Hüquq müdafiəçisi Ali Məhkəmədə iştirakdan imtina etdi
Cavad Cavadov: “İntiqam Əliyev hüquq müdafiəçisi kimi fəaliyyətinə görə cəzalandırılıb“
Ali Məhkəmədə tanınmış hüquq müdafiəçisi, vicdan məhbusu İntiqam Əliyevin işi üzrə məhkəmə prosesi başlayıb. Bu işə Gülzar Rzayevanın sədrliyilə Fərhad Kərimov və İmran Hacıqayıbovdan ibarət hakimlər heyəti baxır.
Məhkəmə iclasında İntiqam Əliyev özü iştirak etməyib. Vəkili Cavad Cavadov hüquq müdafiəçisinin öz istəyilə məhkəmə prosesinə qatılmadığını bildirib: “İntiqam Əliyevin səhhətində müəyyən problemler var. Onun üçün bura gəlmək əlavə əziyyətdir. Həm də xahiş elədi nəzərinizə çatdırım ki, məhkəmədən gözləntisi olmadığına görə prosesdə iştirak etmək istəmir“.
Daha sonra Cavad Cavadov çıxış edərək, İntiqam Əliyevə qarşı ittihamların heç bir hüquqi əsasının olmadığını, bu iş üzrə istər ibtidai istintaq, istərsə də birinci və apellyasiya instansiya məhkəmələrindəki proseslərin çoxsaylı qanun pozuntuları ilə keçirildiyini vurğulayıb. Vəkil qeyd edib ki, müdafiə tərəfinin onlarla vəsatəti təmin olunmayıb, təqdim etdiyi sübutlar heç bir əsas olmadan rədd edilib.
İntiqam Əliyevin şəxsi keyfiyyətləri haqda danışan vəkil bildirib ki, o, ölkədə yüzlərlə insanın pozulmuş hüquqlarının bərpasına yardım edib. Bu, ölkə daxilində mümkün olmadıqda həmin işlər üzrə şikayətləri Avropa Məhkəməsinə göndərib: “İntiqam Əliyev Avropa Məhkəməsinə göndərilmiş 300-dən çox şikayət üzrə ərizəçilərin hüquqlarını müdafiə edib. Bunlardan 50-yə yaxını uğurla nəticələnib və hüquqları pozulmuş vətəndaşların xeyrinə qərar çıxarılıb. Həmin qərarların 10-u İntiqam Əliyev həbsdə olduğu dövrdə çıxarılıb. İnsan haqlarının müdafiəsi sahəsində prinsipial mövqeyinə görə dəfələrlə təltif olunub.
İntiqam Əliyevin həbsi və məhkum edilməsi hüquq müdafiəçisi kimi fəaliyyətinə görə onu cəzalandırmaqdır“.
Hüquq müdafiəçilərinə basqılar
2014-cü ilin yayında Azərbaycanda insan haqlarının müdafiəsilə məşğul olan şəxslərə qarşı basqıların başlandığını və bu basqıların da siyasi məqsəd daşıdığını deyən vəkil yada salıb ki, İntiqam Əliyev də məhz həmin vaxt həbs olunub: “İntiqam Əliyev avqustun 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb dindirildi və elə həmin gün rəhbərlik etdiyi Hüquq Maarifçilik Cəmiyyətinin ofisində, yaşadığı evdə axtarış aparıldı. Ofisdəki axtarış zamanı prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozuldu, oradakı sənədlər topa şəklində götürüldü. Halbuki, qanuna görə, axtarış zamanı götürülən hər bir sənəd, əşya barədə ayrı–ayrılıqda məlumatlar protokolda əksini tapmalıdır. Bu qanunsuzluq sonradan İntiqam Əliyevin öz müdafiəsini qurmasına maneə yaratdı. İntiqam Əliyev barədə hökmə guya, onu tənqid etmək məqsədilə absurd fikirlər daxil edilmişdi və hakim hökmü elan edərkən onları oxudu – məcburi köçkünlərin işlərilə bağlı Avropa Məhkəməsinə müraciət etməyib, cəbhə bölgələrində resurs mərkəzləri açmayıb. Bunu hökm elan olunarkən orada iştirak edən jurnalistlər də eşitdi və yazdı. Sonradan hökm yazılı şəkildə bizə veriləndə gördük ki, o fikirləri çıxarıblar. Bu da onu göstərirdi ki, İntiqam Əliyevə qarşı nəinki qərəz, hətta siyasi sifariş olduğunu məhkəmə gizlətməyib“.
Vəkil qeyd edib ki, istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsi zamanı iş materiallarındakı ödəniş tapşırıqlarındakı (Beynəlxalq Bankdakı hesabdan vəsaitin “Unibank“a köçürülməsi barədə) ona məxsus olduğu iddia edilən imzalarla bağlı xətşünaslıq ekspertizasının keçirilməsini istəyib, lakin bu barədə vəsatətlər təmin olunmayıb: “Həmin imzalar İntiqam Əliyevə məxsus deyil. Bu barədə Varşavada keçirilmiş ekspertizanın da rəyi var. Amma təəssüf ki, bizim məhkəmələr nə özləri ekspertiza keçirir, nə də başqa ekspertlərin rəylərini qəbul edir“.
Cavad Cavadovun sözlərinə görə, İntiqam Əliyevə qeydiyyatdan keçməyən qrant müqavilələrinə görə qanunsuz sahibkarlıq ittihamı verilsə də, həmin müqavilələrin hamısı əslində, qeydiyyatdan keçmişdi: “Qrant müqavilələrin qeydiyyatı ilə bağlı siyahı Ədliyyə Nazirliyinin saytında vardı. QHT–lərə basqılar başlayanda nazirlik o məlumatları saytdan sildi. Amma biz “google” vasitəsilə axtarıb o siyahını tapdıq, Gürcüstanda notarial qaydada təsdiqlətdirib məhkəməyə təqdim etdik. Sübut etdik ki, həmin müqavilələrin hamısı qeydiyyatdan keçib. Lakin təəssüf ki, məhkəmə “naməlum notariusda təsdiqlənib” bəhanəsilə bu sübutu qəbul etməkdən imtina etdi“.
Avropa Məhkəməsi İntiqam Əliyev haqda qərarını açıqlayacaq
Məhkəmə kollegiyasına daxil olan hakimlərdən İmran Hacıqayıbov qrant müqavilələrin təsdiqi ilə bağlı sənədin niyə Azərbaycanda yox, Gürcüstanda notarial qaydada təsdiqlənməsi barədə suala Cavad Cavadov belə cavab verdi: “Azərbaycandakı notariuslar “qrant“, “Ədliyyə Nazirliyi” sözlərini görən kimi imtina etdilər. Bəlkə də təsdiqləsəydilər, onların özlərinə problem yarana bilərdi. Çünki notariuslar Ədliyyə Nazirliyinin tabeliyində olan qurumlardır. Üstəlik, biz məhkəmədə dedik ki, heç notariusa da ehtiyac yoxdur, özünüz də “google“da axtarış verib, tapa bilərsiniz“.
Müvəkkili barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyən Cavad Cavadovun sözlərinə görə, İntiqam Əliyevin həbsi, ona münasibətdə Avropa Konvensiyasının 5-ci (azadliq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudlaşdırmalardan istifadənin hədləri) maddələrinin pozulması ilə bağlı Avropa Məhkəməsinə göndərilmiş şikayətlər üzrə artıq kommunikasiya mərhələsi başa çatıb, yaxın vaxtlarda Avropa Məhkəməsinin qərarı elan olunacaq.
Məhkəmə prosesinə sədrlik edən hakim Gülzar Rzayeva bildirib ki, iş üzrə əlavə sənədlərin öyrənilməsi zərurəti yarandığından məhkəmə prosesi fevralın 24-nə qədər təxirə salınıb.
Xatırladaq ki, İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui–istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin yerli və beynəlxalq ictimaiyyət onun siyasi sifarişlə həbs olunduğu qənaətindədir. “Amnesty İnternational” beynəlxalq hüquq–müdafiə təşkilatı onu “vicdan məhbusu” elan edib.
Aytən Məmmədova