatdırıblar. Hadisələrin sonrakı gedişi də ekspertlərin dediklərini təsdiqləyib: “Nəticədə dövlətin büdcəsi 16 faiz – 3 milyard manatdan çox kəsirlə başa gəldi. Bunun günahını ekspertlərdə axtarmaqla deyil ki?! Günah Maliyyə Nazirliyinin büdcənin hazırlanmasında iştirak edən mütəxəssislərindədir. Maliyyə Nazirliyindən fərqli olaraq ekspertlər baş verən hadisələrə real qiymət verirlər. Ekspertlər konkret istiqamətlər üzrə xərclənməsi nəzərdə tutulan maliyyə vəsaitlərinin təyinatından yayındırıldığını deyir. Burdan nəticə çıxarıb maxinasiyaların qarşısını almaq əvəzinə, ekspertlərin üzərinə gəlmək nə dərəcədə doğrudur? Yaxud, ekspertlər ölkədə sahibkarların talanmasından danışır, rüşvətxorluq, monopoliya və korrupsiyanın baş alıb getdiyini deyir. Gərək elə dövlət başçısı deyəndən sonra maliyyə naziri buna inansın?!”
Nemət Əliyev onu da qeyd edir ki, müvafiq dövlət strukturları, o cümlədən Maliyyə Nazirliyi mütləq ekspertlərin dedikləri ətrafında araşdırma aparmalı, həmin halların qarşısı alınmalı idi: “Ekspertlər həqiqəti deyirlər, fəqət qarşı tərəf nəticə çıxarıb tədbir görmür. Sonra problemin hamısı yığılıb fəlakət həddinə çatır. Zamanında nəticə çıxarmırlar, sonra da məsuliyyətdən yayınaraq ekspertlərin üzərinə gedirlər”.
Ekspert yada salır ki, 2016-cı ilin dövlət büdcəsi qəbul ediləndə neftin dünya bazarında qiyməti 40 dollar idi. Lakin büdcədə onu 50 dollardan hesabladılar: “Məsələyə reallıqdan uzaq, gerçək sənədlərdən uzaq yanaşmaq olmaz. Milli valyutanın bu günə qoyulmasında ekspertlərin nə günahı vardı?! Mütəxəssislərə əslində, ”sağ ol” düşür ki, layiq olmadıqları yerdə oturan məmurlarla müqayisədə daha düzgün dəyərləndirmələr ediblər və verdikləri proqnozlar da həmişə düz çıxıb”.
“Problem hökumətin ictimaiyyətə doğru məlumatları verməməsindədir”
Başqa bir iqtisadçı-ekspert Məhəmməd Talıblı deyir ki, cəmiyyətin doğru sözə ehtiyacı var, əsassız yalanlara yox: “Insanlar yalançı ümidlərlə yaşamaq, hər şeyin yaxşı olması haqda inkişaf nağılları söyləyən məmurları yox, doğru sözə cəsarəti olan obyektiv, qərəzsiz açıqlamalar eşitmək istəyir. Əslində, vətəndaşlar öz seçimini doğru edib. Samir Şərifov belə bir vəziyyətdə öz həmkarlarını, ölkənin iqtisadi xətti qurum rəhbərlərini ictimai rəyi formalaşdıra bilmədikləri üçün qınamalıydı. Barmaqla sayılası bir neçə nəfər iqtisadçı isə ölkədə ictimai rəyi müəyyənləşdirir, vətəndaşlara istiqamət verirlər. Burada obyektiv yanaşma daha çox rol oynayıb. Iqtisadçı-ekspertlər mövsümi şəxs olmayıblar və devalvasiya olanda meydana çıxmayıblar. Onlar öz fikir və mülahizələriylə mütəmadi olaraq iqtisadi həyatda rol oynayıblar. Sadəcə, cəmiyyət həmin şəxslərin rəylərini daha obyektiv qiymətləndirib. Hökumət bu qədər imkanı olduğu halda bunu etmirsə, deməli, rəsmi qurumlar yaxşı işləmir və cəmiyyət ekspertlərin rəyinə daha çox inanmaqda haqlıdır. Problem hökumətin ictimaiyyətlə daha az işləməsi, vətəndaşlara faydalı, doğru məlumatları verməməsindədir. Bu isə hökumətin uğursuzluğu kimi qeyd olunmalıdır”.
“Nazirin yanaşması məntiqli düşüncəyə uyğun gəlmir”
Digər iqtisadçı-ekspert Qadir Ibrahimli deyir ki, maliyyə nazirini son açıqlamasına qədər peşəkar maliyyəçi, bütün qüsurlarıyla bərabər, müəyyən qərarlar və yanaşmalar ortaya qoya biləcək bir kadr hesab edirdi: “Amma onun ölkədəki bahalaşmayla əlaqədar müstəqil ekspertləri hədəfə alması mənim üçün də qaranlıqdır. Maliyyə Nazirliyinin nəzarətində olan Beynəlxalq Bankdan 6 milyardı bəlkə müstəqil ekspertlər mənimsəyib?! Ölkənin real sektorunun ölməsi, hər iki devalvasiya qərarı da bəlkə ekspertlərin işidir?! Nazirin yanaşması məntiqli düşüncəyə uyğun gəlmir. Təəssüf ki, böhran dövründə ölkənin maliyyə sektoruna Samir Şərifov kimi bir kadr rəhbərlik edir”.
Nigar