Türkiyədə Osmanlı zamanından qalan gözəl bir deyim var -“haram yeyən harami olar”. Bu deyimin maraqlı bir tarixçəsi var. Bir ara Fatih Sultan Mehmedin atası Sultan II Murada vacib pul lazım olur. Padşah Çandarlı Halil Paşadan xeyli borc alır. Bunu bilən Fazlullah Paşa Sultan Murada belə bir təklif edir: “Sultanım, padşahlara xəzinə gərək, icazə versəniz, xəzinə toplaya bilərik”. Padşah təəccüblənir və xəzinəyə gəlirin hardan toplanacağını soruşur. Paşa cavab verir: “Bu vilayət camaatının malı və pulu çoxdur. Padşahlar üçün arada bir yolunu tapıb onlardan mal-pul yığmaq qəbahət olmaz”. Padşah Paşanın bu təklifinə çox heyrətlənir: “Hay Fazlullah! Bu söz nə sözdür, bu fikir nə fikirdir! Belə bir şeyi necə söylər, necə təklif edərsən?.. Bizim əsgərimiz qazi əsgərlərdir. Bunlara halal gərək. Bir padşah ki, əsgərə haram loğma yedirər, o əsgər artıq harami (quldur) olar. Haraminin isə dayanıqlığı olmaz. Bir kiçik müqavimətlə qarşılaşsa, həmən fərarilik edər. Bundan sonra nəticənin nə olacağı da məlumdur…”
Bax, biz indi həmin o haramilik dövrünü yaşayırıq. Ölkənin taleyi həvalə olunmuş hökumət təmsilçilərinin səsi uzaq-uzaq ölkələrdən, vilayətlərdən, məmləkətlərdən gəlir. Həm də necə gəlir! Mal-mülk alan kim, adaya sahib olan kim, hesablara milyardlar yatıran kim. Adımız dünyayla bir olub. Bütün məşhur dünya qəzetləri bizim başda oturanların hoqqalarından yazır. Illərdir ortalıqda ölkənin adıyla bağlı qalın-qalın dosyelər dolaşır. Dosyelərdə adı yer alan adamların üstündə nə qara əməl desən var – rüşvət, korrupsiya, oğurluq, saxtakarlıq, yalan… Xülasə, bu ölkənin xəzinəsi talan olub gedir, sadə insanların cibindən və haqqından oğurlanan milyardların sorağı çox uzaqlardan gəlir. Ölkə insanı isə yoxsulluq girdabında batır. Işsizlik boğaza dirənib, bahalıq cibləri yandırır, getdikcə güzəranı ağırlaşan ailələrin durumu ürək parçalayır. Amma ölkənin xəzinəsini dədə malı kimi paylaşanların insafında o zülm çəkənlərə güzəşt yeri yoxdur. Deyərdim, zərrə qədər belə yoxdur. Bu adamlar bu ölkəyə koloniya, insanlara isə öz kölələri kimi baxırlar. Özünüz illərdir bunu görmürsünüz məgər?..
Bu dəfə sensasiyalı xəbərlə Türkiyədən gəlib. Sənədli, şəkilli, sübutlu qovluqlarla. Xəbəri oxumusunuz artıq. Söhbət “SOCAR”da idarə rəisinin müavini vəzifəsində çalışan Qiymət Mehdiyevin həyat yoldaşının Türkiyənin Bodrum şəhərində aldığı 20 milyon dollarlıq villalardan gedir. Dar gününü fikirləşən adammış, əlinin babat gətirən vaxtı “kupçalı”-filanlı 16 villanı alıb atıb başının altına. Həyat yoldaşını da qanuni mülk sahibi edib ki, açar etibarlı və əmin əldə olsun. Ölkənin belə böhranlı, ağır, batan günündə adi bir məmurun “sandığından” çıxan 20 milyonluq varidata qarşı deyəcəyim sözlər bu ola bilər ancaq – haramınız olsun! Haramiliklə yığılmış o milyonlar haramdır zatən. O milyonlar körpə balası Iran xəstəxanalarında ölüb qalan, təhsil haqqını ödəyə bilmədiyi üçün Türkiyə universitetlərindən yığışıb geri qayıdan, xarici ölkələrdə oxumaq arzusunu qatlayıb ümidlərinin üstünə düşmüş ağır bir daşın altına qoyan gənclərin oğurlanmış haqqıdır. O milyonlarda bu məmləkət insanının göz yaşı, ah-naləsi, fəryadı var. Bu qədər günahı, haramı, oğurluğu üstünüzə yığıb rahat yaşayacağınızımı sanırsınız? Siz nə düşünürsünüz-düşünün, amma bir gün hesab dönür. Həm də elə pis dönür ki, bütün haram yeyilənlər irin qan olub adamın burnundan tökülür. O gün bu ölkənin xəzinəsini boş, insanlarını səfil qoyanların hamısı üçün var. Bu ölkədən və bizim haqqımızdan oğurlanan nə varsa, hamısı haramınız olsun!